Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:31

‘Təbrik edirik, sizin hava və valyuta xidmətiniz aktiv edildi’


"Nar Mobil"in könüllü olmayan SMS xidmətləri
"Nar Mobil"in könüllü olmayan SMS xidmətləri

“Azərbaycanda mobil operatorlar hər zaman abunəçini tora salıb müxtəlif xidmətlərə qoşublar. Amma son zamanlar bu, lap vüsət halını alıb, elə bil, epidemiyadır”.

Həm “Azercell”, həm də “NAR mobile”ın abunəçisi olan, yerli mobil operatorların fəaliyyətindən narazılıq edən Rafiq Məmmədli AzadlıqRadiosu-na belə söyləyir. Onun sözlərinə görə, mobil operatorlar müştərilərinin “cibinə girərək” oğurluq edirlər və bu qanunsuzluğa əhəmiyyət verən də yoxdur.

“Mən görməmişəm ki, kimsə könüllü hansısa xidmətə qoşulsun”

O bu günlərdə üzləşdiyi problemlə bağlı NAR-ın filiallarından birinə yaxınlaşaraq yardım istəyib və bu zaman tək olmadığını görüb: “Müştəri xidmətlərində yaxınlaşanda görürsən əksəriyyətin şikayəti bu yönümdədir. Çoxu deyir: ‘Xahiş edirəm, filan xidmətdən canımı qurtarın, bu xidməti dayandırın’. Nərimanov filialında məndən başqa da bir nəfər elə bununla bağlı gəlmişdi və xidmətin dayandırılmasını istəyirdilər. Kim fəaldır, gedir xidmətdən çıxarılmasını tələb edir, kimi də diqqətsiz davranır, fərqinə varmır, nəticədə hər gün müştəridən filan qədər pul silirlər. Məcburi xərclərdir. Mən görməmişəm ki, kimsə könüllü hava, ya valyuta kursu haqqında məlumat, ya da ağlagəlməyən xidmətlərlə bağlı müraciət etsin. Avtomatik qoşurlar abunəçini”.

Buna da bax:​ Mobil reklam mesajlarından necə qurtulmalı

Rafiq Məmmədli: "Mobil operatorların adamları tora salması epidemiya halını alıb"
Gözlə

No media source currently available

0:00 0:03:58 0:00
Direct-ə keçid

“Xidmətdən çıxan kimi mesaj gəldi ki...”

Rafiq Məmmədlini təbdən çıxaran başqa şey olub: “İki gün qabaq xidmətdən çıxmağımla yeni bir mesaj gəldi ki, sizi yenidən həmin xidmətə üçgünlük abunə etdik, çıxmaq istəyirsinizsə, filan yerə “stop” yazın göndərin və s. Çıxmaq özü də pulludur, 2-3 qəpikdir. Bunu böyük rəqəmlərə vuranda bəlli olur ki, mobil operatorlar nəylə məşğuldur. Mən yenidən xahiş etdim ki, ‘bəlkə ödəniş edim, təki məni bütün xidmətlərdən birdəfəlik azad edəsiniz’. Cavab gəldi ki, 24 saat içində bunu edəcəklər”.

"Nar Mobil"in SMS xidmətləri
"Nar Mobil"in SMS xidmətləri

Rafiq Məmmədli tək NAR-dan yox, həm də “Azercell”dən narazıdır. O, sonuncunun abunəçisidir və bu mobil operatorla bir neçə dəfə, öz sözüylə desək, “davaya çıxıb”.

“Son vaxtlar mənə tez-tez mesaj gəlir ki, uğurla filan xidmətə qoşuldunuz, çıxmaq istəyirsinizsə, filan yerə SMS göndərin. Axır vaxtlar məcburən qoşduqları xidmətsə 6080-dir. Düzdür, böyük pul deyil, aya 10 qəpikdir. Amma istəmədiyim xidmətə niyə məcbur qoşulmalıyam? Axı, məni niyə zorla harasa qoşursunuz, sonra da oradan çıxmaq üçün məndən pul silirsiniz?”

Buna da bax:​ İnternet dələduzluğu. Mobil operatorlar abunəçiləri necə tələyə salırlar?

“Xəbərim olmadan, az qala, 50 dənə xidmətə qoşmuşdular”

Eldar Əyyubov da “Azercell” müştərisidir və o da “diqqətsizliyindən” eyni problemlərlə üzləşdiyini bildirir.

“Xəbərim olmadan, az qala, 50 dənə xidmətə qoşmuşdular, bir də baxdım ki, balansım yarı da qalmayıb. Məcbur qalıb “Azercell”ə müraciət etdim və məni bir daha hər hansı xidmətə qoşmamalarını xahiş etdim. Şərtim də bu oldu, mən ancaq zəng edəcəm, SMS yollayacam. Sağ olsunlar, ondan sonra asudəçilikdir, ağılları gələn yerə qoşmayıblar. Amma onda ağ eləməsəydilər, bəlkə indi də məni astaca-ustaca talan edirdilər”, – yarızarafat Eldar Əyyubov fikrini bitirir.

