Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:51

Sahibkar: 'Döymədiyim qapı qalmayıb'


Sumqayıtda «Karvan» ticarət mərkəzində yanğın olub
Gözlə

No media source currently available

0:00 0:03:04 0:00

Sumqayıtda «Karvan» ticarət mərkəzində yanğın olub

«İki evim, bir də bağ sahəm məhkəmənin qərarı ilə bank tərəfindən əlimdən alınıb. Məni elə müflisləşdiriblər ki, qaldığım evin kirayəsini də ödəyə bilmirəm, ev sahibi çölə atır. 3 il əvvəl yanmış əmlakıma görə dəymiş zərər vaxtında ödənilsəydi, dilənçi gününə qalmazdım. Arxasında məmurlar dayanan iri sahibkarlar mənim kimi kiçik sahibkarları hop eləyib udur bu ölkədə. Bədbəxt edirlər xırda sahibkarları, yaşamağı belə onlara çox görürlər bu ölkədə...».

«HAMI BİR-BİRİNİN QAPISINI DÖYÜR»

3 il əvvələdək ticarətlə məşğul olan Ziyafət Həşimovun dediyinə görə, malı-madarı-əmlakı – nəyi varsa, əlindən çıxıb. O, «Qaynar xətt»ə danışır ki, vaxtilə «Karvan» Ticarət Mərkəzində üç mağaza icarələyib, Türkiyədən, Çindən gödəkcə, ayaqqabı gətirib satırmış. Ancaq 2013-cü ilin oktyabrında ticarət mərkəzindəki yanğından sonra başqa sahibkarlar kimi onun da mağazalara yığdığı malları külə dönüb. Deyir, gödəkcələrlə, ayaqqabılarla bərabər həyatı da tüstülənib: «Ticarətçinin bütün işləri girovla, kreditlə başa gəlir. Mən də əmlaklarımı girov qoyub pul götürüb üç mağaza saxlayırdım. Hər ay Çinə, Türkiyəyə gedib mal alıb gətirib satırdım. 240 min manat zərərə düşmüşəm. O mağazalardan öhdəmdə olan şəhid ailəsinə, dolanışığı pis olan bir neçə qohum ailələrə çörək gedirdi. Mağaza yandı, illərdir kompensasiya üçün döymədiyim qapı qalmadı. Hamı bir-birinin qapısına ötürür, o deyir, «get filankəsdən tələb et», bu deyir, «get filan idarəyə müraciət elə»...».

«Karvan» Ticarət Mərkəzinin direktoru Kamil Əhədov «Qaynar xətt»ə bildirib ki, 3 il əvvəl yanan mallar sahibləri tərəfindən sığortalanmadığından kompensasiya ödənilməyib.

«KOMPENSASİYA ÖDƏNİLMƏLİYDİ»

Hüquqşünas Vaqif Alıyevin sözlərinə görə, tərəflər arasında müqavilə varsa və müqavilədə ticarət mərkəzi sahibinin təhlükəsizliklə bağlı öhdəliyi olubsa, ticarətçilərə kompensasiya ödənilməliydi: «Yanğından zərər çəkənlər məhkəməyə müraciət etməliydilər. Görünən odur ki, iddia müddəti ötüb. İlk növbədə iddia müddətini bərpa etməyə çalışmaq, ardınca məhkəməyə müraciət etmək lazımdır. Çünki qeyd olunduğu kimi, hələ hadisə zamanı Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi də yanğına səbəb kimi ticarət mərkəzi rəhbərliyinin müəyyən qaydalara əməl etməməsini göstərib».

2013-cü il oktyabrın 19-da Sumqayıtdakı «Karvan» Ticarət Mərkəzində yanğın olub. Nəticədə mağazalara və mallara ciddi ziyan dəyib. İcarədarlar 4 ildir ki, yanğında onlara dəyən zərərin qarşılığını ala bilmədiklərini deyirlər. Həmin yanğına görə 3 il əvvəl binanın inzibatçısı həbs olunub. Bu yaxınlarda Ali Məhkəmənin qərarı ilə o da azadlığa buraxılıb.

Sahibkarsa deyir, qeyri-iş günləri bitdikdən sonra ticarət mərkəzinin rəhbərliyinə sonuncu dəfə kompensasiya tələbi ilə müraciət edəcək. «Bu dəfə də «yox» cavabı alsam, mənə özümü yandırmaqdan başqa çarə buraxmayacaqlar», – o bildirib.

XS
SM
MD
LG