Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 10:19

Gənc müəllim: ‘Tikintiyə getsəm, daş qaldırsam, necə yaxşı müəllim ola bilərəm?’


Kənd müəllimi Həbib Əlizadə.
Kənd müəllimi Həbib Əlizadə.

Həbib Əlizadə. Və ya sadəcə Həbib müəllim. 26 yaşındadır. Özü Lənkaranda yaşayır, ancaq Lənkəranın ucqar dağ kəndlərindən birində işləyir. Dərs dediyi kəndə getməkdən ötrü təxminən 80 kilometr məsafə qət etməlidir. Bəzən bu yolun 10 kilometrini piyada getməli olub. Kəndə marşrut işləmir, yağış yağandasa asfalt salınmadığından yol palçıq içində qalır. O üzdən nəqliyyat vasitəsi tapmaq da çətinləşir. Ancaq şikayətçi deyil, “Ümumi problemdir, kəndli də əziyyət çəkir, mən də” deyir.

İstəsəydi, yaşadığı rayonda özəl məktəbdə dərs deyə, hətta indikindən daha yaxşı maaş ala bilərdi. Onu Astaradakı özəl liseylərdən birinə müdir müavini işləməyə dəvət etsələr də, imtina edib. “Mən o kənddə daha çox lazımam” söyləyib.

Buna da bax:​ Beynəlxalq Müəllim Günüdür

Boş vaxtında velosipedlə ətraf kəndlərdə uşaqlara kitab payladığı da olub. Həbib müəllim elə bundan sonra sosial şəbəkələrdə tanınmağa başlayıb.

O, Beynəlxalq Müəllim Günündə AzadlıqRadiosu-na müsahibə verib:

Həbib Əlizadə: “Biz şagirdi dinləmirik. Onu günahlandırırıq”

– Bu gün kimsə müəllim olmaq istəyirsə, gərək başdan qəbul etsin ki, milyonçu olmayacaq, minimum ehtiyaclarını ödəyə biləcək. Ancaq böyük pul qazanmaq məqsədi varsa, o, günün birində ya sənətini buraxacaq, ya da başqa yola əl atacaq. Bununla belə, düşünürəm ki, keyfiyyət olanda, iş doğru, leqal şəkildə görüləndə müəyyən qədər pul da qazanmaq mümkündür. Dediyim odur ki, işin başında qəbul etməlisən: “Mən varlı olmayacam, sadəcə, minimum ehtiyaclarımı ödəməklə keyfiyyətli, faydalı insan ola bilərəm”. Bu zaman müəllimliyə gəlmək olar. İkincisi, bu gün biz sinfə girəndə şagirdlərimiz ayağa qalxırsa, bizi görəndə sevinirlərsə, bizdən pozitiv enerji alırlarsa, biz də ən az onlar qədər qarşılıq verməliyik. Bu, bizim borcumuzdur. Bu gün başlıca məsələ şagirdləri doğru şəkildə yönləndirmək, şəxsiyyət kimi yetişdirməkdir. Çünki biliyi hansısa formada öyrənəcək.

Buna da bax: Cənub zonasında daha bir məktəb qapadılıb

– Bəzən valideynlər tərbiyə-təlim məsələsində, şagirdin şəxsiyyət kimi yetişməməsinə, dərsləri oxumamasına görə valideynlər məktəbi, müəllimi qınayır, müəllimlər də valideyni. Bu məsələdə günahkar axtarmaq lazımdır, ya məsuliyyəti bölüşmək? Həbib müəllim bu məsələni necə həll edir?

"Bu gün biz sinfə girəndə şagirdlərimiz ayağa qalxırsa, bizi görəndə sevinirlərsə, bizdən pozitiv enerji alırlarsa, biz də ən az onlar qədər qarşılıq verməliyik"

