Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 06:36

'Vüsal Ələkbərov işi': Polis rəisinin atasından 1 milyon necə alınıb?


Sabiq MTN-nin baş qərargahı
Sabiq MTN-nin baş qərargahı

MTN-in İstintaq İdarəsinin şöbə rəisi olmuş, həbsdə olan polkovnik Vüsal Ələkbərov onun işindəki zərərçəkmişlərdən biri Akif Qurbanovun saxlanması haqda açıq məhkəmədə danışmaq istəməyib.

Başqa zərərçəkənlərin həbsi, onların MTN-dən necə buraxılması barədə ifadələrini açıq məhkəmədə verən MTN polkovniki deyib ki, Akif Qurbanov haqda yalnız qapalı məhkəmədə danışacaq.

Buna da bax:​ Həbsdə olan MTN polkovniki: 'Özümə qəsd edəcəyəm'

PULU ATASININ MTN-DƏN BURAXILMASI ÜÇÜN VERİB

Vüsal Ələkbərov mayın 12-də keçirilən məhkəməsində xatırladıb ki, MTN-də dövlət əleyhinə olan cinayətlərin araşdırılması üzrə istintaq şöbəsinin rəisi olub. Onun sözlərinə görə, Akif Qurbanovla bağlı məsələdə də dövlət əhəmiyyətli sirlər var.

Baxmayaraq ki, iş üzrə zərərçəkən qismində tanınanların hamısı məhkəmə prosesinin iştirakçısı sayılır, amma MTN polkovniki Qurbanov istisna olmaqla, digər zərərçəkmişlərin də zaldan çıxarılmasını istəyib. Bakı Hərbi Məhkəməsində Vüsal Ələkbərovun işinə baxan hakimlər onun bu istəyini təmin edib.

Məhkəmədə Akif Qurbanov özü iştirak etməyib. Onu nümayəndəsi təmsil edib.

Buna da bax: Zərərçəkmiş: '300 min dollarımı alıb buraxdılar'

Məhkəmə qapalı şəraitdə davam etdirilib.

Bir neçə tikinti şirkətinə rəhbərlik edən Akif Qurbanov eyni zamanda, Sabunçu rayonu, 13-cü polis bölməsinin keçmiş rəisi Vüqar Qurbanovun atasıdır. Hadisə baş verən vaxt da polis rəisi olub. İş materiallarına görə, atasının MTN-dən buraxılmasından ötrü pulu da elə o dövrdə Vüqar Qurbanov özü aparıb Vüsal Ələkbərova verib.

2-3 DƏFƏ MTN-Ə ÇAĞIRIB SAXLAYIBLAR

Vüqar Qurbanov bu məsələ ilə əlaqədar məhkəmədə dindirilərkən bildirmişdi ki, atası ilə yanaşı, onun özünü də bir neçə dəfə MTN-də səhərdən axşamadək qanunsuz saxlayıblar, hədə-qorxu gəliblər. Onun sözlərinə görə, 2013-cü ildə atası ona zəng edib və MTN-ə aparıldığını söyləyib. Ardından telefonu söndürülüb. Axşam atası yenə başqa bir nömrə ilə əlaqə saxlayıb, onu MTN əməkdaşlarının tutduğunu, buraxmaq üçün pul istədiklərini deyib:

Buna da bax:​ 'Vüsal Ələkbərov işi': 'Məbləği MTN idarə rəisinin otağında dedilər'

“Soruşdum ki, nə məsələdir? Dedi ki, Etibar Əliyevlə münasibəti olub, tikinti işləri görüblər, yeyib-dağıdıblar. Daha doğrusu, atamı belə ittiham ediblər. Bundan sonra atamın ölkədən çıxışına “stop” qoyulduğunu bildirib, buraxıblar. Amma atam MTN-dən buraxılandan sonra ölkədən gedib. MTN əməkdaşları isə onu yaddan çıxarmayıb. Bir neçə gün sonra müstəntiq Vüsal Ələkbərov zəng eləyib, məndən atamın yerini soruşdu: “Dedim ki, xaricə gedib. Vüsal mənim özümü MTN-ə çağırdı, orada mənə hədə-qorxu gəlməyə başladı, gün ərzində məni orada saxladı. Dedi ki, atam gəlməsə, məni həbs eləyəcəklər. Soruşdum ki, atamla nə işiniz var, cavab verdi ki, özü bilir. Bundan sonra yenə də 2-3 dəfə məni MTN-ə çağırıb, izahat, ifadə almadan axşamadək saxladılar”.

“MTN-DƏN BÖYÜK YER VARDI?”

Vüqar Qurbanovun sözlərinə görə, MTN əməkdaşlarının əl çəkmədiyini görən atası ölkəyə qayıdıb, ondan tələb olunan 1 milyon manatı düzəldiblər, özü də həmin pulu aparıb şəxsən Vüsal Ələkbərova verib: “Pul mənim maşınımda idi. Öz maşınımdan götürüb Vüsalın maşınına qoydum. Amma onun hansı maşınla gəldiyini xatırlamıram”.

Buna da bax: Vüsal Ələkbərov işi: MTN polkovniki hakimlərə arxasını çevirdi

Bölmə rəisi kimi məsul bir postu tutduğu halda, niyə belə ağır cinayət haqqında heç yerə şikayət etməməsi haqda məhkəmədə verilən suala Vüqar Qurbanovun cavabı belə olub: “O vaxt MTN-dən böyük yer vardı? Oradan da bizi şantaj edir, hədə-qorxu gəlirdilər. Biz hara müraciət etməliydik?”

Vüsal Ələkbərovun məhkəməsi mayın 15-də davam edəcək.

XS
SM
MD
LG