Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 17:40

'Azərbaycanın pulyuyan maşını' 2.9 milyardı necə yuyub? [video]


Azərbaycandan çıxarılan 3 mlrd. dollar kimlərin cibinə gedib?
Gözlə

No media source currently available

0:00 0:14:40 0:00

Azərbaycandan çıxarılan 3 mlrd. dollar kimlərin cibinə gedib?

Beynəlxalq Jurnalistlər Şəbəkəsi iddia edir ki, Azərbaycan hakimiyyətinin təmsilçiləri 2,9 milyard dollar pulu, yəni bu ilin dövlət büdcəsinin təqribən üçdə birini qanunsuz olaraq öz mənafeləri üçün xaricdə xərcləyiblər.

Araşdırmaya görə, hakim elita 2012-2014-cü illər arasında qanunsuz yollarla xaricə çıxartdığı bu pullardan Avropa rəsmilərinə rüşvət vermək, dəbdəbəli əşyalar almaq, pul yumaq üçün istifadə edib.

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov isə deyib ki, bu yazı qərəzlidir, sifarişlidir. Prezident Administrasiyasının mətbuat xidməti də deyilənləri təkzib edib, deyib ki, nə prezidentin, nə də onun ailə üzvlərinin adıçəkilən yazılarda göstərilən ittihamlarla heç bir əlaqəsi yoxdur.

Əli Həsənov
Əli Həsənov

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Təşkilatı, OCCRP-nin saytında yerləşdirilmiş məlumata görə, 2,9 milyard dolların hesablara köçürüldüyünü göstərən bank sənədləri Danimarkanın “Berlingske” qəzetinə sızdırılıb və qəzet həmin məlumatları OCCRP ilə paylaşıb.

Bu iki media qurumu həmin sənədlər əsasında hazırladığı jurnalist araşdırmasını “Azərbaycanın pulyuyan maşını” adlandırılıb. Ad onunla əsaslandırılır ki, iri məbləğlərin mənbələrini gizlətmək üçün pullar silsilə balıqqulağı şirkətlərdən keçirilib.

Buna da bax:​ Əli Həsənov: "OCCRP kimi qurumların qərəzli mülahizələrdən ibarət materialları sifarişdir"

Araşdırmaya görə, azı üç Avropa rəsmisinə, rejimi tərifləyən yazılar yazan bir jurnalistə və hakimiyyəti mədh edən biznesmenlərə də bu pulyuyan maşından pay çatıb. Bu şəxslər öz məqsədləri üçün bəzən hətta UNESCO və AŞPA kimi nüfuzlu təşkilatları da hökumətin PR-ı üçün hərəkətə gətirə biliblər.

Bəs bu pullar hardan gəlir?

Araşdırmaya görə, Azərbaycanın pulyuma maşınından keçən 2,9 milyard dollar dörd şirkətə məxsus dörd bank hesabı vasitəsilə ötürülüb. Şirkətlərin hesabları “Danske” bankın Estoniya filialında olub. Pulun bir qismi Azərbaycanın nazirliklərindən gəlib.

Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi bu pulyuma hesabına 9 milyon dollar köçürüblər.

Rusiyanın silah ixracı şirkəti “Rosoboronexport” “maşın” vasitəsilə 29 milyon manatlıq şübhəli ödənişlər edib.

Buna da bax:​ Deputat: 'Mən sizi başa düşdüm. Bir sual da mən verim...'

Amma pulun az qala yarısını Azərbaycan Beynəlxalq Bankındakı bir sirli şirkət – “Baktelecom” MMC göndərib - 1,4 milyard dollar. (Adları oxşar olsa da bu Bakıdakı məşhur olan rabitə nəhəngi “Baktelecom” deyil - AR)

“Baktelekom”dan sonra ən çox pul köçürən şirkətlər “Faberlex LP” və “Jetfield Network” Ltd -dir. Bu iki ofşor şirkətin Azərbaycan hakimiyyətinə birbaşa bağlılığına dair sənədlər var.

Bu hesablara Heydər Əliyev Fondu ilə əməkdaşlıq edən tikinti şirkəti “Pano” ASC də 3,2 milyon dollar köçürüb.

