Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:58

Yaradıcı insanlar dünyanı fərqli görürmüş


Necə olur ki, bir rəsm əsəri, yaxud musiqi parçası bizi heyrətə gətirir? Bu zaman bizə özümüzün görmədiyimiz, sadəcə sənətkarın duyaraq bizə çatdırdığı şeyləri göstərirlər.

Pablo Picassonun təbirincə desək, "Başqaları olanı görüb, niyə sualını verdilər. Mənsə ola biləcəyi görüb "niyə də yox" dedim.

Bəzi insanların digərlərindən daha çox imkan görməsi kreativlik konsepsiyasının əsasını təşkil edir.

Psixoloqlar çox zaman kreativliyi müxtəlif düşüncə çalışmalarının köməyilə ölçürlər. Bu çalışmalarda sizdən ən adi əşyaların (məsələn, kərpic) mümkün qədər çox istifadə yollarını tapmaq tələb olunur. Adi kərpicin çox sayda və müxtəlif şeylər üçün istifadəsini təklif edən insanlar digərlərindən daha kreativ sayılırlar.

Bizim şəxsiyyətimizin kreativliyə yol açan aspekti yeni təcrübəyə açıqlıq və ya sadəcə açıqlıq adlanır.

Scott Barry Kaufman və Carolyn Gregoire özlərinin "Yaratmağa bağlı" ("Wired to Create") adlı kitablarında yazırlar ki, açıq insanların kreativliyi "özlərinin daxili və xarici dünyalarını dərk etmək istəyindən" qaynaqlanır.

Bu hər şeyə müxtəlif bucaqlardan baxmaq, yeni şeylər öyrənmək istəyi insanların daha açıq olmasına, adi insanlardan daha çox şey görməsinə yol açır. Bu sahədə araşdırma aparan bir tədqiqat qrupunun təbirincə desək bu zaman insanlar "gündəlik tanış mühitlərdə yatan mürəkkəb imkanları" kəşf etməyə qadir olurlar.

Tədqiqatçılar "Journal of Research in Personality" jurnalında dərc etdirdikləri məqalədə göstərirlər ki, açıq insanlar təkcə məfhumlara yeni perspektivlər gətirmirlər, onlar həqiqətən hər şeyi adi insanlardan fərqli görürlər.

Alimlər açıqlığın vizual qavrama ilə bağlı olan binokulyar rəqabət fenomeni ilə bağlı olub-omadığını yoxlamaq qərarına gəliblər. Bu fenomen o zaman təzahür edir ki, fərqli gözlərə fərqli görüntülər göstərilir. Məsələn, sağ gözə qırmızı, sol gözə idə yaşıl görüntü göstərilir.

Ancaq bəzən insanlar hər iki rəngi eyni zamanda görürlər. Aparılan üç təcrübə göstərib ki, kreativ insanlar adi insanlara nisbətən həmin qarışıq görüntüləri daha uzun müddət görürlər.

Onlar müsbət əhval-ruhiyyədə olduqları vaxt bu görüntünü hətta daha uzun müddət görüblər. Bu isə bir daha müsbət əhvalın kreativliyi artırdığını iddia etməyə əsas verir.

Bu təcrübələrin köməyilə alimlər müəyyən ediblər ki, açıq xarakterli insanların kreativliyi adi görmə hissinə qədər gəlib çıxa bilir. Başqa sözlə, açıq insanları görmə qavrayışı adi insanlarınkından fundamental şəkildə fərqlənə bilər.

Təcrübələr göstərir ki, kreativlik üzərində işlənildiyi zaman təkmilləşən, artan bir xüsusiyyətdir. Təlimlər və başqa qavrama müdaxilələri ilə açıqlığı artırmaq mümkündür. Bundan başqa, kreativliyə psilosibin adlı maddənin (bəzi göbələklərin tərkibində olan psixedelik maddə) də təsiri var.

Xaricdə oxumağı seçən tələbələrin də kreativliyi artır. Bu isə səyahət etməyin açıqlığı və dünyagörüşünü artırdığını bir daha təsdiq edir.

Ancaq açıq insanlara xas olan "şüurun müdaxiləyə meylliliyi" mənfi nəticələrə də yol açır. Belə ki, açıq insanlar ruhu xəstəliklərə, məsələn, hallüsinasiyalara daha meylli olurlar. Bu baxımdan "başqalarının görmədiklərini görməklə" olmayan şeyləri görmək arasında incə bir xətt var.

XS
SM
MD
LG