Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:36

RT: ABŞ filialının ‘xarici agent’ kimi qeydiyyatdan keçilməsi tələb olunur


RT televiziyası. Reportyor Gayane Chichakyan
RT televiziyası. Reportyor Gayane Chichakyan

ABŞ Ədliyyə Departamenti Rusiyanın RT telekanalının Birləşmiş Ştatlardakı filialına “xarici agent” kimi qeydiyyatdan keçmək əmri verib. Bu haqda RT-nin özü və ABŞ-ın media orqanları məlumat yayıb.

Sentyabrın 12-də açıqlanmış məlumata görə, departamentin göndərdiyi məktubda qeyd olunur ki, RT-nin Amerika kanalına xidmətlər göstərən şirkət Xarici Agentlərin Qeydiyyat Aktına uyğun qeydiyyatdan keçsin. Bu akt xarici siyasi maraqları təmsil edən lobbiçilər və vəkillərdən hesabatlılıq tələb edir.

Ədliyyə Departamenti bu məlumatları, hələlik, şərh etməyib.

Buna da bax:​ Avropa Parlamenti Rusiyanın "saxta xəbərləri"ylə mübarizəyə çağırır

“MÜHARİBƏ”

RT-nin baş redaktoru Margarita Simonyan telekanalın veb-saytında Birləşmiş Ştatları Rusiya mediasıyla “müharibə aparmaqda” ittiham edib.

“ABŞ isteblişmentinin jurnalistlərimizə qarşı apardığı müharibə... hələ də söz azadlığına inanan idealistlərə həsr olunur. Bunu icad edənlər, həm də basdırdılar”, – o deyib.

ABŞ kəşfiyyat orqanlarının yanvarda gəldiyi qənaətə görə, Rusiya ötənilki prezident seçkisinə müdaxilə edib. Yayılan hesabatda RT-nin adı özəlliklə vurğulanır, o, “Kremlin əsas beynəlxalq təbliğat orqanı” adlandırılırdı. Qeyd olunurdu ki, “RT America” “ABŞ-da yerli kanal kimi mövqe tutub və Rusiya hökumətinə hər hansı hüquqi bağları məqsədyönlü şəkildə ört-basdır edib”. Hesabatda RT-nin “WikiLeaks” saytının yaradıcısı Julian Assange ilə əlaqə yaratdığı da bildirilirdi. Bu sayt ABŞ-da seçki kampaniyası zamanı Demokratik Milli Komitənin daxili elektron yazışmalarını yaymışdı.

Buna da bax: Putin Oliver Stone-la müsahibədə saxta tvitdən həqiqət kimi danışıb

RT-də çalışan bəzi şəxslər prezident seçkisi zamanı “WikiLeaks ilə fəal əməkdaşlıq ediblər”, - hesabatda belə deyilirdi.

RT-nin FLYNN-LƏ ƏLAQƏLƏRİ NƏZƏRDƏN KEÇİRİLİB

Həmin hesabat yayılandan sonra bu telekanal Rusiyanın seçkiyə iddia olunan müdaxiləsini araşdıran təhqiqatın diqqət mərkəzində olub. RT-nin ABŞ prezidenti Donald Trump-ın ilk milli təhlükəsizlik müşaviri olmuş Michael Flynn ilə əlaqələri də nəzərdən keçirilib. 2015-ci ildə RT ona qala tədbirində çıxış üçün pul ödəyib və tədbirdə Flynn Rusiya prezidenti Vladimir Putin-lə yanaşı oturub.

ABŞ-da federal agentlər qanunu Vaşinqtonda kimin xarici hökumətlərə işlədiyini üzə çıxarmaq üçün qüvvəyə minib.

Buna da bax:​ Ağ Ev Rusiyaya qarşı sanksiyalar qanununa dəstək verəcəyinə işarə edir

Elə bu həftə Rusiya dövlətinin maliyyələşdirdiyi “Sputnik” xəbər agentliyi üçün mayadək çalışmış Andrew Feinberg-in dindirilməsi barədə informasiya yayılıb. Onu sentyabrın 1-də Federal Təhqiqatlar Bürosunun (FBI) əməkdaşları dindirib.

Yanvarda yayılmış ABŞ kəşfiyyat hesabatında o da vurğulanırdı ki, “Sputnik” və RT prezident seçkisi dövründə Kremlin adından “nüfuz kampaniyası” aparıblar. Məqsəd o vaxt respublikaçıların namizədi olan Donald Trump-a dəstəyi gücləndirmək, demokratların namizədi Hillary Clinton-a müxalifət toxumları səpmək olub.

XS
SM
MD
LG