– Tez-tez belə fikir səslənir ki, biz Avropa deyilik, şagirdlərimiz də avropalı. Bu yanaşmayla razı deyiləm. Bizim uşaqlarımız əslində Avropa məktəblisindən heç də geri qalmır, texnologiya əsrində bu istisna olunur. Təhsildə üç sacayağı var: valideyn, müəllim, şagird. Amma müəllim və valideyn olaraq işimizi yetərli şəkildə görmədiyimizdən şagirdlərimiz Avropa məktəblisi ola bilmir. Bu məsuliyyəti məqsədli, normal bölüşə bilsək, şagirdləri dinləsək, bu, çox yaxşı effekt verəcək. Biz kurikulumun mahiyyətini anlamadan onu pisləyirik. Bizim ölkədə ən çox Finlandiya, Almaniya və ya İngiltərə təhsil sistemi təriflənir. Əslində, Finlandiya təhsil sisteminin mahiyyətində də kurikulum durur. Mahiyyət də budur ki, şagirdə şəxsiyyət kimi yanaşıb onu dinləmək, dəyərləndirmək, vətəndaş kimi yetişdirmək və eyni zamanda, istədiyi sahəyə yönləndirmək lazımdır. Biz şagirdi dinləmirik. Onu günahlandırırıq, “Sən uşaqsan, nə bilirsən, biz nə desək odur” deyirik. Bu da problem yaradır. Bəzən deyirlər ki, uşaqlara sərbəstlik vermə, anarxiya yaranacaq. Halbuki problem odur ki, biz etik kodeksi formalaşdıra bilməmişik deyə şagird sərbəstliyi görəndə bir qədər qarışıqlıq yaranır. Amma etik qaydaları elan edəndən sonra problem yaranmır. Bu gün müəllimlə valideyn bir-birinə güvənməlidir, bunun başqa yolu yoxdur, çünki uşaqlar əziyyət çəkirlər.

Buna da bax:​ “Azərbaycan müəllimləri regionda ən aşağı əməkhaqqı alır”

– Azərbaycanlı valideyn övladına şəxsiyyət kimi yanaşa bilirmi? “Sən uşaqsan, bilmirsən” deməklə uşağı dinləməmək mədəniyyəti dəyişirmi?

"Mən ucqar kənddə işləyirəm, burda valideynlərin uşağı dinləməsi sıfıra bərabərdir"

– Yerə görə dəyişir. Mən ucqar kənddə işləyirəm, burda valideynlərin uşağı dinləməsi sıfıra bərabərdir. Ancaq Bakıda, başqa şəhər və rayon mərkəzlərində vəziyyət dəyişə bilər. Orda da bir valideyn dinləyir, digəri dinləmir, sonra uşaqlar eyni məktəbə gəlir və yenə vahid dəyər formalaşmır. Bu zaman da həmin problem ortaya çıxır. Bir də, sovet dövründən qalan ənənə var, biz istəyirik uşaq, sinif tamamilə müəllimin nəzarətində olsun, totalitar nəzarət sistemi yaradılsın. Bu, indiki zamanda mümkün deyil. Biz uşaqlarla məsuliyyəti bölüşsək, bir müddət sonra sinfi özləri idarə edəcəklər. Bu o demək deyil ki, qırağa çəkilirik. Biz dəstək oluruq. Bu gün belə sistem var: bələdçilik. Mən müəllim kimi bəzi hüquqlarımdan imtina edirəm, dərsə bələdçilik edirəm, seçilmiş bir şagird dərsi idarə edir. Bu da nəticədə sinfə yeni, müsbət ab-hava gətirir.

– Bu yanaşmanıza görə yaşlı həmkarlarınızdan, ya məktəb rəhbərliyindən sizə müqavimət göstərən olubmu?

"Müəllimlər çəkinirlər ki, nəzarəti itirə bilərlər"

– Şübhəsiz. Həm ətrafda, həm də sosial şəbəkələrdə belə düşüncə üstünlük təşkil edir ki, uşaqlara sərbəstlik versək, bizi saymazlar, başımıza çıxarlar. Bəzən uşaqlarla araya məsafə qoymağı, sərt davranmağı məsləhət görürlər. Amma qətiyyən razı deyiləm. Praktikada əksini görürəm. Biz şagirdə etik, mədəni qaydaları aşılasaq, o bunu bizə qaytaracaq. Mən yanlış davrananda üzr istəməsəm, o da yanlışına görə məndən üzr istəməyəcək. Bu, qarşılıqlı olmalıdır. Müəllim sərt olsun, həm də yüksək məqsəd qoysun, bu alınmayacaq, şagird müəllimə güvənməyəcək. Ancaq deməliyəm ki, bununla bağlı müəllimlərimizdə xeyli kompleks var. Müəllimlər çəkinirlər ki, nəzarəti itirə bilərlər.

