Britanıyanın seçki orqanı Rusiyanın Brexit referendum kampaniyasına mümkün müdaxiləsini araşdırmağa başlayır. Brexit-də Böyük Britaniyanın Avropa Birliyindən çıxmasına səs verildi.
DİALOQ
Seçki Komissiyasından “The Times” qəzetinə deyiblər ki, Rusiyanın ABŞ-da prezident seçkisinə müdaxilə iddialarından sonra, Facebook və Twitter sosial şəbəkələri ilə “dialoq aparılır”.
Komissiya araşdırma zamanı sosial medianın seçki kampaniyalarında artan rolunu da nəzərdən keçirəcək. Bu arada ölkənin kəşfiyyat və təhlükəsizlik agentlikləri Rusiyanın Britaniyada demokratik prosesdə sabitsizlik yaratmaq cəhdlərindən narahatlıq dilə gətiriblər.
“Facebook və Twitter-ə suallar veririk və bu iş davam edir”, – seçki orqanının siyasi maliyyə və tənzimləmə üzrə direktoru Bob Posner deyib. “Biz sakitcə oturub kandarımıza nəyin gələcəyini gözləmirik”, – o, sözlərinə əlavə edib.
*** Buna da bax: Britaniya Avropa İttifaqından çıxmaq istəyir, ya yox?
ABŞ Rusiyanı Facebook vasitəsiylə bölücülük yaratmaq, seçkinin nəticəsinə təsir göstərməkdə suçlayır. Bu məqsədlə rusiyalı əməliyyatçıların sosial şəbəkədə reklamlar aldıqları, 150 milyondan çox adamı əhatələməkdən ötrü “trol fabriklərindən” yararlandığı bildirilir.
AYRICA TƏHQİQAT APARILIR
Senatın kəşfiyyat komitəsi Rusiyanın Facebook-da azı 3 min seçkiylə bağlı reklam aldığını bildirib. ABŞ hökuməti həmçinin Rusiyanın RT və Sputnik media orqanlarının xarici təbliğatla bağlı qanunları pozub-pozmadığını araşdırır.
Baş nazir Theresa May bu yaxınlarda parlamentdə deyib: “Biz Rusiyanın müdaxiləsi, Rusiyanın istənilən ölkənin seçki prosesinə və demokratik proseslərə müdaxiləsi cəhdləriylə bağlı məsələləri çox ciddi qəbul edirik”.
Hazırda anti-AB kampaniyasının aparıcı maliyyəçisi Aaron Banks-ın referendumun maliyyələşməsi qaydalarını pozub-pozmadığı araşdırılır. Qaydalara görə, donorlar Böyük Britaniyada olmalıdır.
Britaniyanın seçki komissiyası Ukip lideri Nigel Farage-ın Brexit kampaniyasına 8 milyon funt-sterlinq məbləğində kredit və ianənin mənbəyini ayrıca təhqiq edir. Leave.EU (AB-ni Tərk Et) kampaniya qrupunun təsisçisi və əsas donoru Arron Banks-dır. Onun həqiqətən də Nigel Farage-ın kampaniyasına 6 milyon funt-sterlinqlik kredit ayırıb-ayırmadığı araşdırılır.
Komissiya pulun mənbəyi barədə nə düşündüyünü açıqlamasa da, Banks-ın fikrincə, qurum mənbənin Rusiya olmasına inanır və bu yanlışdır.
*** Buna da bax: Trump-ın keçmiş kampaniya rəhbərini ev məhbusluğundan azad etməyiblər
“Onlar ajiotaj içindədirlər. Elə bilirlər, bunu Rusiya maliyyələşdirib. Əlbəttə, elə deyil. Pul mənim bank hesabımdan gəlib”, – o söyləyib.
“ƏMİN OLMAQ İSTƏYİRİK”
Cənab Posner-in sözlərinə görə, onlar Amerikada seçkiyə müdaxilə iddialarını görəndən sonra Facebook kimi şirkətlərlə dialoqa başlayıblar ki, burada da belə bir şeyin baş vermədiyindən əmin olsunlar.
“Araşdırmalarımız siyasi maliyyələşməylə bağlı mövcud qaydaların pozulmasına dair dəlil ortaya çıxarsa, onda öz təhqiqatımıza başlayacağıq. Digər cinayət hərəkətlərinin törədildiyini düşünsək, onda araşdırma üçün polisə müraciət edəcəyik”, – o deyib.
Təhlükəsizlik mənbələrinin mövqeyincə, Moskvanın məqsədi qərb ölkələrində siyasi sistemdə sabitsizlik yaratmaq olub. Bir mənbə qəzetə deyib: “Rusiya Böyük Britaniyada fəaliyyət göstərməyibsə, buna təəccüblənərik”.
*** Buna da bax: ABŞ-da Rusiyanın Facebook-dan aldığı reklamlar açıqlanıb
ABŞ-ın aparıcı konqresmenlərindən olan Angus King bu həftə senatın kəşfiyyat komitəsində bildirib ki, Fransa və Almaniyadakı olduğu kimi, “Rusiyanın İspaniyanın parçalanmasında rolu olmasına öyrənirik. Anladığım qədərilə, onlar Şotlandiyada da işə başlayıblar, orada da müstəqillik səsverməsindən danışırlar. Bu, mürəkkəb ümumdünya strategiyasıdır”.