Övladı sürücünü döyən, yerli camaatın ünvanına ədəbsiz söz işlədən, avtoşluq edən və qəza törədən bir neçə məmur vəzifəsini itirib. Prezident İlham Əliyev öz çıxışlarında bir neçə dəfə vurğulayıb ki, bu cür hərəkətlərə yol verənlərin ataları işindən qovulacaq.
İyul ayında prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Novruzəli Orucov «Qafqazinfo»ya müsahibəsində açıq-aşkar etiraf edir ki, İ.Əliyev onu məhz oğluna görə cəzalandırıb:
«Qoy bu hadisədən bütün generallarımız, zabitlərimiz, yüksəkrütbəli məmurlarımız ibrət dərsi alsınlar. Məmurlar uşaqlarını boş buraxmasınlar. Bu hadisə onlara dərs olsun. Cənab prezident bir dəfə mənə xəbərdarlıq etmişdi, bu dəfə də cəzalandırdı».
N.Orucovun oğlu Rüstəm Orucovun adı iyulun 3-də yol hərəkəti qaydalarını pozduğuna görə ona irad bildirən sürücünü döyməkdə hallanırdı.
«ŞƏHƏR KÜÇƏLƏRİNİ YARIŞ MEYDANINA ÇEVİRƏNLƏR BİLSİNLƏR Kİ...»
Prezident İ.Əliyev 2013-cü ildəki çıxışında məmurlara sonuncu dəfə xəbərdarlıq etdiyini vurğulayıb:
***Buna da bax-Azərbaycanda ataların ərköyün balalarının bəlaları...
«Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə?! Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə, mən də çıxaracağam lazım bildikdə. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq. Bunu hamı bilsin! Şəhər küçələrini yarış meydanına çevirənlər də bilsinlər! Hamısı həbs ediləcək! Vəssalam! Daxili işlər naziri gündə mənə məlumat verəcək. Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaq. Onu hamı bilsin!».
İ.Əliyevin bu çıxışı «İsmayıllı hadisələri»ndən bir neçə həftə öncəyə təsadüf edir.
İSMAYILLI HADİSƏLƏRİNƏ QISA NƏZƏR
2013-cü il, yanvarın 24-dən 25-nə keçən gecə baş verən hadisəni yerli sakinlər AzadlıqRadiosuna belə təsvir edirdilər:
«2013-cü il yanvarın 23-də İsmayıllı rayonunun həmin vaxtı icra başçısı olan Nizami Ələkbərovun qardaşı oğlu «Hummer» markalı maşınla yerli sakinin maşınını vuraraq qəza törədib. Daha sonra isə qəzaya düşərək yaralanmış sakini öz dostları ilə birlikdə döyməyə başlayıb. Yerli sakinlər buna mane olmağa çalışsa da, icra başçısının qohumları İsmayıllı əhalisini söyərək təhqir ediblər».
***Buna da bax-Deputat oğlunun tanışlıq cəhdi və gecəyarı atəşlər
Bu hadisədən sonra insanlar N.Ələkbərovun qardaşı oğlu Vüqar Ələkbərova məxsus olan «Çıraq» hotelini və «Hummer» markalı maşını yandırıblar.
Bundan sonra İsmayıllının icra başçısı olan N.Ələkbərov, ardınca da onun qardaşı - əmək və əhalinin sosial müdafiəsi naziri olan Fizuli Ələkbərov vəzifəsindən uzaqlaşdırılmışdı.
AVTOŞLUQ: MƏMURLARIN VƏZİFƏSİNİ İTİRMƏSİNƏ ƏSAS SƏBƏB
Belə hadisələrdən biri ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Mübariz Mədətov rastlaşıb. Onun oğlu Xalid Mədətov 2014-cü ilin martında iki nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib. Qəzada ölənlər xalq artisti, tarzən Ağasəlim Abdullayevin xanımı və nəvəsi olub.
***Buna da bax-R.Məmmədhəsənov: 'Məmur övladına nəzarət edə bilmirsə, o boyda camaatı necə idarə edəcək?'
Bu hadisədən sonra onun atasından başqa həm də qardaşı - Azərbaycanın Almaniyadakı səfirliyində işləyən Yusif Mədətov da geri çağırılıb və diplomatik xidmətdən kənarlaşdırılıb.
Övladının törətdiyi yol qəzası Tərtər rayon icra hakimiyyəti başçısının birinci müavinini də vəzifəsindən edib. 1new.az saytı yazır ki, icra başçısının birinci müavini Vidadi Bəylərovun oğlu Elxanın 2013-cü ildə törətdiyi qəzada bir nəfər həlak olub. Bundan bir neçə gün sonra V.Bəylərov vəzifəsindən azad olunub.
Yerli media yazır ki, 2015-ci ildə Zərdab rayon icra hakimiyyətinin başçısının birinci müavini Allahverdi Səfərov da eyni səbəbdən öz vəzifəsini itirib. Onun oğlu Ceyhun Səfərov 2015-ci il martın 22-də saat 16 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən, polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmayıb.
Avqustun əvvəlində Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzasına da məmur ailəsindən olan şəxsin – baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənovun qız nəvəsi Nail Allaheverdiyevin avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub. Ə.Həsənov yerli mediaya müsahibəsində sadəcə onu deyib ki, hüquqi dövlətdə heç kim qohumuna görə məsuliyyət daşıya bilməz.