Buna da bax: Döyülən məktəb direktoru: 'Yəqin o düşünür ki, icra hakimidir, ona hər şey olar'

– Yenə kənd-kənd gəzib uşaqlara kitab paylayırsınız?

"Gələcəkdə Astarada, Lənkəranda səyyar kitabxana açmaq fikrimiz var"

– Yayda buna başladıq. Hədiyyə kitablar verilmişdi, bilmirdim necə paylayım. Sonra velosipedlə gəzərək paylamağa başladım. Bu da sosial layihəyə çevrildi, xeyli insan dəstək durdu. Açığı, maşın problemi var, mən də təkəm. Tələbələrlə əlaqə saxlayırıq. Şəhərdə bir lisey var, orda təcrübə keçmək imkanım olacaq. Bu liseyin 11-ci sinif şagirdləri də həmin layihəyə qoşulmaq istəyirlər. Əlimizdə hədiyyə çoxdur, bu, mütləq davam edəcək. Gələcəkdə Astarada, Lənkəranda səyyar kitabxana açmaq fikrimiz var.

– İşlədiyiniz bölgədə qızlar bəzən orta məktəbdən tez çıxarılır, erkən yaşda nikaha girirlər. Bununla məktəb mübarizə apara bilirmi indi?

– Özüm də astaralıyam, Astaranın Şüvi kəndindənəm, Lənkəranın Gəgiran kəndində dərs deyirəm. Bu problem qalmaqdadır. Amma kəndimizdə 3-5 il qabaq bir, uzağı iki qız ali məktəbə daxil olurdusa, elə il olurdu heç ali məktəbə gedən olmurdusa, bu il 5 qız ali məktəbə girib. Bu, ilk dəfədir. Müsbət haldır. Artıq yavaş-yavaş valideynlər anlayırlar ki, qızların oxumaması çıxış yolu deyil. Amma dağ kəndlərində bu problem yenə qalmaqdadır. Rəsmi maarifləndirmə aparılır, rəsmi inzibati tədbirlər görülür. Amma bəzən maddi səbəblər də öz sözünü deyir. Məsələn, imkansız ailədə valideyn düşünür ki, qızı tez ərə versin, rahat olsun. İşlədiyim kənddə yuxarı siniflərdə qızlar çox azdır, bir-iki nəfərdir. Ümidimiz var ki, onlar universitetə girə bilərlər.

Buna da bax:​ Müəllim yavan çörəklə yaşamağı sınayır

"Astarada özəl lisey var, məni müdir müavinliyinə və dərs deməyə çağırdılar. Əvəzində işlədiyim kənd məktəbindən çıxmalıydım. Razılaşmadım"

– Həbib müəllim bu gün işlədiyi kənddə daha çox lazımdır, yoxsa Bakıda?

– Hərdən deyirlər ki, böyük işlər görürsən. Deyirəm ki, qəti belə deyil, insanlar ona görə gördüyüm işi böyüdür ki, çatışmazlıq çox olduğundan kiçik işlər də böyük görünür. Lənkaranda özəl lisey var, məni müdir müavinliyinə və dərs deməyə çağırdılar. Əvəzində işlədiyim kənd məktəbindən çıxmalıydım. Razılaşmadım. Onlara dedim ki, sizinlə işləməyi çox istərdim, həm maddi, həm də təcrübə baxımından çox yaxşı olardı. Liseydə məndən minqat yaxşı kadr tapa bilərlər, ancaq ucqarda vəziyyət çətindir. Amma həftənin bəzi günləri həmin liseydə dərs deməklə təcrübə qazanıram. Orta məktəbi tərk edə bilmərəm, buna ehtiyac var. Bakıya gəlməksə mənim üçün uğur ola bilməz.

– Niyə?

