Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:19

Beyin niyə iki yarımkürəyə bölünür?


İnsan beyni təkamül prosesində elə inkişaf edib ki, hazırda bir-birindən ciddi şəkildə fərqlənən iki yarımkürədən ibarətdir.

İnsan beyni üzərində aparılmış araşdırmalar göstərir ki, bu bölgü insana onun həyat fəaliyyəti üçün faydalı olan bir çox üstünlüklər verir. Alimlər beynin fərqli yarımkürələrinin fərqli funksiyaları yerinə yetirdiyini artıq çoxdan bilirlər. Məslən, sol yarımkürə dil və nitqə cavabdehdirsə, sağ yarımkürə emosiyalara və ayrı-ayrı adamların üzlərinin tanınmasına cavabdehdir və s.

Funksiyaların bu bölgüsü tamamilə realdır. Geniş yayılmış mifə görə, beynin sağ və sol yarımkürələri müvafiq olaraq insanların analitik və artistik qabiliyyətlərinə cavabdehdir. Ancaq alimlərin apardığı tədqiqatlar göstərir ki, məsələ bundan xeyli daha mürəkkəbdir.

Hər iki yarımkürənin fiziki quruluşu identik olduğuna görə XIX əsrə qədər alimlər beyin yarımkürələrinin müxtəlif funksiyaları yerinə yetirdiyi barədə düşünməmişdilər. Bu mühüm kəşfə görə Pyer Pol Broka (Pierre Paul Broca) adlı həkimə borcluyuq. Broca nitq pozğunluğu olan insanların beyinlərini araşdıraraq belə nəticəyə gəlib ki, onların hər birinin beyninin sol yarımkürəsində zədə var. Beynin həmin nahiyəsi elmdə Broca nahiyəsi adlanır. Beynin sağ yarımkürəsinin eyni nahiyəsində zədəsi olan adamlarda isə heç bir nitq pozğunluğu müşahidə edilmirdi. Aydın idi ki, sol beyin sağ beynin görmədiyi işləri görür.

O zamandan bəri alimlər insan beyninin niyə iki hissəyə bölündüyünü və ən əsası, bunun hansı əhəmiyyətə malik olduğunu müəyyən etməyə çalışıblar. Brocanın kəşfindən sonrakı 150 ildən artıq vaxt ərzində alimlər hər yarımkürənin bizim qərarlarımıza necə təsir etməsi, bir-biri ilə necə əlaqə qurmasına dair çoxlu yeni biliklər əldə ediblər.

Almaniyanın Boxum şəhərindəki Rur Universitetinin alimləri "Neuron" jurnalında dərc etdirdikləri məqalədə gəldikləri nəticələri göstəriblər.

Məqalədə qeyd edilir ki, beynin belə quruluşunun verdiyi üstünlüklərdən biri ciddi "vəzifə bölgüsüdür". Bu, bizim işi effektiv yerinə yetirməyimizə imkan verir.

Yəni, məsələn, dil və nitqə beynin müəyyən bir hissəsi cavabdeh olanda insanların bu qabiliyyətləri yaxşı mənimsəməsi mümkün olur. Bundan başqa beynin ayrı-ayrı hissələrinin bu şəkildə təmərküzləşməsi beynin eyni zamanda bir çox fərqli funksiyaları yerinə yetirə bilməsini təmin edir. Buna elmdə "paralel fəaliyyət" (parallel processing) deyilir.

Solaxaylar narahat olmamalıdırlar. Alimlər onların hər hansı şəkildə digər insanlardan zəif olmalarını sübut edəcək dəlillər tapmayıblar. Hətta azlığa mənsub olmaq onlara müəyyən üstünlüklər verir. Düşməniniz sizin müəyyən şəkildə davranacağınızı gözlədiyi halda siz tamamilə başqa cür davranaraq onun gözləntilərini puça çıxarırsınız. Məsələn, solaxay boksçuların güclü tərəfi qismən məhz bununla bağlıdır.

Məlum olub ki, hər 10 solaxay qadına 12 solaxay kişi düşür. Şizofreniyalı adamların solaxay olması ehtimalı daha çoxdur. İnsanın solaxay, yoxsa sağaxay olması onun dil qabiliyyətinə də təsir edirmiş. Artıq Broka-nın zamanında da məlum idi ki, dil bacarıqları beynin sol yarımkürəsində idarə olunur. Solaxaylara gəlincə, onların təqribən üçdə-birinin dil qabiliyyətlərinin əsasən sağ yarımkürəyə yükləndiyi məlumdur. Ancaq mütəxəssislər bu keçidin dəqiq səbəblərini bilmirlər.

Məqalədə həmçinin heyvanların da oxşar xüsusiyyətlərindən söz açılır. Qeyd edilir ki, bəzi quşlar və balıqlar bir gözləri ilə qida axtarırlarsa, o biri gözləri onlara yırtıcı düşmənlərdən qorunmağa kömək edir. Göyərçinlərlə aparılmış təcrübə nəticəsində məlum olub ki, onlar insanları sağ gözləri ilə daha yaxşı görürlər, nəinki sol gözləri ilə. Bu isə o deməkdir ki, göyrəçinlərin beyin yarımkürələri informasiyanı fərqli emal edir.

XS
SM
MD
LG