“Müsəlman Birliyi” hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırovun haqqında yeni cinayət işi başlanıb. Bu haqda AzadlıqRadiosu-na ilahiyyatçıyla dekabrın 25-də telefonla danışmış ailə üzvləri məlumat verib.
Yaxınlarının sözlərinə görə, T.Bağırova bu dəfə CM-nin 317-2 (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsi ilə ittiham verilib. İddia olunur ki, ilahiyyatçı Kürdəxanıdakı istintaq təcridxanasından Qobustandakı həbsxanaya köçürülərkən üzərindən 7 mini kart tapılıb.
Buna da bax: 'Nardaran işi-2': Prokuror: 'Elçin Qasımov və Ağaəli Yəhyayevin hər birinə 16 il...'
“İSLAM HƏMRƏYLİYİ İLİNİN ƏVVƏLİNDƏ... VƏ SONUNDA...”
“Məndən götürülən 7 mini kart ekspertizaya göndərilmişdi. Ekspertiza rəy verdi ki, həmin kartlarda heç bir qanunsuz material askarlanmayıb. Buna baxmayaraq, necə olursa olsun, məni yenidən şərləmək məqsədi ilə mini-kartları silah-sursat, kəsici, deşici alət kimi dəyərləndirib, yeni cinayət işi açıblar. İslam həmrəyliyi ilinin əvvəlində şərləyib, məhkum etdikləri kimi, sonunda da şərləməyə davam edirlər”, – T.Bağırov haqqındakı yeni cinayət işinə belə münasibət bildirib.
Yaxınları da deyir ki, mini kartlarda həbsxanada dinləmək üçün musiqilər olub.
Buna da bax: 'Bir gün Əliyev hakimiyyətinə xidmət edib çöldə olmaqdansa...'
T.Bağırov iyulun 28-də Qobustandakı qapalı həbsxanaya köçürülüb. Həbsxanaya gətirilən kimi onun üzərində axtarış aparılıb, üzərindən mini kartların da həmin vaxt tapıldığı iddia olunur. Qobustana gətiriləndən dərhal sonra ilahiyyatçı həbsxanada cərimə kamerasına (“kars”) salınıb.
T.Bağırov və digərlərinin iyulun 20-də «Nardaran işi» üzrə məhkəmədə baş vermiş insidentə görə cəzalandırıldığı söylənirdi. Həmin gün Bakı Apellyasiya Məhkəməsində T.Bağırov və onunla mühakimə olunan 17 nəfərin məhkəmə hökmündən verdikləri şikayətə baxılıb. Vəkillərdən sonra təqsirləndirilən şəxslər də çıxış etmək istəyiblər. Ancaq onlardan yalnız ikisi ifadə verib. Hakim təqsirləndirilən şəxsləri tam dinləmədən sözü prokurora verəndə, məhkəmə iclasında qalmaqal yaranıb. Təqsirləndirilən şəxslər Əmir Bayramovun sədrlik etdiyi hakimlər heyətinə ayaqqabılarını və əllərindəki su qablarını atıblar.
Buna da bax: 'Məni İlham Əliyev eşitsin, dövləti çevirən onun özüdür'
İnsidentlə əlaqədar məhkəmə yarımçıq qalıb, hamı salondan çıxarılıb. Bir neçə saat sonra vəkillərə xəbər verilib ki, Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxslər haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanmasına dair qərar çıxarıb.
XATIRLATMA
T.Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda həbs olunub. İkisi polis olmaqla, 6 nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində ilahiyyatçı ilə yanaşı, daha 16 nəfər saxlanılıb.
Nardaranda və ondan öncə ilahiyyatçı Elçin Qasımovun həbsinə görə Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
Buna da bax: Taleh Bağırov: 'Belələrinin qarşısında sınmayın'
Ağır maddələrlə təqsirləndirilənlərin işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. T.Bağırov və daha 17 nəfərin işinə birlikdə baxılıb. T.Bağırov, Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19 il, digərlərinə isə 10 ildən 17 ilədək həbs cəzası verilib.
On iki nəfərdən ibarət daha bir qrupun, o cümlədən ilahiyyatçılar Zülfüqar Mikayılov və Elman Ağayevin məhkəməsi bir müddət öncə yekunlaşıb. Onlara 13 ildən 16 ilədək həbs cəzası verilib. Elçin Qasımov və daha 11 nəfərin məhkəməsində isə təqsirləndirilən şəxslərin son söz deməsi mərhələsidir.
Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.
Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.