Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:22

Amerikan teleulduz Qarabağa getdi və...


CNN
CNN

-

ABŞ-da CNN telekanalında şou aparıcılığı edən, baş aşpaz Anthony Bourdain-in Ermənistana və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ vilayətinə səfəri Bakını qəzəbləndirib. Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev aparıcının adının qurumun “qara siyahısı”na salınacağını bildirib.

“Eurasianet.org” portalında Joshua Kucera yazır ki, Bourdain regiona ötən həftə səfər edib, “Parts Unknown” şousu üçün epizod çəkib. CNN telekanalında yayımlanan bu verilişdə uzaq ölkələrin ekzotik yemək mədəniyyətləri öyrənilir.

Onun Şuşada yemək zamanı, eləcə də erməni ulduzlarla çəkdirdiyi fotoları yayılıb. Bourdain Twitter-də bu səfərin təşkilinə görə “System of a Down” rok qrupunun erməni-amerikan lideri Serj Tankian-a təşəkkür edib.

XİN SÖZÇÜSÜNÜN TVİTLƏRİ CAVABSIZ QALIB

Bourdain Instagram səhifəsində Mi-8 vertolyotunun fotosunu da yerləşdirib, görünür, Qarabağa onunla gəlib, çünki bu əraziyə kommersiya təyyarələrinin çıxışı yoxdur.

Teleulduzun sosial media postlarına ermənilər böyük coşquyla reaksiya versələr də, onun Azərbaycanın de-yure ərazisi olan Qarabağa səfəri rəsmi Bakını qəzəbləndirib.

Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev Bourdain-ə bir neçə tvitlə cavab verib, CNN-in Azərbaycanın Ermənistan tərəfdən etnik təmizlənməyə məruz qalmış ərazisini səyahət şousunda təqdim etməsini “utancverici və mənəviyyatsız addım” adlandırıb, bunu dayandırmağa çağırıb.

Məqalədə deyilir ki, Bourdain Hacıyevin yazdıqlarına cavab verməyib və onun Qarabağın statusuyla bağlı mövqeyi də bəlli deyil.

Hacıyev daha sonra APA informasiya agentliyinə deyib ki, nazirlik məsələni araşdırır və “araşdırmadan sonra qərar veriləcək”.

Azərbaycan sərhədlərini qanunsuz keçməkdə, Qarabağa onun rəsmi icazəsi olmadan getməkdə suçladığı əcnəbiləri “qara siyahı”ya salır.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG