Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:55

Məhkəmə müstəqil saytları blokladı [yenilənir]


Azadlıq qəzetinin nümayəndəsi Səməd Rəhimli müstəqil saytların bloklanması qərarını şərh edir
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

Azadlıq qəzetinin nümayəndəsi Səməd Rəhimli müstəqil saytların bloklanması qərarını şərh edir

Azərbaycanda AzadlıqRadiosu-nun "azadliq.org", "Azadlıq" qəzetinin "azadliq.info", "Meydan TV"nin, "Turan TV"nin və "Azərbaycan saatı" televiziya proqramının saytlarına giriş məhkəmə qərarı ilə məhdudlaşdırıldı.

Mayın 12-də Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırov bu haqda qərar çıxarıb.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirliyin iddia tələbi qismən təmin olunub. Çünki iddia ərizəsində adları çəkilənlərlə yanaşı, bu informasiya resurslarına girişi mümkün edən başqa saytların da bloklanması istənilirdi.

Səbail Rayon Məhkəməsi qarşısı. 12 may 2017
Səbail Rayon Məhkəməsi qarşısı. 12 may 2017

Buna da bax: Müstəqil saytların hansı yazıları bloklanmaya "əsas" gətirilir? [siyahı]

Bloklanan saytları təmsil edən vəkil və nümayəndələr isə ümumiyyətlə, bu iddia ərizəsinin qanunsuz, əsassız olduğunu bildirirlər. Onlar bu fikirlərini əsaslandıran arqumentlərini də qərardan əvvəl məhkəmənin diqqətinə çatdırıblar. Hakimi də belə bir iddianı təmin etməməyə çağırıblar.

Amma onlardan əvvəl nazirliyin nümayəndəsi Bəxtiyar Məmmədli çıxış edib. Deyib ki, iddianı müdafiə edirlər və onun təmin olunub, ərizədə göstərilən informasiya resurslarına girişin daimi məhdudlaşdırılmasını istəyirlər: "Baş Prokurorluğun müraciəti əsasında saytlara girişin məhdudlaşdırılması haqda müvəqqəti xarakterli qərar qəbul edilib. Bu məhdudiyyətin müvəqqəti yox, qanunda nəzərdə tutulmuş qaydada olması üçün məhkəməyə müraciət olunub. Xahiş edirik, iddiamız təmin olunsun".

Bəxtiyar Məmmədli
Bəxtiyar Məmmədli

Buna da bax:​ 'Bu saytlar hökumətin kibermüharibəsinin qurbanıdırlar'

“SÖHBƏT HANSI YAZIDAN GEDİR”

"Azadliq.info"nun təmsilçisi Səməd Rəhimli, "Meydan TV"nin nümayəndəsi Zibeydə Sadıqova, "Turan TV" və "Azərbaycan saatı"nın maraqlarını müdafiə edən vəkil Cavad Cavadov yazılı şəkildə birgə çıxış hazırlayıb, hakimə təqdim ediblər.

Çıxışın məzmununu məhkəmə iştirakçılarının nəzərinə çatdıran Səməd Rəhimli bildirib ki, nazirliyin iddia tələbi Azərbaycan konstitusiyası, həm də Avropa Konvensiyasının 10-cu maddəsi ilə təminat verilən ifadə azadlığı anlayışına ziddir: “Nazirliyin tələbi qanuni deyil. Çünki nazirlik təmsilçisi bloklanması tələb olunan saytlarda yayımlanmış, zorakılığı təbliğ edən, dövlətin konstitusion quruluşunu dəyişməyə, dövlət çevrilişinə çağırış xarakterli bircə yazı da göstərə bilmədi. İddia ərizəsində ümumi cümlələrlə yazıblar, amma məhkəmədə əsaslandıra bilmədilər ki, söhbət hansı yazıdan, hansı cümlədən gedir”.

