Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:37

iPhone batareyasını qorumağın sirləri


Müasir texnologiyanın mənfi xüsusiyyətlərindən biri odur ki, o, vəhşi elektron vampir kimi gecə-gündüz ölkənin enerji şəbəkəsindən enerji surur. Siz öz iPhone-unuzu və ya iPad-inizi dünyada ən qeyri-adi texnologiya hesab edə bilərsiniz. Ancaq batareyaları boşalandan sonra onlar metal və plastik yığınından başqa bir şey olmur.

Bir çox iPhone sahibləri tez-tez sevimli cihazlarının batareyasının tez boşalmasından gileylənirlər. Ancaq yaxşı ki, bunun çarəsi var. Mütəxəssislər Apple cihazlarının batareyalrının tez boşalmasının ən çox yayılmış səbəblərinin siyahısını təqdim ediblər.

Facebook. Sosial şəbəkənin mobil əlavəsinin istifadəçiləri dəfələrlə onun hətta aktiv olmadığı vaxtlarda belə akkumulyatorun enerjisini işlətdiyini müşahidə ediblər. Qeyd edilir ki, bu, bildiyimiz bütün populyar mobil əlavələr arasında ən çox enerji "yeyən" əlavədir. Özü də, maraqlıdır ki, məlumatların daim yenilənməsi səbəbindən bu problemi həll edə bilmirlər.

iPhone-un yüklənmək üçün söndürülmüş kompüter və ya noutbuka qoşulması. Yaxınlıqda hər hansı elektrik qovşağı olmayanda istifadəçilər öz cihazlarını yüklənmək üçün USB keçidi vasitəsilə əl altında olan kompüterə, yaxud da noutbuka qoşurlar. Bu, cihazı yükləməyin ən geniş yayılmış üsuludur. Ancaq heç də hər kəs bilmir ki, kompüter və ya noutbuk yuxu rejiminə keçəndə cihaz yüklənmir. Buna görə də mütəxəssislər telefonu kompüterə birləşdirməzdən əvvəl daim onun aktiv olub-olmamasını yoxlamağı tövsiyyə edirlər.

İsti və soyuq hava iPhone-a təsir edir. Aşağı temperaturlarda iPhone-un akkumulyatorunda toplanmış enerji azalır. Ancaq bu, batareyaya elə bir böyük ziyan vurmur. Ancaq günəş şüalarından çəkinmək lazımdır. Belə ki, uzun zaman ərzində akkumulyatoru günəş şüalarının vurduğu "travmaya" məruz qoymaq geriyədönməz ziyan vura bilər.

Bildirişlər. Push tipli bildirişlərin hər biri telefonun ekranının yanmasına yol açır. Hər dəfə telefonun ekranının yanmasına enerji sərf olunmasın deyə, yalnız ən lazımlı əlavələrdən bildiriş gəlməsinə icazə vermək lazımdır. Digər əlavələr üçün bu seçimi etməyə dəyməz.

Telefonu avtomobildə yükləmək. Avtomobil həvəskarları çox zaman telefonlarını maşında yükləmək üçün kabel alırlar. Bu zaman onların keyfiyyətsiz məhsula tuş gəlmələri ehtimalı çoxdur. Avtomobilin elektrik şəbəkəsində tez-tez sönmələr, sıçrayışlar olur. Buna görə də keyfiyyətsiz kabel smartfonu qeyri-sabit gərginliyin verdiyi "işgəncələrə" məruz qoyur. Bu isə yavaş-yavaş batareyanı sıradan çıxarır.

Ucuz xarici akkumulyator. Bundan başqa, mütəxəssislər əmindirlər ki, keyfiyyətsiz powerbank-dən (kənar akkumulyator) istifadə etmək smartfon üçün mənfi nəticələr verə bilər. Ona görə cihaz seçiminə son dərəcə diqqətlə yanaşmaq lazımdır.

Mobil əlavələri bağlamağa gəlincə, Apple-ın öz təmsiçiləri, məsələn, proqram müdiri Kreyq Federigi (Craig Federighi) bildirir ki, əlavələri bağlamaq batareyanın ömrünə elə bir ciddi təsir etmir.

Bundan başqa, iOS 10-da (və iOS 9-da) az enerji rejimi adlanan xassə var. Onun köməyilə cihazın ümumi enerji tələbatını azaltmaq mümkündür. Apple iddia edir ki, bu rejim iPhone-un batareyasının ömrünə 3 saat əlavə edir.

Ancaq az enerji rejimi avtomatik olaraq qoşulan seçənək deyil. Batareyanızda 20 faiz enerji qalanda cihaz bu seçənəyi sizə təklif ediləcək. Bu rejimə keçdiyiniz zaman batareya indikatorunuzun qırmızı rənginin narıncı ilə əvəz olunduğunu görəcəksiniz. Batareyanın enerji yükü 80%-i keçəndə bu rəng yaşılla əvəz olunacaq.

Az enerji rejimi Mail fetch, Hey Siri, avtomatik yükləmələr kimi xassələri və bəzi vizual effektləri dayandırmaqla israf olunan enerini azaldır. Ancaq bütün bunlar iPhone-a aiddir, iPad bu seçimi vermir.

iOS-un yenilənməsi də iPad və iPhone-da bir çox başqa problemlərlə yanaşı batareyanın ömrünə də müsbət təsir edən amillərdəndir.

XS
SM
MD
LG