Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:35

YouTube-da ekstremist videolarla mübarizə gücləndiriləcək


YouTube-da yerləşdirilmiş ekstremist məzmunlu material məsələsi bu ayın əvvəli yenidən gündəmə gəlib. Məlum olub ki, iyunun 3-də London Bricdə baş vermiş terror aktını törədən üç nəfərdən biri ABŞ-ın Miçiqan ştatında yaşayan din xadimi Ahmad Musa Jibrilin silsilə YouTube videolarından "ilhamlanıbmış". Ahmad Musa Jibril son illər sosial mediada çox sayda İŞİD döyüşçüsü tərəfindən izlənilirmiş. Həmin terror aktı zamanı üç terrorçu yük maşınını London körpüsündə piyadaların üzərinə sürmüşdü. Onlar həmçinin yük maşınından düşərək marketdə insanlara hücum edib onları bıçaqlamışdılar. 8 nəfər ölmüş, onlarla insan yaralanmışdı. Hər üç terrorçu polis tərəfindən öldürülüb.

Bu ilin mart ayında Google və YouTube ciddi çətinliklə üz-üzə qalmışdılar. Belə ki, bir çox reklam sifarişçiləri öz reklamlarını YouTube-dan yığışdırmaq qərarına gəlmişdi. Müştərilər reklamlarının terrorizmi dəstəkləyən və ekstremist məzmunlu videolara yerləşdirildiyni gördükdən sonra bu addımı atmağa məcbur olmuşdular.

Buna görə Google YouTube Partner proqramına çıxış üçün minimum 10 min izləyicinin olması tələbini irəli sürdü. Bu, video müəlliflərinə çəkdikləri videolara yerləşdirilmiş reklamlardan gəlir götürmək imkanı verir.

İndi isə Google şirkəti özünə məxsus Youtube videohostinq şirkətində ekstremist videoların yayılması ilə mübarizəyə yönəlmiş tədbirlərini açıqlayıb. Məlumat Google-ın bloqunda dərc edilib.

Şirkət ümumən dörd yeni alət tətbiq edəcək. Birincisi, söhbət ekstremist məzmunlu videoların avtomatik tanınması və silinməsinə cavabdeh olan təkmilləşdirilmiş alqoritmlərdən gedir. Şirkətdən bildiriblər ki, proqram çox zaman terror aktı haqqında xəbər süjetini terrorçuların hərəkətlərini dəstəkləyən videodan ayırmağa çətinlik çəkir. Google eyni zamanda bildirib ki, son yarım il ərzində silinən bütün ekstremist tərkibli videoların yarıdan çoxu maşın təlimi texnologiyasının köməyilə aşkar edilib.

İkincisi, Google istifadəçilərin işarələdikləri videoların YouTube Trusted Flagger proqramı çərçivəsində təhlil edilməsi üçün müstəqil ekspertləri daha aktiv cəlb etmək niyyətindədir. Qeyd edilir ki, bu proqramın iştirakçılarının hesabatlarının dəqiqliyi 90%-i keçir. Buna görə də şirkət proqramda iştirak edən müstəqil ekspertlərin sayını 63-dən 113-ə qaldırmaq niyyətindədir.

Üçüncüsü, şirkət mübahisəli videolarla bağlı siyasətində dəyişiklik edəcək. Söhbət xidmətin qaydalarını açıq-aşkar pozmayan və buna görə də silinə bilməyən videolardan gedir. Belə videolara baxmazdan əvvəl istifadəçilərə xəbərdarlıq ediləcək. Videoların müəllifləri isə onlardan pul qazana bilməyəcəklər. Bundan başqa, belə videoları qiymətləndirmək və ya onlara şərh yazmaq mümkün olmayacaq. Google təmsilçiləri hesab edirlər ki, bu, həmin videoların daha az cəlbedici olmasına yol açacaq.

Nəhayət, Google istifadəçilərin ağlına və qərarlarına təsir etmək və terrorçu təşkilatlara yeni üzvlər cəlb etmək məqsədilə yaradılmış radikal videoların təsiri ilə mübarizə aparmaq niyyətindədir. İndi belə videolara baxmış insanlar ünvanlı reklamın köməyilə antiterror videolarına yönləndiriləcəklər.

Google bu tədbirlərin kompleks şəkildə tətbiqinin uğurlu olacağına ümid edir. Şirkətin əməkdaşları ekstremistlərin və terrorçuların cəmiyyətin təkcə təhlükəsizliyini deyil, dəyərlərini də məhv etmək niyyətində olduğunu deyirlər. Buna görə də Google onlara mane olmağı zəruri hesab edir. Şirkətin əməkdaşları bu sahədə işin davam etdiriləcəyini vəd edirlər.

Google və YouTube Facebook, Microsoft və Twitterlə birlikdə beynəlxalq onlayn antiterror forumu yaratmaq üzərində çalışır.

XS
SM
MD
LG