Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:44

'Neft-qaz ölkəsində qazsız qalmışıq' - Media icmalı


Dilənçi-bank. Karikatura
Dilənçi-bank. Karikatura

Ölkədə yürüdülən hakim siyasət, problemli bankların sayının artması və «Abşeron» Gənclər Şəhərciyinin qazsız qalması bu gün (22 iyun 2017-ci il) medianın aparıcı mövzularındandır.

10 BANKDA KAPİTAL AZLIĞI VƏ ...

«Novoye Vremya» qəzetində «Bank sistemində durum mürəkkəb olaraq qalır» sərlövhəli məqalə oxumaq olar.

Müəllif bildirir ki, ölkənin bank sistemi ağır durumdadır. Yazıda Azərbaycan Bankları Assosiasiyasının prezidenti Zakir Nuriyevdən də sitat gətirilir:

«Azərbaycan banklarının kapital zəifliyi bütün bank sisteminin qüsurlu cəhətlərindən biridir. Bunun bankların fəaliyyətinə fəlakətli təsir etməsi heç kəsə sirr deyil. Təqribən 10-a qədər bank kapital azlığı problemi yaşayır. 4 bank da tənzimləyicinin nəzarətindədir. Yerli standartlara əsasən, bankların bir elə problemi yoxdur. Amma beynəlxalq standartlara görə, durum fərqlidir».

Müəllifə görə, ölkənin bank sisteminin gələcəyi Beynəlxalq Bankın restrukturizasiya prosesindən asılıdır.

Yazıda vurğulanır ki, belə bir vəziyyətin yaranmasında Maliyə Bazarına Nəzarət Palatası da məsuliyyət daşıyır:

«Bank sisteminin sağlamlaşdırılması üçün daha qəti tədbirlər lazımdır. Burada müflisləşmə, bağlanma və ya bankların birləşdirilməsinə yeganə çıxış yolu kimi baxmaq olmaz».

Müəllif hesab edir ki, ilk növbədə 1.5 milyard manatlıq problemli kredit məsələsi həll edilməlidir. Yazıda vurğulanır ki, bu kreditlərin qaytarılmasında güzəştlər bəzi bankların pul itkisinə səbəb olacaq. Amma maliyyə qayıtmağa başlayacaq, bankların kapitallaşması yaxşılaşacaq:

«Üstəlik, bu problemin həlli banklara etimadı bərpa edə bilər və əhali əmanətlərini yenidən banklara yönəldər».

Müəllif hesab edir ki, banklar böhran durumunda qaldıqca, bunun iqtisadiyyata da ciddi ziyanı olacaq.

Gəncləri qocaldan Gənclər şəhərciyi
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00
Direct-ə keçid

İKİ ŞİRKƏTİN DAVASI, QAZSIZ QALAN SAKİNLƏR

«Bizim yol» qəzetində ««Akkord» və «Azəriqaz»ın pul davası sakinləri qazsız qoydu» sərlövhəli məqalə diqqət çəkir. Yazıda «Abşeron» Gənclər Şəhərciyində qazlaşdırma prosesinin yarımçıq qalmasından bəhs edilir.

Sakinlər qəzetə deyiblər ki, şəhərciyi inşa edən «Akkord» tikinti şirkəti «Azəriqaz» İstehsalat Birliyi və qazı çəkən podratçı şirkətin haqqını verməyib. Buna görə də, həmin şirkət işi yarımçıq qoyub gedib.

Əhalinin deməsinə görə, bu ilin yanvarından «Abşeron» Gənclər Şəhərciyinə qazın verilməsi dayandırılıb:

«İki-üç ay müddətində bir neçə blok qazlaşdırıldı. Sonra şəhərciyi inşa edən «Akkord» tikinti şirkəti «Azəriqaz» İstehsalat Birliyi və qazı çəkən podratçı şirkətin haqqını vermədi. Şəhərcikdəki Mənzil-İstismar İdarəsi isə dayandırılmanın səbəbindən xəbərsiz olduğunu bildirir. Bu da o deməkdir ki, ən azı 2017-ci ilin qışını da qazsız keçirəcəyik».

Yazıda sakinlərə istinadən vurğulanır ki, qış aylarına şəhərcikdə həyat iflic olur:

«Dözülməz vəziyyət yaranır. Şəhərcik gənc ailələr üçün nəzərdə tutulsa da, burada gənclərə «divan tutulur». Baxın, illərdir ki, binalar tikilib, istifadəyə verilib, amma qazla təmin edilməyib. Bir çox əlaqədar şəxslərə çoxsaylı müraciətlər olunub. Şəhərcikdə aksiyalar keçirilib. Hər dəfə «qaz növbəti il veriləcək» deyib bizi aldadıblar».

Sakinlər deyiblər ki, şəhərciyə məxsus məktəb və bağça qazlaşdırılıb. Amma binalara qaz verilmir.

Əhalinin deməsinə görə, qışdan onların çoxu xəstə çıxıb.

Yazıda qeyd edilir ki, bütün mənzillərə qaz xətti çəkilib, sayğaclar quraşdırılıb, amma qaz buraxılmır. Üstəlik, mərkəzi istilik sistemi də yoxdur, evlər kondisioner və başqa isitmə vasitələri ilə qızdırılır:

«Ona görə ayda ən azı 100-150 manat işıqpulu ödəməli oluruq. Bu da, az qala, əmək haqlarımızın yarısı deməkdir. Neft-qaz ölkəsində qazsız qalmışıq».

Müəllif bildirir ki, sakinlər etiraz aksiyası keçirmək niyyətindədirlər.

Bundan əvvəl «Akkord» şirkətindən «Abşeron» Gənclər Şəhərciyinə tezliklə qaz veriləcəyi bildirilmişdi. Üstəlik, orada demişdilər ki, «Azəriqaz» İstehsal Birliyi ilə heç bir problemləri yoxdur.

Bakı
Bakı

MİLLİ MARAQLARIN QORUNDUĞU MÜSTƏQİL SİYASƏT

«Azərbaycan» qəzetində «Milli maraqları layiqincə təmin edən müstəqil siyasət» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, dünya birliyinin fəal üzvü kimi Azərbaycan beynəlxalq mövqelərini ildən-ilə gücləndirir:

«Rəsmi Bakının həyata keçirdiyi daxili və xarici siyasət milli maraqları, dövlətin qlobal miqyasda mövqelərini layiqincə təmin edir. Eyni zamanda, bu siyasət müasir beynəlxalq münasibətlərdə mövcud çağırış və təhdidlərə adekvat reaksiya verərək özünü uğurla doğruldur».

Yazıda vurğulanır ki, Azərbaycan bölgədə sabitləşdirici rol oynayan dövlətdir. Avropa ilə Asiyanı birləşdirən nəhəng enerji və nəqliyyat dəhlizləri layihələrinin icraçısıdır. Müəllifə görə, bir çox ölkələrin enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verən Azərbaycan dünya birliyində etibarlı və strateji tərəfdaş kimi yerini möhkəmləndirib:

«Məsələyə bu kontekstdən yanaşsaq, əminliklə deyə bilərik ki, regionun lider dövləti olan Azərbaycan həm də tam müstəqil siyasət yeridən, öz taleyini özü müəyyən edən dövlətdir».

XS
SM
MD
LG