Vəkil Səməd Rəhimli
Vəkil Səməd Rəhimli

“Azadliq.info”nun nümayəndəsi deyir ki, bu iddiaya baxılarkən müddət məsələsi ilə bağlı da qanunun tələbi pozulub. Qanunda bu cür ərizələrə məhkəməyə daxil olduğu gündən etibarən beş gün ərzində baxılıb qərar verilməsi nəzərdə tutulub. Bu işdə isə nazirliyin məhkəməyə müraciətindən bir aydan çox vaxt keçir.

Buna da bax:​ Azərbaycan media azadlığı 'ən pis' olan 10 ölkədən biridir

Səməd Rəhimli bildirib ki, nazirlik martın 27-dən saytlara girişi məhdudlaşdırsa da, məhkəmə başlayana – aprelin 27-nə qədər həmin informasiya resurslarına heç bir məlumat verməyib.

ORİJİNALI YAYAN SAYTLAR DA BLOKLANMALIDIR?

“Nazirliyin nümayəndəsi iddia ərizəsi ilə yanaşı, Baş Prokurorluğun məktubu və saytlarda yayımlanan yazıları da məhkəməyə təqdim edib. Bildirirlər ki, martın 27-də səhər saatlarında Baş prokuror müraciətlə yanaşı, bu yazıları da nazirliyə göndərib və tədbir görülməsini istəyib. Nazirlik də o müraciətə, yazılara baxıb, saytlara girişin məhdudlaşdırılması haqda qərar verib. Halbuki, məhkəməyə təqdim olunmuş yazılar arasında elələri var ki, martın 27-də axşam “Meydan TV”də, yaxud da martın 28-də “Azadliq.info” saytında yerləşdirilib”, - Səməd Rəhimli bildirib.

Buna da bax:​ Prokurorluğun siyahıya saldığı yazılar [siyahı] [video]

Azadliq.org saytına Azərbaycan ərazisindən giriş rəsmən bloklanıb.
Azadliq.org saytına Azərbaycan ərazisindən giriş rəsmən bloklanıb.

Hüquqşünasın sözlərinə görə, pozuntuya yol verildiyi iddia olunan materiallar əsasən, xarici mediada yayımlanmış və Azərbaycandakı ictimai-siyasi vəziyyətə aid yazıların tərcüməsi, Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə keçirdiyi mitinqə aid informasiyalar və hökumətin tənqid olunduğu yazılardır: “Xarici mətbuatdan tərcümə olunmuş yazılar hansı mənbədən götürülübsə, orada yenə də qalır və bu gün Azərbaycanda həmin informasiya resurslarına girişdə heç bir məhdudiyyət yoxdur. Amma o materialların tərcüməsinə görə saytların bloklanması tələb olunur. Deməli, nazirlik hesab eləmir ki, o yazılara görə sayt bloklanmalıdır. Əks halda, gərək orijinalı yayan saytları da bloklayaydılar. “Meydan TV”də yanvarın 20-də dini radikalizmi tənqid edən yazı yayımlanıb. Məhkəməyə həmin yazını da təqdim ediblər. İddia olunur ki, guya həmin yazıda dini radikalizm təbliğ olunub”.

Buna da bax: AzadlıqRadiosunun boğulması və…yaşaması tarixindən

PRESEDENT QƏRARLAR ZİDDİYYƏT

Səməd Rəhimli əlavə edib ki, hətta əsas olsaydı belə, bir yazıya görə bütövlükdə sayta girişi məhdudlaşdırmaq qeyri-mütənasib addımdır. Hüquqşünas xatırladıb ki, Avropa Məhkəməsi belə bir addıma görə Türkiyəyə qarşı qərar çıxarıb: “Hörmətli hakim, siz bu gün iddianı təmin eləsəniz, qərarınız Avropa Məhkəməsinin presedent qərarı ilə ziddiyyət təşkil edəcək. Avropa Şurası Nazirlər Komitəsinin də qərarında göstərilib ki, saytlara girişin məhdudlaşdırılması üçün çox ciddi əsaslar olmalı, bundan yalnız son vasitə kimi istifadə edilməlidir”.

