Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:49

Yeni peyvəndlə prostat xərçəngi ölümcül olmayacaq


Norveç alimləri xərçəngə qarşı yeni peyvəndi təqdim ediblər. Alimlər tədqiqatlara 2013-cü ildən başlayıblar. Verilən məlumata görə, bu, immun sisteminin simulyasiyası hesabına xəstəlikdən xilas edən terapevtik peyvənddir. Başqa sözlərlə desək, orqanizm özü xərçəng hüceyrələrini öldürür.

Aparılan tədqiqatlar onu göstərir ki, 77 faiz hallarda peyvənd bədxassəli şişlərin orqanizmə yayılmasını dayandırır. 45 faiz hallarda isə şişlərin quruması müşahidə edilir. Təcrübələr artıq doqquz ay müddətində davam edir. Və bu müddət ərzində 17 pasient kliniki stabil xəstəlik durumunda olublar, yəni onların orqanizmində xərçəng inkişaf etməyib.

Ümumilikdə birinci faza sınaqlara prostat xərçəngindən əziyyət çəkən 21 nəfər kişi cəlb edilib. Onlara immun sistemini stimulyasiya edən və sağlam toxumalara heç bir zərər verməyən peyvəndi vurublar. Bu cür üsul terapiyanın yan effektlərini məhdudlaşdırır.

Təcrübələrə rəhbərlik edən həkim Volfqanq Lilebi (Wolfgang Lilleby) qeyd edir ki, xəstələrin bu fazada olduqları dövrdən sonra onlar adətən daha 3.5 il ömür sürürlər. Həkimlər ümid edirlər ki, peyvənd xəstəliyi inkişafdan dayandırar və xəstələrin ömürünü daha da uzadar.

Tədqiqatın başlıca səbəblərindən biri də onun verdiyi yan effektlərin öyrənilməsidir. Eksperiment zamanı bütün pasientlərə standart hormon və radioterapiya da verilirb.

Xəstələr üç qrupa bölünüb və onlara peyvənd müxtəlif dozalarda verilib. Bu üsul alimlərə hansı dozanın daha yaxşı olduğunu və yan effektləri minumuma salmağı öyrənməyə imkan verib. “Orta həcmdə verilən doza ən yaxşı nəticələri verib”, deyə Lilebi bildirib.

Ümumi yan effektlər əsasən, peyvəndin vurulduğu hissənin göynəməsi olub. Bundan başqa, xəstələrdə başgicəllənmə, yorğunluq, diareya kimi hallar, və eləcə də tez-tez sidik ifrazı müşahidə edilib. Üç nəfərdə allergik reaksiya, qan təzyiqinin aşağı düşməsi halları da olub. Həkimlərin sözlərinə görə, bu hallar gözlənilməz olsa da, onların həll edilməsi asan olub.

Birinci fazanın müsbət nəticələrinə baxmayaraq, alimlər etiraf edirlər ki, peyvənd bazara satışa çıxarılanadək hələ ki, 10-15 il ötməli və bütün sınaqlardan keçirilməlidir.

XS
SM
MD
LG