Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:47

Depressiya 18 faiz artıb – son 10 ildə


Depressiya
Depressiya

Depressiya dünyada xəstəliklərin və əlilliyin aparıcı səbəbidir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 30-da bildirib ki, dünyada 300 milyondan çox insan depressiyadan əziyyət çəkir. Bu barədə «Reuters» xəbər agentliyi yazır. http://www.reuters.com/article/us-health-depression-idUSKBN1711BT

2005-ci ildən bəri depressiya halları 18 faizdən çox artıb. Amma zehni sağlamlığın gərəkən dəstəyi almaması, üstəgəl stereotiplər əndişəsi xəstələrin çoxunun müalicə olunmadığını, sonucda sağlam və məhsuldar yaşaya bilmədiyini göstərir.

«GƏL DANIŞAQ»

«Bu yeni rəqəmlər bütün ölkələrə bir çağırış zəngi olmalıdır. Onlar zehni sağlamlığa yanaşmalarına yenidən baxmalı, ona lazımi diqqəti ayırmalıdırlar», – ÜST-nin baş direktoru Margaret Chan qurumun Cenevrədəki qərargahında bildirib.

Hazırda ÜST «Depressiya: Gəl danışaq» adlı kampaniya aparır. Məqsəd stereotiplərlə və yanlış qavrayışlarla mübarizədir.

«Depressiyada olan fərdin inandığı şəxslə danışması çox vaxt müalicə və özünəgəlmə yönündə ilk addımdır», – ÜST-nin zehni sağlamlıq departamentinin direktoru Shekhar Saxena söyləyir.

Zehni xəstəlik olan depressiya daimi kədər, gündəlik fəaliyyətə marağın, iş qabiliyyətinin itməsiylə xarakterizə olunur. Dünyada 322 milyon insan hazırda depressiyadan əziyyət çəkir.

XƏSTƏLİKLƏR

Depressiya bir neçə böyük xəstəlik və pozuntuya da yol açır. Narkomaniya, intihar davranışı, diabet və ürək xəstəlikləri də bu sıradadır və onlar dünyada ölüm səbəbləri içində öndə gedirlər.

ÜST bir çox ölkələrdə zehni pozuntuları olan insanlara dəstəyin az olmasından, ya da heç olmamasından narahatdır. Varlı ölkələrdə depressiyada olanların təxminən yarısı müalicə olunur.

Hökumətlər səhiyyə büdcələrinin ortalama 3 faizini zehni sağlamlığa xərcləyirlər. Kasıb ölkələrdə bu göstərici 1 faizdən də aşağı, varlı ölkələrdə isə 5 faizdir.

«Depressiyanı və onu necə müalicə etməyi daha yaxşı anlamaq… yalnız başlanğıcdır. Bundan sonra hamıya, hətta ucqarlarda yaşayan əhaliyə belə əlçatımlı olan zehni tibb xidmətlərinin davamlı artırılması gəlir», – Saxena belə deyir.

XS
SM
MD
LG