Ötən həftə ABŞ-ın Ali Məhkəməsi patent hüququna aid müəmmalı qərar qəbul edib. Bu qərar patent qanunundan rəqib şirkətlərə qarşı silah kimi istifadə etməyə çalışan korporasiyaları çətinə salacaq. Bundan sonra şirkətlər patent hüququnu pozduqlarına görə yalnız fəaliyyət göstərdikləri yerdə məhkəməyə verilə bilərlər.
Ali məhkəmə lazer printerlərində istifadə olunan toner kartricləri ilə bağlı işdə istehlakçı qruplarının tərəfini saxlayıb. Bu məhkəmə işi ABŞ-da texnologiya şirkətləri və istifadəçilərin hüquqları kontekstində böyük əhəmiyyətə malikdir.
Məhkəmə işi "Impression məhsulları Lexmarka qarşı" adlanır. "Lexmark" şirkəti korporativ müştərilərlə çox işləyir. Şirkətlərin lazer printerləri toner kartriclərindən asılıdır. Onları isə tez-tez dəyişmək lazım gəlir, eynilə evinizdəki printerin mürəkkəblə işləyən kartricləri kimi. Evdəki printeriniz kimi lazer printerlərinin də istehsalçıları kartriclərin satışından gələn gəlirin üzərində qurulmuş biznes modelinə güvənirlər.
Öz biznes modelini qorumaq üçün Lexmark insanların ikinci əl ucuz, işlənmiş kartirclər almasının qarşısını alan addımlar atmağa çalışıb. Bu taktika müştəriləri Lexmarkın öz orijinal kartriclərini seçməyə məcbur etməli idi. Bu işdə qanunsuz bir şey olmasa da, məhkəmə qərar verib ki, "Lexmark" kimi şirkətlər patent hüququndan "Impression" kimi digər şirkətlərin köhnə kartriclər satmasının qarşısını almaq üçün yararlana bilməzlər.
"Impression" kimi şirkətlərə gəlincə, onlar köhnə toner kartriclərini alıb içinə daha çox toner doldurub "Lexmark"dan daha ucuz qiymətə bazara çıxarırlar.
"Lexmark" iddia edib ki, "Impression" onun kartriclərini icazə almadan və "Lexmark"ın müştərilərlə bağladığı xidmət müqaviləsi xaricində yenidən dolduraraq satmaqla şirkətin kartriclər üçün patentini pozmuş olur. Beləliklə, "Lexmark" demək istəyib ki, onun patent hüququ onun ilk satışı ilə məhdudlaşmır və növbəti satışlara da şamil olunur.
Bu işin praktik tərəfi ondan ibarətdir ki, "Lexmark" və ya hər hansı bir başqa şirkər sizin onlardan aldığınız malların sonrakı taleyinə nəzarət edə bilər, yoxsa yox. Bu məsələ printer kartricləri ilə məhdudlaşmır. Siz maşın aldığınız zaman onun əsl və tam sahibi olduğunuza necə əmin ola bilirsiniz? Sahiblik hüququ sizin əmlakınızla necə davranacağınıza nə dərəcədə təsir edir?
Bəzi şirkətlər, hətta avtomobil istehsalçıları bizim sahiblik hüquqlarımızı məhdudlaşdırmağa çalışıblar. Lexmark kimi onlar da alınan məhsuldan şirkətin biznes maraqlarına xələl gətirəcək tərzdə istifadə olunacağı təqdirdə patent hüququnun pozulduğunu iddia ediblər. Beləliklə, müştəri satın aldığı məhsulun tam sahibi olduğunu düşünsə də, əslində şirkətin intellektual mülkiyyətinin yaratdığı görünməz qəfəsin qoyduğu məhdudiyyətlərə məruz qalmış olur.
Sözügedən qərarla Ali Məhkəmə bu yanaşma ilə razılaşmadığını ifadə edib. Bu, ümumilikdə ölkə iqtisadiyyatına böyük təsir gücünə malik bir məsələdir. Belə ki, iqtisadiyyat təkcə müştərilərin şirkətlərdən mal almasından yox, həm də şirkətlərin müştərilərdən və müştərilərin bir-birindən mal satın almasından asılıdır. Hələ innovasiyalarla məşğul olan, öz qarajında işlənmiş mallardan istifadə edərək yeni məhsullar yaratmağa çalışanlardan danışmırıq! Bir sözlə, satın aldığınız malları sonradan necə istifadə edəcəyiniz, onlarla necə davranacağınız Amerika həyat tərzinə birbaşa aidiyyatı olan məsələdir.
Dünyada get-gedə daha çox rəqəmsal məhsulların satışa çıxarıldığı və mübadilə edildiyi, xüsusən də abunə üzərində qurulmuş striminq biznesinin get-gedə daha çox populyarlaşdığı dünyada məsələ daha da qəlizləşir. Məsələn, Spotify kimi rəqəmsal əlavələr insanlara məhsulları (bu halda səs yazılarını) satın almadan, kirayə götürərək istifadə etməyə imkan verir. Ümumiyyətlə, rəqəmsal iqtisadiyyat hüquqşünasları istifadə və sahiblik məsələləri ətrafında ciddi düşünməyə vadar edir.