Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:40

'Əhalinin aztəminatlı hissəsi kəmərləri bir az da sıxmalı olacaq'


Ələt limanı
Ələt limanı

Ələt Bakı Beynəlxalq Dəniz Ticarət Limanının perspektivi, Milli Şuranın mitinqində iştirak edənlərə təzyiqlər, qiymətlərin bahalaşmaqda davam etməsi və tikintisi yarımçıq qalmış çoxmərtəbəli binalar bu gün medianın aparıcı mövzusudur...

XƏZƏRİN ƏN BÖYÜK DƏNİZ LİMANI

«Azərbaycan» qəzetində «Xəzərdə ən böyük beynəlxalq ticarət limanı Ələtdədir» sərlövhəli yazıda tikilməkdə olan bu dəniz limanın yükdaşıma imkanları dəyərləndirilir.

Yazıda bildirilir ki, Azərbaycan Xəzər sahilində yerləşdiyindən, dəniz nəqliyyatından istifadə etmək imkanlarına malikdir. Tikilməkdə olan Ələt Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da Azərbaycana böyük imkanlar vəd edir.

Müəllif yazır ki, bu, Xəzərdə ən böyük ticarət limanı olacaq. Tam istifadəyə verildikdən sonra il ərzində milyon tonlarla yükün Şərqdən Qərbə və Şimaldan Cənuba daşınmasına imkan yaradacaq.

Yazıda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətini çatdırmaqdan ötrü prezident İlham Əliyevdən də sitat gətirilir: «Bu limanın yükdaşıma qabiliyyəti 25 milyon ton və 1 milyon konteyner olacaq. Yəni, Ələt Ticarət Limanı Xəzər dənizində ən böyük limandır. Biz bu limanın tikintisi ilə, eyni zamanda, Xəzər dənizində əməkdaşlığı daha da genişləndirəcəyik».

Müəllifin gəldiyi nəticəyə görə, Ələt limanı tam tikilib istifadəyə verildikdən sonra ölkə iqtisadiyyatına xidmət edəcək qeyri-neft sektorunun inkişafına böyük töhfələr verəcək.

8 aprel mitinqi
8 aprel mitinqi

AKSİYADA İŞTİRAKA GÖRƏ TƏQİBLƏR VAR?

Musavat.com saytında «Milli Şuranın mitinqlərində iştirak edənlərə qarşı təqib və təzyiqlərə start verildi - sensasion məlumat» sərlövhəli yazıya yer verilib.

Yazıda bildirilir ki, Milli Şuranın aprelin 8-də keçirdiyi aksiyaya qatılan insanların nəzarətə götürüldüyü ilə bağlı məlumatlar alıblar.

Həmin məlumatlara görə, Milli Şuranın mitinqində iştirak edənlərin foto və video görüntüləri əsasında ən kəskin addımlardan ibarət bir cəza paketi hazırlanır: «Milli Şuranın 8 aprel tarixli mitinqlərində iştirak edənlərə qarşı təqib və təzyiq prosesinə start verilib. Belə ki, mitinqdə iştirak edən kontingent polis və xüsusi xidmət orqanları tərəfindən video, foto görüntülərə alınıb».

Müəllifin yazdığına görə, hazırda həmin video-foto görüntülər əsasında xüsusi yaradılmış qrup gərgin iş aparılır, iştirakçıların şəxsiyyəti bir-bir müəyyənləşdirilir və onların hər birinə uyğun cəza tədbirləri hazırlanır: «Burada tələbələrin universitetlərdən qovulmasından tutmuş, kiçik biznes adamlarının əllərindən obyektlərinin alınması və büdcə təşkilatında çalışanların işdən çıxarılmasına qədər, ən kəskin addımlardan ibarət bir cəza paketi hazırlanır».

Müəllifin dəyərləndirməsinə görə, bütün bunlarda məqsəd əhalidə qorxu hissini gücləndirmək və onları müxalifətin kütləvi aksiyalarından çəkindirməkdir.

Yazıda rəsmi qurumlardan bu iddialara münasibət alınmayıb.

Bazar
Bazar

QİYMƏTLƏR QALXMAQDA DAVAM EDİR

«Novoye Vremya» qəzetində isə «Qiymət artımı məmurları nə zaman «narahat» edəcək?» sualına cavab axtarılır.