"İlk tədris ilində bir neçə dəfə o yolu tam piyada getmişəm, 10 kilometr yolu. Marşrut yoxdur"

– Atam müəllimdir, bizi kitabla böyüdüb, təhsil verib. Amma bölgədə təhsilin səviyyəsi yetərli deyil, ailələrin təhsilə münasibəti fərqlidir. Ona görə də münasibəti dəyişmək üçün ümidlə çalışıram, nəticə nə olacaq bilmirəm. Yeni gənclər gəlir. Ümidi itirmədən çalışmalıyıq. Bölgənin təhsilə ehtiyacı var.

Buna da bax:​ Cəbhəçi müəllimlər məhkəməni uddular

– Azərbaycan təhsilinin daha çox nəyə ehtiyacı var, sizcə?

– Tez-tez deyirlər: “Maddi vəziyyət pisdir, maaş aşağıdır”, bu həqiqətdir. Bu gün 200-300 manat maaş alan müəllimlər o 200-300 manatlıq işi də görmürlər. Bu, hamıya aid deyil, düzdür. Bu gün maaş 1000 manata da qalxsa, müəllimlərin hamısı işini vicdanla görməyəcək. Çıxış yolu diferensiallaşdırılmış maaş sisteminə keçməkdir. Hər kəs gördüyü işin nəticəsinə uyğun maaş almalıdır. Müəllimlər özlərini inkişaf etdirməlidirlər. Bu da maddiyyata dayanır, təbii ki. Yəni təlimlərə getmək gərəkdir. İmkanım olsa, Almaniya və ya Finlandiyada kurs keçmək istərəm. İmkan yoxdur. Ancaq çıxış yolu var, internet üzərindən, kitab oxumaqla nələrsə öyrənmək mümkündür.

– Siz müəllimlərin maaşından danışanda deputat Hadı Rəcəblinin dediyi bir misal yada düşdü, o demişdi ki, maaş azdırsa, müəllim dərsdən sonra fəhləlik etsin, daş qaldırsın. Gənc Həbib müəllim, gərəkərsə, daş qaldırmağa gedərmi?

"Mən tikintiyə getsəm, daş qaldırsam necə yaxşı, normal müəllim ola bilərəm?"

– Bu, çıxış yolu ola bilməz. Bu ona bənzəyir ki, bir nəfərə palıd ağacı əkdirirlər, sonra da soruşurlar: “Palıd ağacı niyə alma gətirmir?” Mən tikintiyə getsəm, daş qaldırsam necə yaxşı, normal müəllim ola bilərəm? Bu gün müəllim məktəbdən kənar əlavə işləyəcəksə, təhsillə bağlı layihə hazırlamalıdır, məsələn, bu il qrant müsabiqəsi keçirilməlidir. Qrant alıb kurs yaratsın, sosial layihə reallaşdırsın və s. Həm fayda versin, həm də özü qazansın. Ancaq bu, dərsin keyfiyyətinə təsir göstərməməlidir.

Buna da bax:​ 'Normal müəllim'ə maaş müəmması

– Sizi yoldan etdik. Dediniz ki, məktəbə getməlisiniz. Yolunuz uzaqdır?

– Astaranın Şüvi kəndiylə Lənkəranda işlədiyim kənd arasında 80 kilometr məsafə var. Astaradan Lənkərana, Lənkərandan da Girəgan kəndinə gedirəm. Bəzən maşın olur, bəzən olmur. Bəzən yarı yola qədər, qonşu kəndə qədər olur. Müəyyən məsafəni piyada getmişəm. İlk tədris ilində bir neçə dəfə o yolu tam piyada getmişəm, 10 kilometr yolu. Marşrut yoxdur, “Niva”, ya da bu cür maşınlar gedir. İndi taksi ilə gedirəm. O da baha başa gəlir. Yağış yağan kimi də asfalt olmadığından yollar palçıq olur. Belə problemimiz var, amma ümumidir, kəndli də əziyyət çəkir, mən də.

Həbib Əlizadə: "İlk tədris ilində bir neçə dəfə o yolu tam piyada getmişəm, 10 kilometr yolu. Marşrut yoxdur"
Gözlə

No media source currently available

0:00 0:14:15 0:00
Direct-ə keçid

XS
SM
MD
LG