Etibar Əhmədov da “Bakcell” istifadəçisidir. O da analoji problemlərlə üzləşdiyini bildirir. Problemlər təkrarlandığından keçək mobil operatorların cavablarına.

Buna da bax:​ 'Azercell' abunəçini necə aldadır: 4G deyib 3G belə vermir

“NAR” rədd edir: “Mütləq surətdə məlumatlandırılırlar”

“NAR mobile”dan AzadlıqRadiosu-na verilən cavabda abunəçinin dedikləri rədd edilib, “müştəri istəmədən” hər hansı xidmətə qoşmadıqlarını bildiriblər. Həmin cavabı olduğu kimi təqdim edirik:

“Müştərilərə məlumat vermədən hər hansı bir xidmətin aktivləşdirilməsinə yol verilmir.

Müştərilər xidmət, imtina şərtləri və qiymətlər haqqında mütləq surətdə məlumatlandırılırlar.

Qeyd edək ki, abunəçi istənilən xidmətdən pulsuz imtina edə bilər.

Hər hansı sual və ya çətinlik yarandıqda, abunəçilər 24/7 rejimində çalışan çağrı mərkəzi və ya sosial şəbəkələrdəki “Nar” səhifələri üzərindən Müştəri xidmətlərinə müraciət edə bilərlər”.

Yeri gəlmişkən “Nar”ın çağrı mərkəzi ilə bağlı müştəri Rafiq Məmmədli bunları dedi:

“Özünüz cəhd edib mobil telefonla pullu 777 çağrı mərkəzinə zəng edin. Havayı vaxt itirib reklam və robot səs yazılarından başqa bir şey eşitməyəcəksiniz. Şəxsən mən o çağrı mərkəzində adi operatora da qoşulub sözümü deyə bilmədim. Ev telefonu ilə şəhər nömrəsinə edilən zəngin taleyi də elə buna oxşar oldu”.

Buna da bax:​ 'Azərbaycanda internet qiymətləri Avropadakından dəfələrlə bahadır'

İndi də gələk “Bakcell”ə. MMC-dən AzadlıqRadiosu-na göndərilən cavabda deyilir ki, ödənişli xidmətlər yalnız abunəçinin özü tərəfindən SMS və yaxud müəyyən İnternet səhifələri vasitəsilə aktivləşdirilə bilər. Yəni bu mobil operator da müştərinin dediklərini yalanlayır:

“’Bakcell’ MMC şirkətinə abunəçidən qeyd olunan məsələ ilə bağlı müraciət daxil olduqda, müvafiq xidmət təchizatçısına (provayderə) dərhal bu barədə məlumat verilir və müvafiq SMS-lərin həmin nömrəyə göndərilməsi dayandırılır. Ödənişli xidmətlər yalnız abunəçinin özü tərəfindən SMS və yaxud müəyyən İnternet səhifələri vasitəsilə aktivləşdirilə bilər”.

O ki qaldı müştərilərin hər hansı xidmətə zorən qoşulması haqda deyilənlərə, “Bakcell” bunu belə izah edir: “Bəzi hallarda müştərilər yeni SİM-kartın və yaxud tarif paketinin hissəsi olan müəyyən xidmətlərə qoşulmuş olurlar, bu isə həmin paketin şərt və qaydalarında qeyd edilir. Buna görə bütün müştərilərə tövsiyə olunur ki, hər hansı məzmun və ya xidmət təchizatçısının xidmət və ya kampaniyasına qoşulmazdan əvvəl (və yaxud iştirakını təsdiq etməzdən qabaq) həmin xidmətin/kampaniyanın şərt və qaydaları ilə diqqətlə tanış olsunlar”.

Buna da bax:​ 'İşlətmədiyim data-kartlara görə borcla yüklənmişəm'

Məktubda müştərinin sualları yarandığı halda abunəçilərə “Bakcell” şirkətinin Məlumat Mərkəzinə müraciət etmələri məsləhət görülür.

Eyyub Hüseynov
Eyyub Hüseynov

Eyyub Hüseynov: “Ardıcıl belə şikayətlər alırıq”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mobil operatorlarla bağlı müştərilərdən “ardıcıl olaraq” onlara şikayət daxil olduğunu bildirir. O bu şikayətlərin ən çox da “Azercell” və “Bakcell”dən olduğunu söyləyir. “Ən çox da “Azercell”dəndir. “Asan imza” tətbiq edirlər guya, “Azercell” nə qədər insanın kodunu, nömrəsini yandırır, bu adamlar da məcbur qalıb yenidən kod almalı olur. Bunu ASAN Xidmətə getməklə öyrənə bilərsiniz. Eləcə də müştərilərə yersiz, lazımsız SMS-lər göndərir, xarici ölkələrə internetə qoşurlar. Biz bununla bağlı dəfələrlə “Azercell” rəhbərliyi qarşısında məsələ qaldırmışıq, ancaq dialoqa girməkdən imtina edirlər. Eləcə də “Bakcell” rəhbərliyi danışıqlardan qaçır”.

