Çin Xalq Respublikası özünün son dərəcə iddialı kosmik proqramı çərçivəsində Yerin təbii peykində heliumun izotopu olan helium-3 hasil etmək niyyətindədir. Helium-3 termonüvə reaktorlarının işi üçün vacibdir.
Helium-3 yüngül çəkili, radioaktiv olmayan, iki proton və bir neytrondan ibarət izotopdur.
Nüvə enerjisi istehsalında istifadə olunan mövcud materiallar uran və pluton şəklində radioaktiv tullantılar buraxır. Alimlər daha təmiz nüvə reaksiyaları üçün daha təmiz və təhlükəsiz mənbələr axtarışındadırlar.
Helium-3-dən istifadənin mümkünlüyü sahəsində aparılan tədqiqatların nəticələri göstərir ki, bu, reallaşdırıla bilər. Belə ki, bu zaman reaksiya nəticəsində heç bir neyton yaranmır.
Gələcəyin energetikası üçün çox dəyərli olan helium-3 izotopuna Yer kürəsində çox az rast gəlinir. Helium-3 Günəşdə baş verən termonüvə reaksiyalarının yan məhsuludur və planetimizə Günəş küləkləri ilə birlikdə gəlib çıxır. Ancaq o, atmosferdə çox tez dağılır.
Ayda isə atmoser olmadığından helium-3 onun səthində toplanır. Buradan onu sənaye məqsədləri ilə toplamaq mümkündür.
Artıq bir neçə dövlət Ayda helium-3-ün hasil edilməsi ilə bağlı planlar üzərində işləyir. Ancaq Çin bu planları sonraya saxlamamaq qərarına gəlib.
Yüz ton Ay reqolitinin tərkibində cəmi bir qram helium-3 izotopu var. Buna görə də onun hasilatı qətiyyən ucuz başa gəlməyəcək. Ancaq göründüyünə görə, bu, Çin mühəndislərini qorxutmur. Onlar artıq Ayın kommersiya məqsədilə fəthinin variantları üzərində işləyirlər. Artıq çox tezliklə Ayın səthində reqoliti emal edən Çin hasilatçılarını görmək mümkün olacaq.
Ancaq alimlər Ayda cəmi 1 milyon 100 min ton helium-3-ün ola biləcəyini deyirlər.
Bundan başqa, Google da Ayda faydalı qazıntı hasilatı ilə məşğul olmaq niyyətindədir. Şirkət mühəndisləri Ayın öyrənilməsi üçün ən ucuz başa gələn robotik sistemin hazırlanmasına həvəsləndirmək üçün 20 milyon dollar mükafat vəd edən Lunar Xprize müsabiqəsini elan edib. Ayda su tapan ilk komandaya isə mükafat olaraq 4 milyon dollar veriləcək. Ayda helium-3 və platin ehtiyatlarının olması özəl şirkətlərin və hökumətlərin kosmik proqramlarının bu qədər tələsməsinin əsas səbəbidir.
Floridada yaradılan özəl Moon Express gəmisi Ayda 500 metr hərəkət edəcək, su tapacaq və yüksək keyfiyyətli görüntüləri Google-a göndərərək Lunar XPrize mükafatını əldə etmək iddiasındadır . Əslində Ay uğurnda yarışanların öz layihələrində mükafatın məbləğindən yeddi dəfə artıq vəsait xərcləyəcəyi gözlənilir. Onları bu yarışa qoşulmağa vadar edənsə məhz Aydakı helium-3 və platin ehtiyatlarıdır.
Moon Expressin 2020-ci ildə buraxılması planlaşdırılır. Onun missiyası müəyyən qədər Ay reqoletini Yerə gətirməkdir. Bu reqolitin analizi onun tərkibini müəyyən etməyə imkan verməlidir. Moon Express bundan başqa Ay torpağından zinət əşyalarının hazırlanmasında istifadə edərək onları zəngin adamlara satmaqda maraqlıdır.
Mütəxəssislər gələcəyin enerji mənbəyi sayılan helium-3-ün Yerin enerji tələbatını min illərlə təmin edəcəyini deyirlər.
Platinə gəlincə, bu elementin təkcə Ayda deyil, həm də asteroidlərdə olduğu bildirilir.
Ayda suyun tapılması da bu işdə maraqlı olan tərəflərin diqqət mərkəzindədir. Belə ki, Ayda su tapılacağı təqdirdə orada olan mütəxəssislər ondan istifadə edə biləcəklər. Suyun parçalanması nəticəsində ayrılan hidrogendən yanacaq, oksigendənsə tənəffüs üçün istifadə oluna bilər. Bu elementlər raket yanacağı istehsalında da vacibdir. Ancaq bununla yanaşı, helium-3 və platin prioritet sayılır.
Mütəxəssislər Ayın Yerin yeddinci qitəsi ola biləcəyini deyirlər. Ay araşdırmaya və məskunlaşmaya açıq olan tamamilə yeni bir dünyadır. Tezliklə Aya getmək insanların həzz alacağı məşğuliyyətlərdən biri olacaq. Odur ki, kəmərlərinizi bağlayın.