Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:14

S.Rüstəmxanlı: 'Zaman gələcək Leyla xanım da Azərbaycan dilini öyrənəcək'


Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı

«Mən prezidenti yaxşı mənada nümunə gətirərdim. Moskvada yaşayıb, işləyib, oxuyub, ancaq vəzifə məsuliyyəti məcbur etdi ki, o, Bakıya gələndən sonra dili mükəmməl şəkildə öyrənsin. Ədalət naminə deməliyik ki, bu gün prezident ədəbi dilimizdə çox konkret, dəqiq danışır. Ancaq böyür-başında bir sıra nazirlər var ki, 20 ildir vəzifədədirlər, dilləri Azərbaycan türkcəsinə yatmır».

Avqustun 1-i Azərbaycan dili və əlifbası günüdür. «Azərbaycan Dil Qurumu» İctimai Birliyinin rəhbəri, yazar, xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da AzadlıqRadiosuna müsahibəsində Ana dili günü barədə danışıb. O bu günün qeyd olunması ilə bağlı bir təklif də səsləndirib:

Sabir Rüstəmxanlı: «Prezident ədəbi dilimizdə çox konkret, dəqiq danışır»
Gözlə

No media source currently available

0:00 0:09:28 0:00
Direct-ə keçid

– Yaxşı olardı ki, ana dili günü məktəblər açılanda qeyd edilsin. Amma təəssüf ki, bunu yayın ortasına, heç kim Bakıda olmayan vaxta salıblar.

– Sizcə, sentyabrın 15-də qeyd olunsaydı, nə dəyişəcəkdi?

– Məncə, ən məntiqli və doğru olan Ana dili gününün məktəblər açılanda qeyd edilməsidir. Bu, məktəbə qədəm qoyan uşaqlar üçün ikiqat bayram olardı. Bir tərəfdən məktəbə getdikləri üçün əlamətdar sayılardı, o biri tərəfdənsə bu gün həmişəlik yadlarında Ana dili günü kimi qalardı. Avqustun 1-də isə necə qeyd olunur? Məktəb yoxdur, idarələrin hərəsinin öz dərdi var, Ana dili günü yada düşmür. Bu günlə bağlı xüsusi yığıncaqlar keçirilmir, televiziyalarda ciddi verilişlər aparılmır. Onda bu bayram nə üçün keçirilir? Mənası nədir? Əslində, normal ölkədə ilin 365 günü Ana dili günü olmalıdır. Hər gün dilin gözəlliyi, ölkədəki mövqeyi uşaqların, böyüklərin nəzərinə çatdırılmalıdır. Amma bir gün seçilibsə, eybi yox, elə keçirilsin ki, hər kəsin beyninə bunun önəmi daha yaxşı həkk olunsun.

– Sabir bəy, bəlkə də problem Ana dili gününün avqustda və ya sentyabrda keçirilməsindən yox, rəsmi dairələrin, hakimiyyətin dilə münasibətindən qaynaqlanır?

– Bizim rəsmi dairələrin dilə münasibəti acınacaqlı haldadır. Mən ictimai təşkilat rəhbəri olaraq, «Azərbaycan Dil Qurumu» İctimai Birliyinin başqanı kimi bunu deyirəm. Azərbaycan müstəqil dövlətdir, bunun bir komponenti də ana dilidir. Rəsulzadənin məşhur sözünü də xatırlatmaq istəyirəm ki, millətin millət olması üçün bir neçə əsas şərt var, onlardan biri, bəlkə də ən əsası ana dilidir. O, milləti birləşdirir. Ona görə də dil bayramı millət olmanın, dövlət olmanın bayramıdır. Buna ciddi yanaşmaq lazımdır.

– Dövlət dairələrinin dilə münasibətindən niyə narazısınız?

– Bizim məmurların bir çoxu ana dilində normal danışa bilmir. 26 ildir Azərbaycan müstəqildir, bu müddətdə üç nəsil dəyişib. Bu adamların əlində dili öyrənməyə hər cür imkan olub. Təəssüf ki, öyrənməyiblər. Gülünc hal yaranıb. Bizim o köhnə nazirlər, demokratik proseslərin başlanğıcında özünü demokrat kimi göstərənlərin bəziləri Azərbaycan türkcəsi ilə yanaşı, ingilis və rus dilinin dövlət dili elan olunması fikrini ortaya atırlar. Bu 10 milyonluq xalqın onsuz da 3 milyonu Rusiyada yaşayır və onların özləri və ya övladları Azərbaycan dilini pis bilir, rus dilində danışırlar. Bəzilərisə fəxrlə deyir ki, burda 100 mindən çox adam rus dilində oxuyur. Bir hissəsi də ingiliscə danışır. Onda bu millətdən nə qalır? Mən başa düşmürəm. Millət olmanın başlıca şərti dildirsə, o dillər burda rəsmi dövlət dili olan kimi Bakı kosmopolit bir şəhərə çevriləcək və sabahdan hamı rusca danışmağa başlayacaq. İndi bunun qarşısını almaq mümkün deyilsə, onda nə baş verəcək? Ona görə düşünürəm ki, bu, ziyanlı yoldur, bu, xəyanətkar yoldur. Dövlətin əsaslarını sarsıdan yoldur. Qətiyyən güzəştə gedilməli deyil. Amma görünür, bunun arxasında duran qüvvələr var, bu fikri ortaya atanlar var. Millətin qorxusundan açıq deməsələr də, bu niyyəti gizli şəkildə davam etdirənlər var. Bu mənada Ana dili günü yüksək səviyyədə qeyd olunmalıdır. Dilimizə qarşı açıq və gizli hücumların, xəyanətlərin qarşısı alınmalıdır.