Adil İsmayılov
Adil İsmayılov

AzadlıqRadiosu-nun nümayəndəsi Adil İsmayılov isə çıxış üçün məhkəmədən vaxt istəyib:

“Mən fikirləşirdim ki, yəqin qarşı tərəf iddiasını geri götürəcək. Çünki ötən iki iclasda qarşı tərəfin nə istədiyi və istəyini nə ilə əsaslandırdığını görmədim”.

Amma hakim buna əhəmiyyət verməyib və müşavirəyə gedib. Təxminən iki dəqiqədən sonra nazirliyin iddiasının qismən təmin olunması haqda qərarı elan edib.

Bloklanan saytların nümayəndələri qərardan apellyasiya şikayəti verəcək.

Buna da bax: CPJ: ‘Hökumət vebsaytların bloklanması cəhdini dayandırmalıdır’

* * *

Hüquqşünas: “Bu, senzuradır”

“Birmənalı olaraq bu yanlış addımdır və bilavasitə Azərbaycanda ifadə azadlığının, o cümlədən internet azadlığının tamamilə boğulması anlamına gəlir”. Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli mayın 12-də məhkəmənin Nəqliyyat, Rabitə, İnformasiya və Yüksək Texnologiyalar Nazirliyinin tələbilə bir neçə saytın ölkə ərazisində bloklanması haqda qərarını şərh edərkən belə deyir.

Ələsgər Məmmədli: “Birmənalı olaraq bu yanlış addımdır..."
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00
Direct-ə keçid

Buna da bax:​ Azərbaycan İnternet istifadəçiləri VPN-ə keçir [video]

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Onun qənaətincə, bir qədər öncə qanunvericilik dəyişdirildiyi halda belə rəsmi qurumlar onu düzgün tətbiq etməyiblər.

“Orda sadalanan məqalələrin heç biri o iddialara cavab vermədiyi halda məhkəmə ədalət məhkəməsi deyil, sifariş məhkəməsi olduğunu çox aydın şəkildə göstərdi. Bu baxımdan da, verilən qərar birmənalı olaraq Azərbaycanın Avropa İnsan Haqları Konvensiyası ilə bağlı götürdüyü öhdəliklərə ziddir. Konvensiyanın 10-cu maddəsi açıq şəkildə pozulub. Ayrıca da, Azərbaycandakı internet azadlığının azad olmayan və senzura tətbiq edilən ölkələr siyahısına girməsinin göstəricisidir”, - Ələsgər Məmmədli söyləyir.

Buna da bax: 'Azadlıqradiosu-nun saytı açar sözlərlə bloklanır'

O ki qaldı məhkəmənin nazirliyin tələbini qismən təmin etməsinə, yəni həmin saytlara başqa vasitələrlə girişi qadağan etməməsinə, hüquqşünas deyir ki, bu mahiyyəti dəyişmir. “Onsuz da qoyulan qadağa əsassızdır və bu tələb rədd edilməli idi. Ancaq başqa saytlar vasitəsilə girişə qadağa qoyulması tələbi işə bilavasitə aidiyyatı olmayan və hüquqda məsuliyyət yaratmayan bir haldır”.

Deputat: “Azərbaycanın təhlükəsizliyini təhdid edən mənbə varsa... mütləq tədbir görülməlidir”

Hikmət Məmmədov
Hikmət Məmmədov

Hakim Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən, Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Hikmət Məmmədovsa başqa fikirdədir. O məhkəmənin qərarını senzura və ya internet azadlığının məhdudlaşdırılması kimi dəyərləndirmir. Deputatın qənaətincə, bu, normal hüquqi prosedurdur.

