Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:04

'Rabitəçilər işi': 'Mən qazandıqlarımı tək yesəydim...'


Rabitə və Yüksək Texnologiyalar nazirliyi
Rabitə və Yüksək Texnologiyalar nazirliyi

Rabitə və Yüksək Texnologiyalar nazirliyi və nazirliyin tabeliyində olan müəssisələrdə yüksək vəzifələrdə çalışmış, MTN hadisələrindən sonra həbs olunan 11 nəfərin məhkəməsi yekunlaşır.

Rabitəçilərin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində 9 aydır davam edən prosesdə təqsirləndirilən şəxslərin son söz demək mərhələsidir. 11 nəfərdən qalan üçü iyulun 25-də çıxış ediblər. Ardınca Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası hökm çıxarmaq üçün müşavirəyə gedib.

İyulun 25-də məhkəmədə son sözünü deyən təqsirləndirilən şəxslərdən "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin rəhbəri Namazalı Məmmədov keçmiş nazir Əli Abbasovu ittiham edib.

Buna da bax:​ Hüquqşünas: 'Normal ölkədə bu baş verə bilməzdi' [video]

“BİZİ BURADA QOYUB, ÖZÜ KRESLODA OTURUR”

İttihamların heç birini qəbul etməyən Namazalı Məmmədov hesab edir ki, başına gələnlər xalqa etdiyi yaxşılıq və xeyirxah işlərin nəticəsidir: "Amma mənim etdiyim yaxşılıqları dövlət başçımız İlham Əliyevə düzgün çatdırsalar, düşünürəm ki, burada məni bir dəqiqə də saxlamazlar. Rabitə sahəsində gördüyüm işlərə görə hörmətli prezidentimiz tərəfindən "Tərəqqi" medalı ilə təltif edildim. Amma təəssüf ki, mənim də, məndən qabaq da işləyənlərin də Rabitə Nazirliyində nüfuzu qalmadı. Buna səbəb olan insan özü azadlıqdadır, biz isə barmaqlıqlar arxasında qalmışıq. Biz atla, eşşəklə kənd ATS-lərinə getmişik, orada işləmişik. Bunu ancaq rabitədə işləyənlər bilər. Universitetdən gəlmiş müəllim rabitəçinin qədrini nə biləcək ki? İndi də bizi burada qoyub, özü kresloda oturur. Mən rabitəçi kimi deyirəm ki, nüfuzumu və rabitəçiliyimi qoruyub saxlamışam. Əli müəllimdən də onu kirlətməyini gözləməzdim. Mən qazandıqlarımı tək yesəydim, mənim də başımın altında nağd pulum və işləyən obyektlərim olardı".

Namazalı Məmmədov deyir ki, kimin balışının altında varı-mülkü var, verib canını qurtarır. Kimin yoxdursa, onlar kimi dəmir barmaqlıqlar arxasında çürüyür: "Mən bilsəydim ki, elədiyim yaxşılıqlar dövlətimizin bəzi orqanları tərəfindən nəzərə alınmayacaq, pulumu yığardım balışımın altına..."

Buna da bax: Məhkəmədə keçmiş nazir Əli Abbasovun adı hallandı

“BƏRAƏTİMİ DÖVLƏT BAŞÇISINDAN ALACAM”

"Bakı Telefon Rabitə" İstehsalat Birliyinin baş mühasibi olmuş Anar Mustafayev isə son sözündə təqsirsiz olduğunu desə də, indiki mərhələdə məhkəmədən bəraət istəməyib. Səbəbini də belə izah edib: "Vəkillərimə də dedim ki, mənə bəraət istəmək doğru deyil. Çünki mən əlavə əməkhaqqı almışam, onun vergisini verməmişəm. Amma bu o demək deyil ki, ümumiyyətlə, bəraət almaq istəmirəm. Mən bəraətimi dövlət başçısından alacam. Ona müraciət edəcəm, imkan olsa, qəbuluna gedəcəm. Rabitəçilərə şər atdılar".

Anar Mustafayev çıxışının sonunda vaxtilə rəhbərliyi altında işləmiş, hazırda isə onunla birlikdə mühakimə olunan şəxslərdən halallıq istəyib.

Digər təqsirləndirilən şəxslərdən "Optik qurğular" MMC-nin keçmiş rəhbəri Emin Məmmədov və “Azərpoçt" MMC-nin direktoru olmuş Qəmbər Bəybalayev məhkəmədən bəraət istəyib.

Buna da bax:​ Vidadi Zeynalov dövlətə 7 milyon 330 min 536 manat ödəyib

"Montyorundan nazirinə qədər bütün rabitəçilər məni yaxşı tanıyır. Mən heç vaxt pul üçün ölməmişəm", – Qəmbər Bəybalayev belə deyib.

Ardınca hakimlər müşavirəyə gedib. Hökm iyulun 26-da elan olunacaq.

XATIRLATMA

Məhkəmə qarşısına çıxarılan 11 nəfər toplam 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər.

Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Buna da bax: 'Rabitəçilər işi': İttihamı qəbul etməsələr də, yazılan məbləği tam ödəyiblər...

Prokuror təqsirləndirilən şəxslərin bir qisminə şərti cəza, qalanlarına da 8 ildən 15 ilə qədər həbs verilməsini təklif edib.

XS
SM
MD
LG