Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:11

Yeni kitabda Ernest Hemingway-in sovet casusu olduğu iddia edilib


Ernest Hemingway
Ernest Hemingway

Britaniyada nəşr olunmuş yeni kitabda məşhur Amerika romançısı Ernest Hemingway-in sovet casusu olduğu iddia edilib.

“Yazıçı, dənizçi, əsgər, casus: Ernest Hemingway-in məxfi macəraları, 1935-1961” (Writer, Sailor, Soldier, Spy: Ernest Hemingway’s Secret Adventures, 1935-1961) kitabının müəllifi, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Nicholas Reynolds iddia edir ki, hərbi müxbir və romançı məxfi ikili həyat sürüb.

Reynolds yazır ki, onun əlinə DTK arxivlərindən çıxarılmış məxfi sənədlər keçib və bu sənədlər Pulitzer mükafatlı yazıçının 1940-cı ildə NKVD tərəfindən ələ alındığını göstərir.

Bu da qeyd olunur ki, guya bu sənədlərdə Hemingway-in kod adı “Argo” kimi göstərilib.

Sənədlərdən habelə yazıçının casusluğa keçmiş SSRİ Xalq Daxili İşlər Komissarlığının və ya NKVD-nin Nyu Yorkdakı rezidentiJacob Golos tərəfindən cəlb edildiyi başa düşülür.

Reynolds-un iddiasına görə sənədlərdən birində deyilirdi: “Argo bizə heç bir siyasi məlumat verməyib, amma o dəfələrlə bizə kömək etmək istədiyini və bu arzuda olduğunu deyib”.

1960-cı il, Kuba. Ernest Hemingway və sovet bəstəkarı Aram Xaçaturyan
1960-cı il, Kuba. Ernest Hemingway və sovet bəstəkarı Aram Xaçaturyan

Hərbi tarixçi kimi tanınan Reynolds yazır ki, o iddia edilən sənədlərdən Hemingway-in Stalinlə bağlı olduğunu başa düşəndə “özünü çox pis hiss edib”.

Reynolds ABŞ-ın CBS telekanalına deyib ki, “Ernest Hemingway-in sovetlərə kömək etməsi, ələlxüsus onlar tərəfindən ələ alınması onun üçün həzm edilməsi çətin olan faktlar idi”.

Tarixçi yazır ki, xüsusilə də Hemingway-in casusluğa razılıq verdiyini göstərən sənədi görmək ağır idi, çünki bu, kəşfiyyat işində ən mühüm məqamdır”.

“Bu özünü dəllala satmaq kimi bir şeydir” – deyib keçmiş kəşfiyyatçı.

Reynolds bu kitabda habelə Hemingway-in Amerikanın xüsusi xidmətləri, FTB, Dövlət Departamenti, Dəniz Kəşfiyyatı İdarəsi və Strateji Xidmətlər Ofisi ilə “məxsusi münasibətlərindən” də yazıb.

Reynolds MailOnline saytına deyib ki, yazıçının sovetlərlə bağlılığı onun ömrünün son 15 ilini, bu müddətdə necə yaşamasını, necə davranmasını və necə yazmasını təsirləndirib.

Tarixçi güman edir ki, bütün bunlar onun 1961-ci ildə intihar etməsini də şərtləndirə bilərdi.

XS
SM
MD
LG