Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 22:28

Fransa məhkəməsi Azərbaycan hökumətinin iddiasına baxacaq – jurnalistlərə qarşı


Laurent Richard
Laurent Richard

Fransa məhkəməsi Azərbaycan hökumətinin iki fransalı televiziya jurnalistinə qarşı iddiasına baxacaq. Həmin jurnalistlər defamasiyada ittiham olunur. Beynəlxalq media qurumu isə bu iddianı Bakının «Fransaya senzuranın ixracı» cəhdi adlandırıb.

Parisin Nanter bölgəsində yerləşən məhkəmədə Elise Lucet Laurent Richard-a qarşı iddiaya baxılacaq. Jurnalistlər Azərbaycan hökumətini iki il öncə «diktatura» adlandırmaqla ona böhtan atmaqda suçlanırlar. Hadisə Fransanın o zamanı prezidenti François Hollande-ın Azərbaycana səfəri zamanı baş vermişdi.

2015-ci ilin sentyabrında «France 2» televiziyası ilə yayımlanan araşdırma proqramında Lucet Azərbaycanın «dünyanın ən qəddar diktaturaları»ndan biri olduğunu söyləyib.

***Buna da bax-Fransız reportyorlar Bakıda hava limanında saxlanıblar

Richard isə «France Info» radiosuna müsahibəsində Azərbaycana «diktatura» deyib.

Richard və operatoru 2014-cü ilin mayında Bakıdan çıxan zaman qısa müddətə saxlanmış və avadanlıqları əllərindən alınmışdı.

ŞAHİDLƏR

«Sərhədsiz Reportyorlar» Təşkilatının (RSF) Şərqi Avropa və Orta Asiya bölümünün rəhbəri Johann Bihr məhkəmədə fransalı jurnalistlərin müdafiəsi məqsədiylə ifadə verəcək. Digər şahidlər azərbaycanlı jurnalist Aqil Xəlil və insan haqları fəalları Leyla və Arif Yunuslardır.

***Buna da bax-Birinci ledinin Parisdə yaşadığı xoşagəlməz anlar

A.Xəlil «Azadlıq» qəzetinin əməkdaşı olub, bir neçə hücumdan sonra 2008-ci ildə Fransaya qaçıb. Leyla və Arif Yunuslar 2016-cı ildə Niderlanda gediblər. Onlar daha öncə ölkədə iqtisadi ittihamlarla 18 ay həbs cəzası çəkiblər.

RSF fransalı jurnalistlərə qarşı iddianı «Azərbaycan hökumətinin azad sözə nifrətini sərgiləyən qorxutma cəhdi» adlandırıb.

«Ölkədə plüralizmin kökünü kəsməklə gözü doymayan rejim indi də xaricdəki tənqidçilərini hədəfə alır», – Parisdə mənzillənən media qurumu sentyabrın 4-də bildirib.

SENZURA İXRACI

«Sadəcə söz azadlığı hüququndan yararlandığına görə iki fransalı jurnalisti məhkəməyə verməklə Azərbaycan hökuməti tənqidə tamamilə dözümsüzlüyünü sərgiləmiş oldu. Bakının Fransaya senzura ixrac etməsinə yol verməməliyik», –RSF-in baş katibi Christophe Deloire deyib.

***Buna da bax-WP: Azərbaycanda bəzi jurnalistlər pulsuz mənzil alır, bəziləri həbsxana kamerası

Qurumun bildirməsinə görə, ilk dəfədir ki, xarici hökumət Fransa məhkəməsində jurnalistlərə qarşı defamasiya iddiası qaldırıb.

RSF-in 2017-ci il Ümumdünya Mətbuat Azadlığı İndeksinə görə, Azərbaycan 180 ölkə arasında 162-ci yerdədir.

Azərbaycan prezidenti İlham Əliyevsə RSF-in «mətbuat azadlığının düşmənləri» siyahısına salınıb.

Qurum ölkədə azı 16 jurnalistin, bloqqerin, media işçisinin qondarma ittihamlarla həbsə atıldığını bildirir.

Amma hakimiyyət təmsilçiləri ölkədə təməl insan hüquq və azadlıqlarının, eləcə də söz və mətbuat azadlığının təmin olunduğunu, fərdlərin konkret cinayətlərə görə cəza çəkdiyini bildirirlər. Beynəlxalq media və insan haqları qurumlarının tənqidləri isə ölkəyə qarşı məqsədyönlü qarayaxma kampaniyası kimi qələmə verilir.

XS
SM
MD
LG