Yazıda bildirilir ki, indi insanlar mağazalarda hər həftə, hər gün qiymət artımının şahidi olurlar. Artıq bahalaşma rəsmi statistik rəqəmlərdə də etiraf olunur: «Bu ilin fevral ayı ilə müqayisədə mart ayında istehlak malları və xidmət tarifləri 1.6, ərzaq məhsulları 3.1, qeyri-ərzaq və pullu xidmətlər 0.6 faiz bahalaşıb».

Yazıda vurğulanır ki, 2016-cı ilin analoji dövrü ilə müqayisədə isə istehlak malları və xidmət tarifləri 13.2 faiz artıb. Ərzaq məhsullarının qiyməti isə 17 faiz yüksəlib.

Yazıda daha sonra ayrı-ayrı ərzaq mallarının bahalanması ilə bağlı bir sıra rəqəmlər sadalanır: «Əhalinin xərclərinin əsas hissəsini təşkil edən ərzaq mallarının bahalanması ən anlaşılmaz və müəyyən mənada qorxulu hadisədir. Bu o deməkdir ki, əhalinin aztəminatlı hissəsi «kəmərləri» bir az da sıxmalıdır».

Müəllif xatırladır ki, artıq manatın məzənnəsində sabitlik yaranıb. Ancaq qiymət artımı qarşısı alınmaz proses kimi davam etməkdədir: «Bunu Azərbaycan iqtisadiyyatının paradoksu saymaq olarmı? Mümkündür, çünki qiymətlər bahalaşdıqda, bunu manatın məzənnəsinin enməsi ilə izah edirdilər. Ancaq indi görürük ki, məsələ bunda deyil».

Müəllif hesab edir ki, qiymətlərin bahalaşmasına keçən il qazın və elektrikin tarifinin artması da təsir göstərir. Üstəlik, ölkədə inhisarlarla mübarizə də yetərli səviyyədə deyil: «Kimsə qiymət artımından, iqtisadi böhrandan əziyyət çəkirsə, inhisar bununla daha da varlanır».

Yazıda bildirilir ki, bu proses, hələ ki, inhisarçı məmurları qane edir.

Tikinti
Tikinti

YARIMÇIQ BİNALAR, EVSİZ VƏTƏNDAŞLAR

«Exo» qəzeti «Azərbaycanda binaların tikintisi onlayn izlənsinmi?» sərlövhəli məqalədə paytaxtda bir çox binaların inşasının yarımçıq qalmasının səbəbləri ekspertlərlə dəyərləndirilir.

Müəllif yazır ki, bu yarımçıq binalar 2000-ci illərin əvvəllərində Bakını bürümüş «tikinti bumu»ndan böhran dövrünə qalan tikililərdir.

Ekspert Rəşad Əliyev də qəzetə deyib ki, Bakıda yarımçıq qalan çoxmərtəbəli binalar çoxdur: «Belə də olur ki, təməl qoyulur, sahibkar tikintini iki ildən də tez başa vuracaqları vədi verir. Ancaq reallıqda isə tikinti deyiləndən iki dəfə də çox davam edir. Səbəblər isə müxtəlifdir. Hüquqi məsələlər, keyfiyyətin normalara cavab verməməsi, sənədlərdəki problemlər, tikinti sahibinin maliyyə problemləri və sairə».

Ekspert bildirib ki, bəzi hallarda tikinti şirkəti vətəndaşlardan pulu yığıb, ancaq mənzil verməyiblər.

R.Əliyev hesab edir ki, tikinti 4-6 ay «donmuş» durumda qalıbsa, bu, artıq problemlərdən xəbər verir.

Başqa bir ekspert Nəriman Ağayev isə deyib ki, hər tikilən 100 çoxmərtəbəli binanın 3-də belə problemlər yaşanır: «İqtisadi böhran, maliyyə problemləri özünü tikinti sahəsində də göstərir. Vətəndaşlar tikintisi davam edən binada mənzil almaq üçün sahibkara pul ödəyirlər. Tikinti qeyri-müəyyən müddətə uzanır, bu zaman hətta vətəndaş pulunu belə, geri ala bilmir».

N.Ağayev deyib ki, hazırda Bakıda tikintisi başa çatmayan 20 belə yarımçıq çoxmərtəbəli bina var.

Ekspertlərə görə, belə məsələlər Nazirlər Kabineti səviyyəsində həll olunmalıdır.

XS
SM
MD
LG