Buna da bax:​ 'Rouminqsiz Avropa'ya baxanda Azərbaycandakı tariflər

"Azercell"in 6080 SMS xidmətindən necə yaxa qurtarmaq olar.
"Azercell"in 6080 SMS xidmətindən necə yaxa qurtarmaq olar.

Eyyub Hüseynovun sözlərinə görə, bu durumda çıxış yolu tapmaq da çətinləşir: “Vətəndaş dövlət qurumuna – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edir, ona deyirlər: “məhkəməyə ver”. Bu, biabırçılıqdır. Xidmətin 144 ştatı var, iş görməkdənsə, mübarizə aparmaqdansa deyir ki, məhkəməyə müraciət et”.

Buna da bax:​ Mobil operatorlar arasında fərq

AİB rəhbəri hakimiyyəti, konkret olaraq, dövlət başçısını istehlakçı hüquqlarının qorunmasına diqqət yetirməyə dəvət edir. O, aprelin 18-də Rusiya prezidentinin istehlakçıların hüquqlarını müdafiə edən qurumları qəbul etdiyini və ona bu sahədəki durumun məruzə olunduğunu bildirir: “Bizim prezident bir dəfə də bu sahədə fəaliyyət göstərən insanları qəbul etməyib, ancaq iş adamları ilə görüşüb. Unutmayın ki, dövlət də, biznes də istehlakçıların sayəsində mövcuddur və onların səsini dinləmək gərəkdir”, – Eyyub Hüseynov deyir.

* * *

«Azərcell»-dən cavab

AzadlıqRadiosu aprelin 20-də ‘Təbrik edirik, sizin hava və valyuta xidmətiniz aktiv edildi’ başlıqlı yazı ilə çıxış edib.

Yazıda Azərbaycandakı mobil operatorların, o cümlədən «Azərcell» Telecom MMC-nin işi tənqid edilib. Müştəri Rafiq Məmmədlinin sözlərinə görə, mobil operatorlar, o cümlədən «Azərcell» müştərilərini xəbərdarlıq etmədən müxtəlif xidmətlərə qoşmaqla onların “cibinə girərək” oğurluq edirlər və bu qanunsuzluğa əhəmiyyət verən yoxdur.

AzadlıqRadiosu həmin yazını yaymazdan öncə «Azərcell»-ə müraciət edərək suallar yollayıb. Qurumun aprelin 21-də göndərdiyi cavabda deyilir: “...müvafiq məlumatda əks olunan mülahizələr əsassız, qərəzlidir və ictimaiyyət qarşısında şirkətin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıyır. “Müştərinin cibinə girir”, “oğurluq edir” məzmunlu ifadələr ilə bağlı şərh verilməsini yersiz hesab edirik”.

«Azərcell» nömrədən göstərilməmiş xidmətə görə məbləğ silinməsiylə bağlı “irad və qeydlərin həqiqətə uyğun olmadığını” bəyan edir və belə fakt varsa araşdırılması üçün onlara müraciət olunmasını xahiş edir.

Eyni zamanda, abunəçilərə nömrədən zənglər həyata keçirərkən, SMS sorğular göndərərkən “diqqətli olmağı, müvafiq xidmətdən istifadə qaydaları və tarifləri ilə əvvəlcədən tanış olmağı” tövsiyə edir.

“Azərcell” abunəçiyə xəbərdarlıq edəcəyinə dair öhdəlik götürməyib”

Azercell “istifadə müəyyən həcmə çatdıqda abunəçiyə xəbərdarlıq ediləcəyinə dair öhdəlik götürülmədiyini” də bildirir. Abunəçilərinin balanslarına müxtəlif xidmətlər vasitəsi ilə nəzarət etmək imkanına malik olduqlarını da əlavə edir.

Cavab məktubunda həmçinin deyilir ki, müştərinin şikayət etdiyi “Xəbər ver” xidməti haqqında ətraflı məlumat “Azercell Telekom” MMC-nin rəsmi internet səhifəsində yerləşdirilib və xidmətdən imtina etmək üçün 6080-ə STOP yazmaq kifayətdir, SMS pulsuzdur.

Yeri gəlmişkən, AzadlıqRadiosu İqtisadi İnkişaf nazirliyindən bununla bağlı mövqe öyrənməyə çalışsa da, mümkün olmayıb.

XS
SM
MD
LG