Ölkədə iqtisadi islahatlar, pambıqçılıqla məşğul olan fermerlərin qazancı və orta pensiya məbləğinin ehtiyacları qarşılayıb-qarşılaya bilməməsi medianın aparıcı mövzularındandır...
Pensiyalar nə qədər artacaq
«Novoye Vremya» qəzeti «Azərbaycanda nə zaman layiqli pensiya olacaq?» sualını gündəmə daşıyır.
Müəllif yazır ki, indiki pensiya ilə normal yaşamaq mümkün deyil. Bu pul ərzaq və kommunal ödənişlərə güclə yetir. Üstəlik, sağlamlıqla bağlı ciddi nəsə yaranarsa, adama sadəcə «ayağını uzadıb, ölümü gözləmək qalır»:
«Təəssüf ki, bunu ölkədə 1.3 milyon nəfərdən çox olduğu bildirilən pensiyaçıların əksəriyyəti deyə bilər. Baxmayaraq ki, 10 ildən çoxdur ölkədə pensiya islahatları gedir, amma ahıl insanların çoxunun həyat səviyyəsində köklü dəyişiklik görünmür».
Müəllif pensiya ilə bağlı qanunvericilikdə dəyişikliklər olmasını, baza hissəsinin ləğvini, əvəzində «minimal pensiya» anlayışının gətirilməsini və pensiyaya çıxmaqdan ötrü yaş həddinin artırılmasını xatırladır.
Yazıda həmçinin bildirilir ki, indi artıq məcburi dövlət sosial sığorta ödənişlərinin 50 yox, 90 faizi vətəndaşın şəxsi hesabına köçürülür.
Müəllif bildirir ki, əvvəlcə pensiyaların baza hissəsi inflyasiyaya uyğun artırılırdı, indi isə əməkhaqqının artımı nəzərə alınır.
Yazıda oxucuların nəzərinə çatdırılır ki, 2018-ci ildə pensiyaların orta məbləği 216.5 manat, pensiyaçıların sayı isə 1 milyon 304.1 nəfər olacaq.
Müəllif vurğulayır ki, 2017-ci ildə ölkədə orta aylıq maaş 525.6 manatdır. 2016-cı il ilə müqayisədə 7.2 artım baş verib:
«Bu 7.2 faiz əməkhaqqı artımı ilə pensiyalar artırılacaq. Beləliklə, orta pensiya alanların pensiyası 15 manat artacaq. 11 ay ərzində isə inflyasiya 13.4 faiz olub. Ərzaq məhsulları isə 17.1 faiz bahalaşıb».
«İran və Türkiyədə pambığın alış qiyməti Azərbaycandan bahadır»
Azadliq.info saytında «Pambıqçı fermerlər ili zərərlə başa vurublar» sərlövhəli yazıda ekspert Vahid Məhərrəmovun düşüncələrinə yer verilib.
V.Məhərrəmov hesab edir ki, pambıq toplanılmasında ifadə edilən rəsmi rəqəmlərlə gerçək vəziyyət üst-üstə düşmür:
«Apardığımız hesablamalar göstərdi ki, pambıqçılıqla məşğul olan fermerlər, kəndlilər ümumi ölkə üzrə 12 milyon manat məbləğində zərərə məruz qalıblar».
Ekspert xatırladır ki, dekabrın 15-nə verilən məlumata görə, 136 min 413 hektar sahədən 202 min 12 ton pambıq yığılıb. Bu isə ölkə üzrə hər hektardan indiyə kimi 14.8 sentner məhsul toplanması deməkdir. V.Məhərrəmov vurğulayır ki, bu göstərici ən yaxşı halda ilin sonuna qədər 0.01-0.02 sentner arta bilər.
Ekspertin fikrincə, bu hesablamalara əsasən, artıq indidən bildirmək olar ki, keçən illə müqayisədə bu il hər hektardan 250 kiloqram az pambıq əldə olunub.
V.Məhərrəmov bildirib ki, pambıq toplanması üzrə 2016-cı ilin istehsal göstəriciləri son 5 ilin ən aşağı həddi olub. Ekspert xatırladıb ki, 2012-ci ildə hər hektardan 19.5 sentner, yəni indiki göstəricidən 4.7 sentner artıq məhsul əldə edilib:
«Bu il məhsulun az, alış qiymətinin ucuz olması 10 minlərlə kəndlilərin müflis olmasına səbəb olub. Qeyd etməliyəm ki, yüksəkkeyfiyyətli pambığın 1 kiloqramının alış qiyməti 50 qəpik müəyyən edilib».
Ekspert deyib ki, qonşu İranda və Türkiyədə pambığın alış qiyməti Azərbaycanda bahadır.
V.Məhərrəmovun açıqlamasına görə, bu il pambığın becərmə xərci ümumi ölkə üzrə hər hektara 830 manat təşkil edib.
Ekspert vurğulayır ki, bu xərcin ödənilməsindən ötrü fermerlər, kəndlilər emal müəssisəsinə bir hektardan 1 ton 660 kiloqram məhsul təhvil verməli idilər.
İqtisadi müzakirələr…
«Azərbaycan» qəzetində «Mingəçevirdə regiondan olan 300-ə yaxın sahibkarın iştirakı ilə ictimai müzakirələr aparılıb» sərlövhəli yazı yer alıb.
Yazıda bildirilir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Aran iqtisadi rayonu üzrə «Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər» mövzusunda regional ictimai müzakirəni davam etdirib.
Müəllif vurğulayıb ki, Mingəçevir şəhərində təşkil olunan müzakirəyə 300-ə yaxın sahibkar, bələdiyyə və ictimaiyyət nümayəndəsi qatılıb:
«Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə, xüsusilə bölgələrdə sosial-iqtisadi sahədə yüksək nailiyyətlər əldə edilib. Respublikamızda aparılan uğurlu siyasət nəticəsində Aran iqtisadi rayonunun, o cümlədən Mingəçevir şəhərinin hərtərəfli inkişafı üçün böyük işlər görülüb. Bu proses hazırda da uğurla davam etdirilir».
Yazıda qeyd edildiyinə görə, Prezident Administrasiyası təmsilçisi Elxan Mikayılov vurğulayıb ki, bir neçə aydır bölgələrdə davamlı keçirilən regional müzakirələrin əsas məqsədi sahibkarlıq subyektlərinin, bələdiyyələrin və başqa maraqlı tərəflərin iqtisadi təşəbbüslərini dəstəkləməkdir:
«2016-2017-ci ildə Azərbaycanda 150-yə yaxın islahat tədbiri həyata keçirilib. Bu tədbirlər vergi, gömrük, biznes mühitinin yaxşılaşdırılması, yoxlamaların dayandırılması, lisenziyaya icazələr sisteminin təkmilləşdirilməsi və bir sıra digər sahələri əhatə edir».
Yazıda vurğulanır ki, sahibkarlığın inkişafını təmin etmək məqsədi ilə ölkədə iqtisadi təşviq və imtiyaz mexanizmləri işə salınıb. Bank sektorunun inkişafı və maliyyə dayanıqlılığı ilə bağlı məsələlər də diqqət mərkəzindədir.