Avropa Birliyi ölkələrinin liderləri Brüsselə səfərə gələn Azərbaycan prezidenti İlham Əliyevə təzyiq göstərməlidirlər ki, tənqidçiləri əzməyə son qoysun və konkret, davamlı insan haqları islahatlarına getsin.
Bunu dünyanın ən nüfuzlu insan haqları və media təşkilatlarının da daxil olduğu 37 QHT Avropa Birliyinə üzv olan 28 ölkənin liderlərinə ünvanladıqları məktubda yazırlar.
Məktubu imzalayanlar arasında Amnesty İnternational, Human Rights Watch, Freedom House,Index on Censorship, Sərhədsiz Reportyorlar və başqaları var.
Məktubda deyilir ki, noyabrın 24-də Brüsseldə Avropa Birliyinə üzv olan 28 ölkənin və Şərq Tərəfdaşlığı proqramına üzv olan 6 ölkənin – Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynaın liderləri görüşəcək.
Bununla bağlı İnsan Haqları üzrə Beynəlxalq Tərəfdaşlıq (İPHR) təşkilatının direktoru Brigitte Dufour deyir: “Avropa Birliyi bəyan edib ki, , Şərq Tərəfdaşlığı ölkələrinin canlı vətəndaş cəmiyyəti və azad mediası olmalıdır. Əliyev Azərbaycanı bu testdən keçmir”.
O əlavə edir ki, “Avropa liderləri aydın bildirməlidirlər ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyətini əzməyi, tənqidi səsləri susdurmağı dayandırmayınca, Azərbaycanla daha sıx əlaqələr olmayacaq”.
Məktubda xatırladılır ki, 2020-ci ilə Şərq Tərəfdaşlığı proqramına qoyulan 20 məqsəd arasında canlı vətəndaş cəmiyyəti demokratik, stabil, çiçəklənən ölkənin və cəmiyyətin əsas şərtlərindən biri kimi qeyd olunur.
Məktubda bildirilir ki, Azərbaycanda müstəqil medialar bağlanır, jurnalistlər, insan haqları müdafiəçiləriqorxudulur, təqib olunur.
Human Rights Watch Təşkilatının Avropa və Mərkəzi Asiya üezrə direktoru Philippe Damm isə deyir ki, Azərbaycan Şərq Tərəfdaşlığı proqramının əsas prinsiplərinə zidd getdiyi vaxt Avropa Birliyi sakit durmamalıdır, Avropa Birliyi İlham Əliyevin diqqətinə çatdırmalıdır ki, o, insan haqlarına riayət etməlidir vəbu sahədə islahatlar aparmalıdır.