İranda bahalanma əleyhinə etirazlarla başlanan nümayişlərdə ölkənin Ali lideri Ayətula Khameneinin istefası kimi siyasi tələblər də səsləndi.
İranda ali liderin dəyişə biləcəyi məsələsi vaxtaşırı gündəliyə gəlir. İlk dəfə bu, 2014-cü ildə olub. Prostat vəzisindən cərrahiyyə əməlyyatından sonra 75 yaşlı Ali liderin əvəzlənə biləcəyi ehtimalları irəli sürülürdü.
2015-cı ilin dekabrında isə eks-prezident Ali Akbar Hashemi Rafsanjani varislik məsələsini ictimailəşdirdi. O bildirdi ki,ekspertlər şurası kimin növbəti ali lider ola biləcəyini araşdırıb.
Hərçənd bu ehtimallar özünü doğrultmadı, ancaq ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi və İran təhlilçisiRay Takeyh Azadlıq Radiosuna deyirdi ki, İranda siyasi, iqtisadi vəziyyət qarışsa, İran hakimiyyəti çevik şəkildə dini lideri dəyişib, “irəliyə doğru hərəkət və güc təəsüratını saxlamağa çalışa bilər”.
Buna da bax: Iranda etirazlar: Cəmiyyət və iqtisadiyyat son 8 ildə necə dəyişib (Rəqəmlər)
İndi İranda məhz belə durumdur. Hakimiyyət Khameninin əvəzlənməsinə gedə bilərmi və getsə, onun yerinə kim gələ bilər?
İranda siyasi prosesləri proqnozlaşdırmağın çox çətin olduğunu deyən təhlilçilər bununla belə, Ali Lider roluna namizəd kimi bəzi siyasi simaların adlarını çəkirlər.
Mahmud Hashemi Shahrudi
İran ədliyyə sisteminin keçmiş rəhbəri, Məsləhət Şurasının indiki rəhbəri, Ali Lideri seçən Ekspertlər Məclisinin üzvü Shahrudi mühafizəkar dini xadimlərin görkəmli təmsilçisidir. O, Qum şəhərində islam hüququndan dərs deyir. O, heç bir qruplaşmanın üzvü deyil və ali dini lider olmağa ən şanslı namizəd sayılır.
70 yaşlı Shahrudi İraqın Nəcəf şəhərində iranlı ailəsində doğulub. Onun vebsaytının yazdığına görə, Səddam Hüseynin prezidentliyi dövründə - 1974-cü ildə onu İraqda həbs ediblər və həbsdə ona işgəncələr verilib.
1979-cu ildə İrana gedib və İran inqilabında iştirak edib.
Shahrudi ədliyyə sisteminə başçılıq edəndə islahatların vacibliyindən danışırdı. O, özündən əvvəlki sədr Mohammad Yazdini də tənqid edirdi.
Ancaq Shahrudinin tənqidçiləri deyirlər ki, onun özü heç nəyi əhəmiyyətli dəyişə bilmədi.
Məsələn, Shahrudi daş-qalaq etməklə ölüm cəzasına2002-ci ildə moratorium qoymuşdu, ancaq bu əmrə baxmayaraq daş-qalaq davam edirdi.
Sadegh Larijani
İran ədliyyəsinin indiki rəhbəri Sadegh Larijani Ali Lider Khameneiyə yaxın şəxs hesab olunur. Onu bu vəzifəyə2009-cu ildə Khamenei qoyub. 2001-ci ildə Khameneinin göstərişi ilə o,çox nüfuzlu Konstitusiyanı Mühafizə Şurasının ən gənc üzvü oldu.
Vaşinqtondakı İran təhlilçisi Mehdi Khalajinin fikrincə, 57 yaşlı Larijani İranın kəşfiyyat və hərbi dairələrinə çox yaxındır.
Larijani də İraqın Nəcəf şəhərində anadan olub. 1979-cu il inqilabından sonra İrana gəlib. Onun qardaşı Ali Larijani də mühüm siyasi vəzifələr tutur.
Sadegh Larijaninin ədliyyə sisteminə başçılıq etdiyi dövrdə edamlar, o cümlədən, dar ağacından asma edamları artıb. Larijani deyir ki, insan haqları çərçivəsində qaldırılan bir çox məsələlər, o cümlədən ölüm hökmünün əleyhinə çıxma İslama ziddir, çünki qisas, yəni əvəzçıxma qaydası Quranda aydın şəkildə yazılıb.
Hassan Rohani
İranın mötədil prezidenti Hassan Rohani İrana qarşı sanksiyaları götürmək üçün Qərblə nüvə razılaşmasını yoluna qoyandan sonra onun populyarlığı artmışdı.
70 yaşlı Hassan Rohani müxtəlif güclər arasında ustalıqla manevr edən siyasətçi və lobbiçi kimi tanınır.
Ona hətta “diplomatik şeyx” adını veriblər.
Rohani prezident seçiləndə iranlıların haqlarının daha çox təmin olunacağını vəd edirdi. Müşahidəçilərin fikrincə onun prezidentliyi dövründə mədəni haqlar bir qədər artıb, dövlətin təzyiqləri bir qədər azalıb,ancaq Rohani ev dustaqlığında olan müxalifətçiləri azad edəcəyini bildirirdi, bu, baş tutmadı.
Hassan Khomeini
İran İslam Respublikasının banisi Ayətulla Khomeininin nəvəsi olan 46 yaşlı Hassan Khomeini Qum şəhərində ilahiyyat dərsi verir.O, mötədil ruhani hesab olunur. Hətta islahtçılarla əlaqələrinə görə sərt xətt tərəfdarlarının təzyiqinə məruz qaldı.
Qum şəhərindən olan islahaçı ruhani Fazel Meybodinin sözlərinə görə, Khomeini açıq fikirli, xarizmatik, mötədil şəxsdir.
Mojtaba Khamenei
Ali liderin 6 uşağından biri olan 49 yaşlı Mojtaba Khameneinin atasının yerinə gələ biləcəyi ilk dəfə 2009-cu ilin müxalifət nümayişlərində səslənib.
Elə o vaxt Mojtaba Khameninin həmin nümayişlərin zorakılıqla dağıdılmasında təşkilatçılardan olduğu barədə fikirlər səslənirdi.
Ancaq parlamentin keçmiş spikeri Gholamali Haddad Adelin fikrincə, bütün bunlar şayiələrdir. Məqsəd ali liderlə xalqı bir-birindən uzaqlaşdırmaqdır.
Mohammad Taghi Mesbah Yazdi
Bu, 84 yaşlı Ayətulahın ləqəbi timsahdır. İranın ən radikal ruhanilərindən biridir. Ekspertlər Məclisinin üzvüdür. Sərt xətt tərəfdarı keçmiş prezident Ahmadinejadın qatı tərəfdarı idi.
İslahatların həmişə əleyhinə olub. 1998-ci ildə bir çıxışında deyirdi ki, islam demokratiya ilə bir araya sığmır.
Bu yaxınlarda isə demişdi ki, İrana ən böyük təhlükə xarici aləmin İrana mədəni nüfuz etməsindən gəlir.