Qalan pullar əsasən Böyük Britaniyada qeydiyyatdan keçmiş proxy şirkətlərdən gəlir. Onların əsl sahibi bəlli deyil.

Azərbaycanın pulyuyan maşını araşdırmasında adı keçən 33 şirkətin Rusiyada da pulyuma prosesində istifadə olunmasına dair dəlillər var.

Buna da bax:​ Azərbaycanın 'qərbli siyasətçiləri necə satın alması' araşdırılıb

Araşdırmanın həmmüəlliflərindən olan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Təşkilatının icracı direktoru Paul Radu deyir ki, Azərbaycan ictimaiyyəti üçün nəticələr mühümdür. Çünki araşdırma çökməkdə olan Azərbaycan Beynəlxalq Bankındakı gizli hesabdan Estoniyadakı, iddia olunduğu kimi çirkli pulların toplandığı hesaba 1,4 milyard dollar pul axdığını üzə çıxarır.

Beynəlxalq Bank 3,3 milyard dollarlıq xarici borc öhdəliklərini yerinə yetirə bilmir. Məhkəmə qərar verib ki, onun borcunu Azərbaycan dövləti ödəyəcək.

Paul Radu araşdırmada üzə çıxan başqa bir məqama da diqqət çəkir:

Paul Radu
Paul Radu

"Üzə çıxan mühüm məlumat odur ki, yüksək rütbəli Azərbaycan məmurları, baş nazirin müavini Yaqub Eyyubov, onun oğlu, Azərbaycanın Avropa Şurasında daimi nümayəndə heyətinin rəhbəri Emin Eyyubov bu pulyuma əməliyyatının tərkib hissəsi olub. Beləliklə, Eyyubov ailəsi pullardan böyük həcmdə faydalanıb. "Bağlan qrup"dan, çox mübahisəli biznesmen Hafiz Məmmədovun adı hallanır. O isə bu pullara Avropada futbolçular, futbol klubları alıb”.

Buna da bax:​ Bir sadə azərbaycanlının nəhəng 'Bombardier'lə milyonlarla biznesi? [araşdırma]

Araşdırma iddia edir ki, bir məmur Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev və ailəsi də “pulyuyan maşın”dan faydalanıb.

Biz Bakı sakinlərindən də münasibət öyrənmişik, araşdırma ilə bağlı onların da fikirlərini soruşmuşuq.

3 milyard dolların 'qanunsuz yuyulması' xəbərinə münasibətiniz necədir?
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Prezidentin köməkçisi Əli Həsənov isə sentyabrın 5-də “Azərtac”a açıqlamasında bu araşdırmanı Azərbaycanın müstəqil xarici siyasətinə qarşı xarici dairələrin və erməni lobbisinin əməli adlandırıb:

Buna da bax:​ Italyan deputata ödənən pulun prezident ailəsi ilə əlaqəsi üzə çıxır

“The Organized Crime and Corruption Reporting Project” (OCCRP) kimi qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurumların qərəzli iddialardan və subyektiv mülahizələrdən ibarət materialları məhz bu kimi antiazərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi əsasında hazırlanır, sonra isə dünya mediasında tirajlanır”.

Əli Həsənov bildirib ki, bu materialın dünya mediasında geniş yayılmasında da erməni lobbisi, onun təsiri altında olan antiazərbaycan şəbəkə və media nümayəndələri yaxından iştirak edirlər.

OCCRP-dən Paul Radu isə bildirir ki, araşdırma bank sənədlərinə, faktlara əsaslanır.

Buna da bax:​ Heydər Əliyev Fondunun Rumıniyadakı qaranlıq biznesi

40-a qədər qeyri kommersiya təşkilatının və araşdırmaçı jurnalistlərin birliyi olan OCCRP beynəlxalq korrupsiya qalmaqallarını və mütəşəkkil cinayətkarlıq hallarını araşdırır. Təşkilat əvvəllər də Azərbaycan hökumətinin üzvlərinin və prezidentinin korrupsiyaya bulaşdığını iddia edən yazılar dərc edib. Prezident Administrasiyası bunlardan bəzilərini təkzib edib.

XS
SM
MD
LG