Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:04

İşıqpulu-qazpulu borcuna görə kimlər həbs olunacaq... [şərhlər]


İşıqpulunu ödəyə bilməyən məcburi köçkünlər. Sumqayıt. 08fev2017
İşıqpulunu ödəyə bilməyən məcburi köçkünlər. Sumqayıt. 08fev2017

“Ödənməyən işıqpulu borcuna görə hansısa nazir və ya nazir müavini həbs ediləcək?”

Azərbaycanda təbii qazın, suyun, elektrik və istilik enerjisinin xüsusilə külli miqdarda talanmasına görə yeni və daha uzun müddətli həbs cəzasının tətbiqi təklif olunur. APA-nın məlumatına görə, həbs cəzası 3 ildən 7 ilə qədər ola bilər.

Hazırda bu maddədə yalnız külli miqdarda talama sanksiyasında ən yüksək cəza 4 ilə qədər azadlıqdan məhrum etmədir.

Buna da bax: Keçmiş deputat: 'İnsanların gəlirləri azalıb...'

AİB sədri: “Cəza müddəti həddən çoxdur”

“Belə bir cəza lazımdır. Ancaq cəza müddəti həddən çoxdur”. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qanuna dəyişikliyi bu cür dəyərləndirir: “Cəza deyiləndən üç dəfə az olmalıdır. Çünki əhalinin vəziyyəti adekvat deyil. Enerjinin qiyməti bahadır”.

Buna da bax:​ Ramiz Mehdiyevin xanımı da dövlətdən yardım alır? [araşdırma]

Hərçənd Eyyub Hüseynov əhalinin bəzən israfçılıq etdiyini, bəzən qazı, elektrik enerjisini, suyu oğurladığını desə də, bunun suçunu lazımi qurumların maarifçilik işi aparmamasında görür.

Eyyub Hüseynov
Eyyub Hüseynov

“Sayğaclara müdaxilələr artacaq”

AİB rəhbəri qanuna dəyişiklikdən sonra sayğaclara müdaxiləni də istisna etmir: “Həmin qurumların işçiləri tərəfindən sayğaclara süni müdaxilələr ediləcək, əhalini pis vəziyyətdə qoyacaqlar, sərfiyyat şişirdiləcək. İndi də bu var. Çarli Çaplinin bir filmində qəhrəman gündüzlər pəncərələrə şüşə salır, gecələr isə uşaqla gedib onları sındırır. Həmin qurumların işçiləri elə indi də özləri sayğaclara müdaxilə edir, bəzən plombu qırırlar. İstehlakçının nəyinə lazımdır plombu qırmaq, məsələni dərinləşdirmək? Belə hallarla bağlı bizə çoxlu şikayətlər edilir, istehlakçıya böhtan atmaq üçün müdaxilələr olur, bundan sonra isə belə halların sayı artacaq”.

Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bu yanaşmayla razılaşmır, “müdaxilə edən yenə edəcək. İndi guya etmirlər?”, – deyə sual edir. “Qanunun məqsədi bunun qarşısını almaqdır”.

Buna da bax: Leyla Əliyevanın şirkəti subsidiya alanlar siyahısında [araşdırma]

Büdcə qurumlarının illərlə yığılan borcu necə olacaq?

İqtisadçı Natiq Cəfərli isə başqa məqama diqqət çəkir. O, ölkədə sayğaclaşmadan sonra sıravi vətəndaşların külli miqdarda kommunal borclarının yığılmadığını bildirir və bunu da borc çoxaldığı halda ona xidmətin dayandırılması ilə izah edir.

Natiq Cəfərli
Natiq Cəfərli

Ekspertin sözlərinə görə, “Azərışıq”a, “Azəristiliktəchizat”a, “Azərsu”ya və ya “Azəriqaz”a külli miqdarda borcu olan, bəzən illərlə işlətdiyi elektrik enerjisinin, suyun, qazın, istiliyin pulunu ödəməyən dövlət qurumları, hüquqi şəxslərdir. O yada salır ki, məhz bu qurumların yığılan borcları ildən-ilə artır və bəzən də dövlət tərəfindən bağışlanır. Bu üzdən də sual edir:

“Bu qanun hüquqi şəxsə necə şamil olunacaq? Tutalım, ödənməyən işıq pulu borcuna görə, hansısa nazir və ya nazir müavini həbs ediləcək? Ona görə də cəzanın sərtləşdirilməsinin mahiyyəti mənim üçün qaranlıqdır”.

Buna da bax:​ Acla toxun dialoqu [karikatura]

Natiq Cəfərli hesab edir ki, indiki halda fiziki şəxsdən çox hüquqi şəxslərin borcunu ödətməyin yolunu tapmaq lazımdır.

Deputat Vahid Əhmədov Natiq Cəfərlinin söylədikləri ilə razıdır, ancaq...

Vahid Əhmədov
Vahid Əhmədov

“O fikirlə razıyam, indi borclar vaxtlı-vaxtında ödənir, yığılmır. Amma bəzi hüquqi şəxslər, istixanalar və başqa yerlər var ki, orda qaz, elektrik enerjisi ilə bağlı çox ciddi qanun pozuntusu var. Qanuna dəyişiklikdə məqsəd də budur ki, bu hallar aradan qalxsın. Cərimələr, cəza artırılmalıdır. Qaz, işıq xətlərinə müdaxilələr edilir, dəyişiklik buna görədir”, – deputat bildirir.

Rəsmi qurumlar nə düşünür

“Azəriqaz” İstehsalat Birliyinin sözçüsü İbrahim Kərbalayevsə bu dəyişiklik barədə danışmaq istəmir, hesab edir ki, ekspertlər fikrilərini desələr, daha yaxşıdır.

Buna da bax:​ Deputat: 'Azərbaycanda aclıqdan əziyyət çəkən görməmişəm'

Qurumun sözçüsü külli miqdarda talama hallarının qarşısını almaqdan ötrü “Azəriqaz” tərəfindən mütəmadi reydlər keçirildiyini, qaz xətlərinin yoxlanıldığını bildirir. “Təbii qazdan qanunsuz istifadə halları aşkarlandıqda akt tərtib olunur və itirilmiş qazın dəyəri tələb olunur”, – İbrahim Kərbalayev əlavə edir.

O ki qaldı büdcə təşkilatlarının yığılan borclarının ödənməsi yollarına, Kərbalayev bu haqda danışmaq istəmir. İsrarlı suallardan sonra iki cümlə deyir: “Borcu olan müəssisələrlə qarşılıqlı razılaşma yolu ilə müzakirələr aparılır və qanuna uyğun tədbirlər görülür”.

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev abonentlərindən razı olduqlarını, ödəmələrin artan xətlə getdiyini bildirir. Bu halda qanunu sərtləşdirməyə ehtiyac varmı? O, qanuna dəyişikliklə tanışlıqdan sonra bu haqda danışa biləcəyini söyləyir.

Sözügedən layihə oktyabrın 20-də Milli Məclisdə müzakirəyə çıxarılmalıdır.

XS
SM
MD
LG