Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:39

Ekspert: 'Dövlət büdcəsi sağmal inək deyil'


Əli Əhmədov
Əli Əhmədov

VI Beynəlxalq Hökumət Rabitəsi Forumu, əhalinin qidalanmasının beynəlxalq tələblərə cavab verməməsi və büdcə vəsaitlərinin talanması bu gün medianın aparıcı mövzusudur...

BAŞ NAZİRİN MÜAVİNİ NƏDƏN DANIŞIB

«Azərbaycan» qəzeti Şarca əmrliyində keçirilən VI Beynəlxalq Hökumət Rabitəsi Forumunda Azərbaycanın iştirakını dəyərləndirir.

Yazıda baş nazirin müavini Əli Əhmədovun tədbirə fəxri qonaq qismində qatıldığı bildirilir.

Müəllif yazır ki, Forumu Birləşmiş Ərəb Əmirliyinin Şarca əmiri Sultan bin Muhammad Al-Qasimi açıb. Tədbirin beynəlxalq əhəmiyyəti, müzakirə edilən məsələlərin vacibliyi haqda danışıb.

Ə.Əhmədov isə çıxışında qeyd edib ki, Forum müasir dünyanın üzləşdiyi qlobal problemlərlə mübarizəyə həsr olunub. Onun deməsinə görə, dünyadakı aclıq, yoxsulluq, xəstəliklər, qeyri-bərabərlik, ekoloji tarazlığın pozulması, müharibə və terror kimi problemlər dövlətləri BMT-nin 2030-cu ilədək olan «Dayanıqlı İnkişaf Məqsədləri» proqramı ətrafında birləşməyə vadar edir.

Ə.Əhmədov BMT-nin bu təşəbbüsünü Azərbaycan hökumətinin dəstəklədiyini bildirib: «Qürurla deyə bilərəm ki, Azərbaycan artıq dünyanın sürətlə inkişaf edən və yeniləşən dövlətlərindən biri kimi tanınır. Son 12 ildə ölkə iqtisadiyyatı 3 dəfədən çox artıb. İqtisadiyyata 200 milyard dollara yaxın sərmayə qoyulub, nəhəng infrastruktur layihələri həyata keçirilib».

Baş nazirin müavini deyib ki, bu müddətdə 1.5 milyondan çox yeni iş yerləri yaradılıb. Əmək haqları 3 dəfədən çox artıb. Son 12 ildə yoxsulluq 50 faizdən 5 faizə endirilib. Savadsızlıq problemi birdəfəlik həll edilib.

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

YOXSULLUQ

Azadliq.info «Acqarına yaşayan əhali» sərlövhəli məqalədə iqtisadçı-ekspert Vahid Məhərrəmovun düşüncələrinə yer verib.

V.Məhərrəmov qəzetə deyib ki, Azərbaycan əhalisi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi gündəlik və illik qida normasından xeyli az ərzaq istehlak edir.

Ekspert hesab edir ki, xüsusən yüksəkkalorili məhsulların istehlakı müəyyən olunmuş normadan xeyli aşağıdır: «İllik adambaşına ət və ət məhsulları üzrə istehlak norması 84 kiloqram olduğu halda, ölkə əhalisi cəmi 33 kiloqram ət qəbul edir. Süd və süd məhsulları norması 360 kiloqram müəyyən olunub. Ancaq il ərzində 248 kiloqram süd və süd məhsulları istehlak edilir. Balıq və balıq məhsulları üzrə norma 20 kiloqramdır. Azərbaycanda ildə adambaşına cəmi 6 kiloqram balıq düşür. Yumurta norması 280 ədəd müəyyənləşib. Halbuki, adambaşına 155 ədəd yumurta düşür».

V.Məhərrəmov deyib ki, Azərbaycanda adambaşına orta hesabla 2242 kilokalori düşür: «Gürcüstanda bu göstərici 2249, Ukraynada 2727, Belarusda 3007, Qazaxıstanda 3095 kilokaloridir».

V.Məhərrəmovun deməsinə görə, Azərbaycan bu siyahıda MDB ölkələrindən yalnız Tacikistanı geridə qoyur.

Ekspert hesab edir ki, bu, həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməməsindən xəbər verir.

Sağmal inək. Karikatura
Sağmal inək. Karikatura

DÖVLƏT BÜDCƏSİNİN «SİLİNMƏSİ»

«Exo» qəzetində «Azərbaycanda kütləvi «mərmərləşdirmə» büdcə pullarının silinməsi deməkdir» sərlövhəli məqalə oxumaq olar.

Müəllif paytaxtın bəzi parklarında yerə döşənmiş sürüşkən mərmər plitələrə diqqət çəkir. Yazıda vurğulanır ki, bu mərmərlər qarda-buzda təkcə sağlamlığa ziyan vurmur, elə büdcəyə də ağır yükdür.

Ekspert Nəriman Ağayev mövzu ilə bağlı qəzetə bunları deyib: «Avropada qədimi bordyurların qorunduğu çoxsaylı şəhərlər var. Baxmayaraq ki, onlar bir neçə 100 il öncə qoyulublar. Amma çox yaxşı vəziyyətdədir. Azərbaycanda isə əks proses baş verir. 2-3 il öncə qoyulan mərmər və ya qranit bordyurlar artıq bu gün təmirə ehtiyac hiss edir».

N.Ağayev deyib ki, bütün bunlar da dövlət büdcəsinin dağıdılmasına yol açır: «Dövlət büdcəsi sağmal inək deyil. Odur ki, Hesablama Palatası bu məsələni öz nəzarətinə götürməlidir. Çünki söhbət dövlət vəsaitlərinin dağıdılmasından gedir».

Ekspert deyib ki, mərmər bordyurların tez-tez dəyişdirilməsi və təmiri dövlətə iqtisadi baxımdan milyonlarla ziyan vurur.

N.Ağayev hesab edir ki, bu kütləvi «mərmərləşdirmə»dən qazanan məmurlar məsuliyyətə cəlb edilməlidirlər: «Burada söhbət büdcə pullarının silinməsindən gedir . Ümumiyyətlə, dövlət büdcəsinin idarə edilməsi sistemində qayda yaratmağın vaxtı çoxdan çatıb».

XS
SM
MD
LG