Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:10

Ə.Kərimli: “ Elmarın qatilləri 12 ildir Gürcüstanda...”


Elmar Huseynov - 50
Elmar Huseynov - 50

“Elmar Hüseynovun qətilindən sonra hər il media geriləyib. Hakimiyyətin yeritdiyi repressiya siyasəti Azərbaycanda azad mətbuatın qadağan olunmasına gətirib çıxarıb”.

“Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun 50 yaşının tamam olmasına həsr olunmuş anım mərasimində Milli Şuranın sədri Cəmil Həsənli belə deyib. Mərhum jurnalistin ailə üzvlərinin, media təmsilçilərinin, siyasi partiya rəhbərlərinin qatıldığı mərasim E.Hüseynovun məzarı başında keçirilib.

C.Həsənli vurğulayıb ki, jurnalistika Azərbaycanda çox qorxulu bir peşəyə çevrilib, az qala hər gün bir jurnalist istintaq idarələrində dindirilir.

Elmar Huseynovu andılar
Elmar Huseynovu andılar

Buna da bax: Avropa Məhkəməsi: 'Elmar Hüseynovun qətli effektiv araşdırılmayıb'

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə diqqəti E. Hüseynovun qətlinin araşdırılması işinə yönəldib.

“Bu günlərdə Azərbaycan hökuməti heç bir cinayət törətməyən Əfqan Muxtarlını Tbilisinin mərkəzindən götürüb Azərbaycana gətirə bildi. 12 ildir ki, Azərbaycan xalqını aldadırlar ki, Elmarın qatilləri Tbilisidədir və biz onu gətirə bilmirik. Bizim üçün hazırda praktik işlərdən biri məsələni beynəlxalq müstəviyə çıxarmaq olmalıdır. Necə olur ki, Azərbaycan hakimiyyəti Gürcüstandan zorakılıqla adamı maşına basıb Azərbaycan gətirə bilir, amma Elmar Hüseynovun hökumətin təqdim etdiyi qatilləri 12 ildir Gürcüstanda arxayın gəzə bilir”, -Ə.Kərimli sual edib.

İsa Qəmbər və Arif Hacılı Elmar Hüseynovun məzarı önündə
İsa Qəmbər və Arif Hacılı Elmar Hüseynovun məzarı önündə

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər də hakimiyyəti tənqid edib.

“Bu rejim yüzlərlə vətəndaşımızı uzunmüddətli həbs cəzalarına məruz qoyub, on minlərlə vətəndaşımıza zülm edib. Yüz minlərlə vətəndaşımızın ölkəni tərk etməsinə səbəb olub. Bu rejim milyonlarla vətəndaşımızın həyatını oğurlayıb. İstər Elmar Hüseynovun qatillərinin qanun qarşısında cavab verməsi, istər minlərlə haqları pozulan insanın haqqının bərpası, istərsə dəölkəsində xoşbəxt yaşamaq istəyən milyonlarla insanın geri dönməsi üçün hakimiyyət dəyişməlidir. Hakimiyyət xalqın nəzarətinə keçməlidir "

“Turan” Agentliyinin direktoru Mehman Əliyev isə deyib ki, E.Hüseynov vaxtilə yazılarında Azərbaycanda yaşanan hazırkı böhranı təsvir edib.

“Biz indi dərin böhran keçiririk. Azərbaycanın vəziyyəti hər gün pisləşir. Hakimiyyət yenə azad mediaya, vətəndaş cəmiyyətinə və siyasi partiyalara basqılar edir. Yenə də susdurmaq istəyir. Amma özü də getdikcə zəifləyir. Elmar Hüseynovun apardığı mübarizə və onun ölümü Azərbaycanın gələcəyi üçün çox ciddi zəmin yaradıb.", o, vurğulayıb.

Xatırlatma

Bu gün, iyulun 17-si «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun doğum günüdür, onun 50 yaşı olur.

E.Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısındaodlu silahla qətlə yetirilib. Qətlin üstündən 12 il keçsə də, cinayətin sifarişçiləri və icraçıları hələ də məsuliyyətə cəlb olunmayıblar.

Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət ediblər.

Elmar Hüseynov 1967-ci il iyulun 17-də Bakıda anadan olub. O, 1992-ci ildə Azərbaycan Mühəndis-İnşaat İnstitutunu mühəndis-hidrotexnik ixtisası üzrə bitirib. Bir müddət ixtisası üzrə çalışıb.

Elmar Hüseynov 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb. Həmin ildə də «Trend» analitik-informasiya agentliyini, 1996-cı ildə isə «Monitor» jurnalını təsis edib.

O, həmçinin «Bakinski bulvar», «Bakinskiye vedomosti» qəzetlərinin təsisçisi idi.

Hakimiyyət təmsilçiləri də dəfələrlə bu ölümü pisləyən bəyanatlar veriblər.Hətta prezident İlham Əliyev qətildən az sonra cinayətkarların tezliklə tapılıb cəzalandırılacağını açıqlamışdı.

Üstəlik, hakimiyyət təmsilçiləri ölkədə jurnalistlərə basqılarla bağlı tənqidələri də qəbul etmirlər.Onlar deyirlər ki, insanlar Azərbaycanda peşə fəaliyyətlərinə yox, törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb edilirlər.

Rəsmilər bildirirlər ki, Prezident Yanında KİV-in İnkişafına Dövlət Dəstyi Fondu vasitəsilə media orqanlarına edilən maddi yardımlar da hökumətin jurnalistikaya müsbət münasibətinin bariz nümayişdidir.

XS
SM
MD
LG