Buna da bax: 'Məhkəmə qərarından sonra həmin saytlarla əməkdaşlıq edənlərin təqibinə başlanıla bilər'

Hikmət Məmmədov: “Azərbaycanın təhlükəsizliyini təhdid edən mənbə varsa... mütləq tədbir görülməlidir”
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00
Direct-ə keçid

Hikmət Məmmədov deyir ki, Azərbaycanın təhlükəsizliyini təhdid edən bir mənbə varsa, mütləq ölkə qanunvericiliyi çərçivəsində bu yöndə tədbirlər görülməlidir.

“Düşünürəm ki, indiki mürəkkəb beynəlxalq siyasi proseslər çərçivəsində hər bir millətin informasiya təhlükəsizliyi onun milli təhlükəsizliyinin əsas komponentlərindən biridir. Ona görə də biz həmişə şahidi oluruq ki, Avropa ölkələrində, ABŞ-da ölkənin milli təhlükəsizliyini təhdid edən, dezinformasiya yayan, etik normaları pozan, vətəndaşların hüquq və azadlıqlarını təhdid edən informasiya mənbələrinə qarşı müxtəlif tədbirlər həyata keçirilir. Azərbaycan da hüquqi dövlətdir və məhkəmənin verdiyi qərarlar müzakirə predmeti olmamalıdır. Ona hörmətlə yanaşmaq lazımdır”, - deputat bildirir.

Buna da bax:​ Qənimət Zahid: 'Hakimiyyət bloklamada əli olduğunu etiraf etdi'

Hikmət Məmmədov məhkəmə qərarının müzakirəsinə təəssüfləndiyini də söyləyir: “Başqa ölkələrdə hüquq-mühafizə orqanlarının, məhkəmə sisteminin verdiyi qərarlar medianın müzakirə predmetinə çevrilmir, ancaq nədənsə Azərbaycanda, MDB ölkələrində, müsəlman ölkələrində hüquq işə düşən kimi Qərbin dominant mərkəzlərinın sifarişi ilə tənqidlər yazılmağa başlayır. Məqsədləri isə burda vətəndaşlıq itaətsizliyi mühiti, xaos yaratmaqdır”.

Ələsgər Məmmədli bu qərardan sonra həmin saytlarla əməkdaşlıq edən şəxslərin təqibinə başlanılmasını da istisna etmir.

Bu son addımlar da heç bir nəticə verməyəcək

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevsə Ələsgər Məmmədlinin dedikləri ilə razılaşmır. O istənilən vətəndaşın və ya jurnalistin hər hansı internet resursuna informasiya hazırlamasına qanunun icazə verdiyini, hakimiyyətin bu imkanı məhdudlaşdıra bilməyəcəyini söyləyir.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev

Məhkəmənin qərarına gəlincə, Mehman Əliyev bunu hakimiyyətin son zamanlar söz azadlığının məhdudlaşdırılması yönündə apardığı “siyasətin nəticəsi” və “sistemin böhranı” kimi dəyərləndirir. Onun qənaətincə, son illər müxtəlif sosial şəbəkələr, internet resursları sayəsində söz azadlığının imkanları artıb, hakimiyyətsə bunu “neytrallaşdırmaq” istəyir və bunu “bacarmır”.

Mehman Əliyev: “Hakimiyyətin azad sözə qarşı mübarizəsi iflasa uğrayıb"
Gözlə

No media source currently available

0:00 0:05:09 0:00
Direct-ə keçid

“Hakimiyyətin azad sözə qarşı mübarizəsi iflasa uğrayıb. Bu son addımlar da heç bir nəticə verməyəcək. Hakimiyyət artıq bu istiqamətdə apardığı mübarizədə məğlub olub. Bu tipli qadağalarla, məhkəmə qərarları ilə prosesin qarşısını ala bilməyəcək. Bunu başa düşmək lazımdır”, - “Turan”ın direktoru bildirir.

BLOKLANAN SAYTLARA NECƏ GİRƏ BİLƏRSİZ (VİDEO)

Bloklanan saytlara necə girə bilərsiz?
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

XS
SM
MD
LG