Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbəyə ilk dəfə təbii qaz verilib.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.
Bu qəsəbələrdə qaz olmadığından evlər ancaq elektrik sobaları ilə qızdırılırdı.
Ötən ilin dekabrın 22-də həmin qəsəbələrdə məskunlaşan məcburi köçkünlər elektrik enerjisinin kəsilməsinə görə etiraz aksiyası keçirmişdilər. Onlar deyirdilər ki, qəsəbədə qaz olmadığından elektrik enerjisinin kəsilməsi də acınacaqlı durum yaradır.
Buna da bax-Deputat: 'Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb'
Aksiyadan sonra elektrik enerjisinin verilməsində yaranan fasilələr aradan qaldırılmışdı. Ancaq bunun ardınca - dekabrın 23-də etirazlarda iştirak edənlərdən Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Alməmmədov saxlanmışdı. Onlara hakimiyyət nümayəndəsinə müqavimət göstərməyə, iğtişaşlar törətməyə, başqasının əmlakına qəsdən ziyan vurmağa görə ittiham irəli sürülüb.
Dekabrın 24-də isə digər qəsəbə sakinləri Ülvi Quliyev və İlkin İsgəndərov eyni ittihamla həbs edilib. Saxlanan şəxslər barəsində məhkəməyə qədər həbs qərarı verilib.