Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:41

Bill Gates uşaqlarına smartfon işlətməyi qadağan edib


"Microsoft" rəhbəri və dünyanın ən varlı insanı Bill Gates uşaqlarına 14 yaşına qədər smartfon işlətməyi qadağan edib. Bir çox IT şirkətlərinin rəhbərləri də onun kimi edir. Onlar elektron cihazların uşaqların sağlamlığına mənfi təsir edəcəyindən ehtiyat edirlər.

Britaniyanın "Mirror" nəşrinə müsahibəsində Gates bildirib ki, onun ailəsində sutkanın müəyyən vaxtında cihazlardan istifadə qadağan edilir. Bu, uşaqların vaxtında yuxuya getməsi üçündür. O öz uşaqlarına 14 yaşına atana qədər elektron cihazlardan istifadəni qadağan etdiyini də deyib.

Bill Gates-in üç övladı var: 20 yaşlı Jennifer, 14 yaşlı Phoebe və 17 yaşlı Rory. Elektron cihazlardan istifadə qadağası onların hər birinə qoyulub. Gates-in sözlərinə görə, o, uşaqlarının smartfonlardan sadəcə faydalı işlər üçün istifadə etməsinə çalışır. Məsələn, ev tapşırıqlarını yerinə yetirmək, yaxud da dostları ilə ünsiyyətdə olmaq üçün.

«Biz masa arxasında yemək yeyəndə mobil telefonlardan istifadə etmirik. Uşaqlarımızın 14 yaşı tamam olana qədər onlara smatrfon verməmişik. Onlar şikayətlənirdilər ki, o biri uşaqların daha erkən yaşda smartfonu olur», - o deyir.

Gates ailə üzvlərinin hansı markalı smartfonlardan istifadə etdiyi barədə danışmayıb. Ancaq 2012-ci ildə onun həyat yoldaşı Melinda uşaqlarına Apple məhsullarından istifadə etməyin qadağan edildiyini demişdi. «Bizim ailəmizin sərvəti "Microsoft"dan gəlib, pulumuzu niyə rəqibə verək ki?», - o demişdi.

Sonradan Bill Gates-in özü də bu sözləri təsdiq edərək uşaqlarının Apple məhsulları tələb etmədiklərini bildirmmişdi: «Onlar öz Windows Phone-larından razıdırlar», — o demişdi.

Cənab Gates özünün də davamlı olaraq texnologiyanın müsbət və mənfi cəhətlərini ölçüb-biçdiyini deyir.

Vaşinqton ştatının Sietl şəhərində vəkil ata və xeyriyyəçi ananın ailəsində böyüyən Bill Gates uşaqlıqda bütün ensiklopediya kolleksiyasını oxuyub bitirmişdi. Təklikdə həddindən çox vaxt keçirdiyinə görə onu hətta psixiatrın qəbuluna göndərmişdilər.

1975-ci ildə Paul Allenlə birlikdə "Microsoft" şirkətini yaratmaq üçün Harvard Universitetində təhsilini yarımçıq qoyan Bill Gates personal kompüterləri kökündən dəyişdirdi. 2000-ci ildə Bill və Melinda Gates Fondunu yaradandan sonra o, bütün dünyada xeyriyyə məqsədilə milyardlarla dollar pul xərcləyib. Onun bu hərəkəti Facebookun yaradıcısı Mark Zuckerberg və digər milyarderləri də ilhamlandırıb.

2014-cü ildə Microsoft-un rəhbəri vəzifəsindən uzaqlaşan Gates bütün vaxtını Fonda həsr edir. Onun tarixdə ən böyük xeyriyyəçu olduğu deyilir.

Məlum olduğu kimi, Apple şirkətinin yaradıcısı Steve Jobs da öz uşaqlarını texnoloji qurğularla, o cümlədən iPad-lə həddindən çox ünsiyyətdə olmaqdan qoruyurdu. Bioqraf Walter Isaacsonun sözlərinə görə, Jobs hər axşam uşaqları ilə masa arxasında kitabları və tarixi müzakirə edirmiş. Heç kəs planşet və kompüterlərdən istifadə etmirmiş.

Bir çox texnologiya şirkətlərinin rəhbərləri də Gates və Jobs kini edir. Məsələn, 3D Robotics şirkətinin icraçı direktoru Chris Anderson öz evində bütün elektron cihazlardan istifadə vaxtını məhdudlaşdırıb və onlara valideyn nəzarəti tətbiq edib.

O gədcetlərlə çox sıx təmasın nələrə gətirib çıxardığını öz təcrübəsində görüb. Anderson hesab edir ki, yeni texnologiyaların təhlükəsi zərərli kontent və asılılıq yaratmaları ilə bağlıdır.

XS
SM
MD
LG