Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:05

Xalq artisti keçmiş işçilərindən 804 min pul tələb edir


Leyla Şıxlinskaya
Leyla Şıxlinskaya

Xalq artisti Leyla Şıxlinskaya öz adını daşıyan klinikasında çalışmış, onun şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunmuş keçmiş işçilərindən 804 min manat pul istəyir. «Leyla Şıxlinskaya klinikası»nın nümayəndəsi, vəkil Günay Sultanova məhkəmədə belə bir iddia qaldırıb.

Klinikanın 7 nəfər keçmiş işçisi - Şəhla Abbasova (baş mühasib), Polad Əliyev, Səkinə Qasımova (mühasib), Aytən Hüseynova (kassir), Mədinə Hüsüyeva, Nigar Rzaquliyeva Yelena Abdullayeva CM-nin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə ittiham olunur. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Noyabrın 20-də məhkəmənin hazırlıq iclası keçirilib.

TƏQSİRLƏNDİRİLƏN ŞƏXSLƏR NARAZIDIRLAR

Keçmiş işçilərini böyük məbləğdə mənimsəmədə suçlayan L.Şıxlinskayanın nümayəndəsi 804 min 343 manatlıq mülki iddianı da elə hazırlıq iclasında qaldırıb. Vəkil deyib ki, mənimsəmə nəticəsində klinikaya bu qədər ziyan dəydiyi hesablanıb. Ona görə də mülki iddianın təmin olunmasını, bu məbləğin təqsirləndirilən şəxslərdən tutulmasını istəyirlər.

***Buna da bax-'Leyla Şıxlinskaya'nın işçiləri məhkəmə qarşısında - 700 min manatlıq suçlama

Klinika bu cinayət işində zərərçəkmiş tərəf kimi tanınıb. Klinikanın nümayəndəsinin daha bir istəyi isə keçmiş işçilərin həbsi haqda olub. 7 nəfər təqsirləndirilən şəxs qismində tanınsa da, istintaq və məhkəmə dövrü üçün onların barəsində başqa yerə getməməyə dair iltizam, polis nəzarətinə vermə qətimkan tədbirləri seçilib. Amma Şıxlinskayanın vəkili bu qətimkan tədbirlərinin dəyişdirilməsini və onların məhkəmə gedən müddətdə də həbsdə saxlanmasını istəyib.

Təqsirləndirilən şəxslər və onların vəkilləri vəsatətlərin əleyhinə çıxıblar. Deyiblər ki, hələ heç məhkəmə işə mahiyyəti üzrə baxmayıb, adamların təqsirli olub-olmadığı müəyyənləşdirilməyib, onların bəri başdan həbsi və üzərilərinə 804 min manat ödəmək öhdəliyinin qoyulması ədalətsizlik olar.

Prokuror mülki iddianın icraata götürülməsini, onun təmin edilib-edilməməsi haqda qərarın isə məhkəmənin sonunda verilməsini məqsədəuyğun sayıb. Təqsirləndirilən şəxslərin indidən həbs olunub-olunmaması məsələsini isə məhkəmənin mülahizəsinə buraxıb.

***Buna da bax-Günel Mövlud. Leyla Şıxlinskayanın müsahibəsi

Hakimlər mülki iddianı icraata götürüb. Bununla belə, bildirilib ki, zərərçəkmiş tərəf iddia olunan ziyanla bağlı lazımi sənədləri məhkəməyə təqdim etməyib. Vəkildən həmin sənədlər istənilib.

Təqsirləndirilən şəxslərin həbs olunması haqda vəsatət isə təmin olunmayıb.

Məhkəmə baxışı noyabrın 24-nə təyin edilib.

XATIRLATMA

Bu iş üzrə istintaqı əvvəlcə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi aparıb.

Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir və L.Şıxlinskayanın onları şərlədiyini deyirlər.

Keçmiş baş mühasib Şəhla Abbasova mətbuata müsahibəsində klinikada «qara mühasibatlıq» olduğunu, nəticədə vergidən yayınma halları baş verdiyini demişdi.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində klinikanın keçmiş işçiləri ilə bağlı araşdırma aparılarkən vergidən yayınma halları aşkarlanıb. Bununla əlaqədar cinayət işi ayrılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib. Vergidən yayındırıldığı iddia olunan məbləğin isə 2 milyon manatdan çox olduğu bildirilir.

L.Şıxlinskaya da rəhbərlik etdiyi klinikaya qarşı vergidən yayınma ittihamı ilə cinayət işi başlandığını mediaya təsdiqləyib:

«Mənim günahım varsa, cavab verməli olacam. Klinikada maliyyə məsələlərinə cavabdeh deyiləm. İmza qoymağa belə ixtiyarım yoxdur. Mən orada ancaq təsisçiyəm, nə müdir, nə də mühasibəm. Rəsmi olaraq, maaş və digər məsələlərə qarışmağa ixtiyarım yoxdur. Sənədlərə direktor, baş həkim və baş mühasib imza ata bilər».

XS
SM
MD
LG