– Belə başa düşmək olar ki, 20-30 il öncə olduğu kimi, Azərbaycan dili yenə təhlükədədir, baxmayaraq ki, dövlət dilidir, bütün rəsmi tədbirlər, yazışmalar Azərbaycan dilində aparılır.

– Ona görə ki, rəsmi dairələrdə təmsil olunanların bir çoxlarının özləri, yaxınları, qohumları dili bilmirlər, bu dili sevmirlər. Əsas məsələ sevgidir. Bir məmur, bir mənsəb sahibi ömründə bir dəfə bir Azərbaycan yazıçısının kitabının üzünü açmayıbsa və ya ancaq rusca yazan azərbaycanlı yazarların kitablarını oxuyubsa, ondan nə gözləyəsən? Dilin himayədarı dövlətdir! Dilin himayədarı rəsmi dairələrdir! Onlar bu dilin qayğısına qalmalıdırlar. Bu dildəki ədəbiyyatın, kitabların, məktəblərin qorunmasına çalışmalıdırlar. Dili yaşadan ədəbiyyatdır, məktəbdir. Bunlar olmasa, dilə qayğıdan danışa bilmərik. Tbilisidə gürcülərin küçədə rusca danışdığını eşitməzsən və ya Parisdə fransızların... Bu qədər cahil, bu qədər xəyanətkar, bu qədər özünü başqalarının qulu sayan, bu qədər aşınmaya, assimilyasiyaya meylli millət tapmaq olarmı? Çox qəribədir, bizimkilər Türkiyəyə gedən təyyarəyə minən kimi türkcə danışırlar, düşən kimi rusca. Bəs sənin bu xalqa hörmətin, ləyaqətin harada qaldı, ay bala?

– Yeri gəlmişkən, ölkə başçısının qızı bugünlərdə Füzulidə erməni silahlı qüvvələrinin qətlə yetirdiyi iki yaşlı Zəhra haqda bir şeir yazdı. Şeir rusca idi. Bəlkə, sizin dediyiniz kimi, rəsmi dairələrin dilə münasibəti hakim ailədən gəlir?

– Hakim ailənin bir münasibəti Leyla xanımdırsa, o, rus məktəbində oxuyub, çünki uşaqlıqları mürəkkəb olub, müxtəlif yerlərdə yaşayıblar, Bakıdan uzaq qalıblar. Rusca oxuyub deyə, indi o dildə yazır. Amma şeirin ruhu gözəl idi. Güman edirəm, zaman gələcək, Leyla xanım da Azərbaycan dilini öyrənəcək, Azərbaycan dilində şeir yazacaq. Mən prezidenti yaxşı mənada nümunə gətirərdim, Moskvada yaşayıb, işləyib, oxuyub, ancaq vəzifə məsuliyyəti məcbur etdi ki, o, Bakıya gələndən sonra dili mükəmməl şəkildə öyrənsin. Ədalət naminə deməliyik ki, bu gün prezident ədəbi dilimizdə çox konkret, dəqiq danışır. Ancaq böyür-başında bir sıra nazirlər var ki, 20 ildir vəzifədədirlər dilləri Azərbaycan türkcəsinə yatmır.

– Avqustun 1-i həm də Əlifba günüdür. Hələ də ara-sıra latın qrafikasına keçidlə bağlı mübahisələr gedir, kimi hesab edir ki...

– O qatar gedib artıq. O qatar geri dönməz. İndi artıq digər türk respublikaları da latın qrafikasına keçirlər. Orda da problem var. Düzdür, biz ərəb əlifbasından imtinayla 1400 illik ədəbiyyatdan, İran azərbaycanlılarından aralı düşdük. Bunun yaratdığı problemlər var. Amma İranda çoxu latın qrafikasını bilir. Amma təəssüf ki, latın qrafikasını da kiril əlifbası kimi çoxvariantlılıq əsasında düzəldiblər. Halbuki, əlifba bir olsa, mən türkməncəni, qazaxcanı sərbəst oxuyaram, başa düşərəm. Amma təəssüf ki, bizdə Türkiyə ilə 3 hərf fərqi var, eləcə də qazaxlarla, özbəklərlə, tatarlarla da fərq var. Stalin ölüb, SSRİ dağılıb, ancaq türk dövlətlərinin bu işlərlə məşğul olan rəsmiləri yenə də Stalin psixologiyası ilə düşünürlər. Belə əlifba islahatı olmaz! Əlifbada təkmilləşdirmə aparılmalıdır. Ancaq bununla belə, latın qrafikasından geri qayıdış mümkün deyil. O qatar getdi.

– Doğrudurmu, Heydər Əliyev latın qrafikasına keçidi dayandırmaq istəyib?

– Onun belə istəyi olmayıb. O dilin adı ilə, türk dili ilə bağlı müzakirə aparırdı. Mən də xahiş etdim ki, dilin adına toxunmayın, artıq dərsliklər çap olunub, orda dilin adı türk dilidir. Onda dedi ki, «mən ictimai rəyi öyrənirəm». Heydər Əliyevə dedim ki, «Azərbaycanda ictimai rəy yoxdur, ictimai rəy sizin fikrinizdir, nə desəniz, o da olacaq». Stalin dövründə dilimizin adı – türk dili Azərbaycan dili ilə əvəzləndi, bunu edənlərin kimliyi bəlli idi. Stalin kimi türk xalqlarının bölücülüyünə xidmət edənlər hələ də var və yaşayırlar...

XS
SM
MD
LG