Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:59

Qiyas İbrahimovun atasına da cinayət işi açılıb


Qiyas İbrahimov
Qiyas İbrahimov

Keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazdıqdan sonra ertəsi gün narkotik ittihamı ilə həbs olunan Qiyas İbrahimovun atası Həsən İbrahimov da cinayət məsuliyyətinə cəlb olunub. Ədliyyə Nazirliyinin İstintaq İdarəsində onun barəsində CM-nin 289- cu (Məhkəməyə hörmətsizlik etmə) maddəsi ilə cinayət işi başlanıb. Bu haqda AzadlıqRadiosuna Qiyas İbrahimovun anası Şura Əmiraslanova bildirib.

İyulun 13-də Həsən İbrahimov İstintaq İdarəsinə çağrılıb və ona bu haqda məlumat verilib. Məlum olub ki, cinayət işi Bakı Apellyasiya Məhkəməsində Qiyas İbrahimovun işinə baxmış hakim Vüqar Məmmədovun şikayəti əsasında başlanıb.

Məhkəmədə hakim Qiyas İbrahimovun sözünü kəsəndə atası əsəbiləşərək, ona oğlunun haqqını tapdaladığını söyləmişdi.

“Ənvər Seyidovun başına gələnlər sizin də başınıza gəlsin. Balalarınızdan görəsiz...”, – Həsən İbrahimov belə demişdi.

O zaman hakim Vüqar Məmmədov Həsən İbrahimovun söylədiklərinin aktlaşdırılmasına göstəriş vermişdi.

Ənvər Seyidov isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir və Q. İbrahimovun narkotik ittihamı ilə 10 il azadlıqdan məhrum edilməsinə dair hökmü də o çıxarıb. Hökmdən bir neçə gün sonra Ə. Seyidov ağır vəziyyətdə xəstəxanaya düşmüşdü.

XATIRLATMA

Qiyas İbrahimov 2016-cı il mayın 10-da digər gənc fəal Bayram Məmmədovla birlikdə həbs olunub. Onların hər ikisi CM-nin 234.4.3 (külli miqdarda narkotik satışı) maddəsi ilə 10 il azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsində Vüqar Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası Qiyas İbrahimov haqda hökmü qüvvədə saxlayıb. Bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Bayram Məmmədovun işinə artıq Ali Məhkəmə də baxıb və hökm dəyişdirilməyib. Gənc fəalın işi üzrə daha bir şikayət yaxın vaxtlarda Avropa Məhkəməsinə göndəriləcək.

Q. İbrahimov 2, B. Məmmədov isə 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.
“Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı hər iki fəalı “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG