Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:58

Azərbaycan firavanlıq indeksində 103-cüdür


Bakı bulvarı
Bakı bulvarı

Azərbaycan firavanlığa görə 149 ölkə içində 103-cü yerdədir. Yəni ötənilki reytinqdən 3 pillə irəliləyib.

Legatum Firavanlıq İndeksi noyabrın 29-da açıqlanıb. Bu indeks yoxsulluqdan firavanlığa aparan yolları müəyyənləşdirir. Həmin məqsədə nail olmaqdan ötrü indeksdə firavanlığa gərəkən şərtlər təsvir olunur.

Legatum bu şərtlərin doqquz bənddən ibarət olduğunu bildirir: iqtisadiyyatın keyfiyyəti, biznes mühiti, idarəçilik, şəxsi azadlıq, sosial kapital, salamatlıq və təhlükəsizlik, təhsil, səhiyyə və ətraf mühitin durumu.

*** Buna da bax: 'Qul bazarı'nda: 'Başqa imkanımız yoxdur, and olsun allaha...' [video]

AZƏRBAYCAN VƏ QONŞULARI

Azərbaycan iqtisadiyyatın keyfiyyətinə görə 98 (ötən il 102), biznes mühitinin durumuna görə 81-ci (78) yerdədir. İdarəçiliyin inkişaf göstəricisi 128-dir, ötən il 127 idi.

Təhsil göstəricisi 46 (ötən il 44), şəxsi azadlığın inkişaf səviyyəsi 123, səhiyyənin durumu 71-cidir.

Ölkə təhlükəsizliyə görə 70 (116), sosial kapitala görə 137 (133-cü yer), ətraf mühitin inkişafına görə 138-ci (141) yeri tutub.

Azərbaycanın qonşularından Türkiyə 88, Gürcüstan 84, Ermənistan 96, Rusiya 101-ci yerdədir.

*** Buna da bax: Azərbaycan firavanlıq indeksində 103-cüdür

Qeyd edək ki, Azərbaycan 2015-ci ildə firavanlığa görə 71-ci idi.

Builki firavanlıq indeksində birinci yerdə Norveç, sonuncu Yəməndir.

ƏSAS TAPINTILAR

Bu ilki indeks dünyada firavanlığın bu il gücləndiyini və son on ilin ən yüksək səviyyəsinə çatdığını üzə çıxarıb. İndi firavanlıq 2007-ci ildəkindən 2,6 faiz yüksəkdir. Üstəlik, 2012-2017-ci illərdə firavanlıq artımı 2007-2012-ci ildə olduğundan daha sürətli gedib. Di gəl, artıq beş ildir indeksdə ən yüksək və ən aşağı bal toplayan ölkələr arasındakı uçurum genişlənir. Bu o deməkdir ki, ümumilikdə firavanlıq artsa da, heç də bütün ölkələr bu artımdan faydalana bilmirlər.

2017-ci ildə firavanlığın Asiya-Sakit Okean regionundakı kimi gücləndiyi region yoxdur. İrəliləyiş daha çox biznes mühitinin yaxşılaşması sayəsində əldə olunub. Ən çox əhalinin toplaşdığı Hindistan (100-cü), Çin (90-cı), Pakistan (137-ci) və İndoneziyada (59-cu) bu, daha çox görünüb. İndi bu regionda kreditə çatımlılıq da asanlaşıb, intellektual mülkiyyət hüquqlarının təminatı da yaxşılaşıb.

*** Buna da bax: Deputat : 'Yaşayış minimumu həyat tələblərinə cavab vermir'

İndeksdə ilk dəfə olaraq, Qərbi Avropada firavanlıq Şimali Amerikadakından önə çıxıb. Qərbi Avropada bu indeks sabit qalıb, Şimali Amerika isə qətllər və vətəndaşların din azadlığına cəmiyyətin artan təzyiqi ucbatından sürətlə geriləyib.

XS
SM
MD
LG