Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:20

'Beynəlxalq Banka xərclənənlər dövlətin bir illik büdcəsi edir'


Ə.Məsimli
Ə.Məsimli

IV İslam Həmrəyliyi Oyunları, özəl sektora basqılar və Azərbaycan Beynəlxalq Bankının vəziyyəti bu gün medianın aparıcı mövzusudur...

«ASTARI ÜZÜNDƏN BAHA SAĞLAMLAŞDIRMA»

«Yeni Müsavat» qəzetində «Əli Məsimli: «Beynəlxalq Bankın sağlamlaşdırılmasının astarı dövlətə üzündən baha başa gəlir» sərlövhəli məqalə oxumaq olar.

Yazıda Azərbaycan Beynəlxalq Bankının (ABB) 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət etməsi və onun öhdəliklərinin dövlətə ötürülməsi dəyərləndirilir. Restrukturizasiya kreditin və ya onun qaytarılması şərtinin dəyişdirilməsi deməkdir.

Deputat Əli Məsimli deyib ki, ABB ətrafında baş verən hadisə və davam edən proseslər dövlətə ciddi problem yaradıb:

«Nyu-York məhkəməsinin qərarı ilə bankın xarici kreditorlar qarşısındakı öhdəliklərinin dövlətin zəmanəti ilə təxirə salınması durumu bir qədər yumşaldır. Ancaq bu, problemin köklü həlli deyil».

Ə.Məsimli hesab edir ki, qarşılıqlı razılaşma əsasında dövlət bu öhdəlikləri mütləq yerinə yetirilməli olacaq.

Deputat xatırladır ki, dövlət başçısı İlham Əliyev 2015-ci ilin iyulunda bankda yaranan durumla bağlı fərman imzalayıb. Onun fikrincə, ötən iki il ərzində həmin sənəddə nəzərdə tutulan işlərin bir hissəsi həyat keçirilsə də, qərarlar tam dolğunluğu ilə icra olunmayıb.

Ə.Məsimli vurğulayır ki, bankın sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsait xərclədiyi bildirilir.

Deputatın hesablamalarına görə, Neft Fondunun 1 milyard dollarlıq depozitini və 3.3 milyard dollar öhdəliyi də nəzərə alanda, bu, az qala, bir illik dövlət büdcəsi edir. Amma problem həll olunmayıb:

«Görünən odur ki, bankın özəlləşdirilməsinə gedən yolda onun sağlamlaşdırılmasının astarı dövlətə üzündən baha başa gəlir. Bu da büdcəyə və ölkənin maliyyə durumuna, maliyyə-bank sisteminə mənfi təsir göstərəcək».

Biznes
Biznes

BASQI ALTINDA QALAN «XİLASKAR»

«Novoye Vremya» qəzetində «Biznesə basqı iqtisadiyyata minusdur» sərlövhəli məqalə diqqət çəkir

Yazıda kiçik və orta sahibkarlığa basqılardan bəhs edilir.

Müəllif yazır ki, insanlar kiçik və orta sahibkarlıq sahələrinə nisbətən dövlət sektorunda işləməyə üstünlük verir. Yazıda bunun səbəbi əsasən 3 amillə izah edilir:

«Bura korrupsiya, inhisar və məmur özbaşınalığı aiddir».

Yazıda vurğulanır ki, sahibkarlara yaradılan problemlərin bütün ölkə iqtisadiyyatına mənfi təsirləri ola bilər.

Müəllifə görə, bu məsələdə ölkə rəhbərliyinin bəyan etdiyi siyasətlə ayrı-ayrı məmurların davranışları ziddiyyət yaradır:

«Bəzi hakimiyyət təmsilçiləri ölkə və onun iqtisadiyyatı üçün bu qədər önəmli olan prosesləri sabotaj edirlər».

Müəllif yazır ki, cəzasızlıq mühiti məmur aparatını daha çox qanunsuzluqlara sövq edir. Azərbaycan iqtisadiyyatının indiki durumunda bu, heç arzu edilən proseslər deyil:

«Məmurlar öz əməllərinə görə məsuliyyət daşımalıdırlar. Əks halda, Azərbaycana xarici kapital axınına səbəb olacaq əlverişli biznes mühiti yaratmaq mümkün olmayacaq. Kiçik və orta biznes deqradasiyaya uğrayacaq, iqtisadiyyat isə hələ uzun müddət böhrandan çıxış yolu axtaracaq».

Müəllif hesab edir ki, neftin qiyməti uzun cəhdlərdən sonra nisbətən sabitləşib. Neftin bir barrelinin qiyməti yenidən 30 dollara düşsə, bu, ölkədə çox ağır nəticələr yarada bilər.

Müəllif vurğulayır ki, Azərbaycan iqtisadiyyatını neft yox, məhz orta və kiçik sahibkarlar böhrandan çıxara bilər.

Azərbaycan olimpiya yığması
Azərbaycan olimpiya yığması

İSLAM DÜNYASININ İDMAN LİDERİ –AZƏRBAYCAN

«Azərbaycan» qəzetində isə «Azərbaycan İslam dünyasında idman hərəkatına liderlik edir» sərlövhəli məqalə dərc edilib.

Yazıda başa çatmaqda olan IV İslam Həmrəyliyi Oyunları dəyərləndirilir.

Müəllifin fikrincə, IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda çox yüksək səviyyədə təşkil edilib.

Yazıda vurğulanır ki, Azərbaycan gənc dövlət olmasına, işğala məruz qalmasına və köçkün problemi ilə üzləşməsinə baxmayaraq, dünya birliyində layiqli yer tuta bilib.

Müəllif hesab edir ki, ölkədə idmanın maddi-texniki bazası əhəmiyyətli şəkildə möhkəmləndirilib:

«Nəticə artıq göz qabağındadır. İstər paytaxt Bakıda, istərsə də bölgələrdə bir-birinin ardınca idman obyektləri - müasir tipli olimpiya idman kompleksləri, stadionlar, voleybol və basketbol arenaları, şahmat məktəbləri inşa edildi. Mövcud obyektlər yenidən quruldu».

Yazıda bildirilir ki, hazırda ölkədə 10 mindən çox idman qurğusu fəaliyyət göstərir.

Sonda isə müəllif Azərbaycanın idman yarışlarında qazandığı medallara diqqət çəkir. Bunu görülən işlərin nəticəsi kimi dəyərləndirir:

«Ölkəmiz bu dəfə idman tədbirinin həm iştirakçısı, həm də təşkilatçısıdır. Bu isə Azərbaycanın İslam dünyasının idman hərəkatında liderlik mövqeyinə yüksəldiyinə dəlalət edir».

XS
SM
MD
LG