Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 20:48

Sosial media demokratiyaya təhdiddir?


İllüstrativ foto
İllüstrativ foto

Facebook sosial şəbəkəsi dünən – yanvarın 22-də etiraf edib ki, sosial medianın partlaması demokratiyaya potensial təhdid yaradır. Sosial şəbəkə bu problemin həllinə girişəcəyini, güclü platformasını “yaxşılığa” işləyən qüvvəyə çevirəcəyini elan edib.

Son vaxtlar Facebook-a tənqidlər güclənib, onun 2 milyard istifadəçisi arasında dezinformasiyanın yayılmasını önləyə bilmədiyi qeyd olunur. Buna parlaq misal kimi 2016-cı ildə ABŞ-da prezident seçkisində Rusiyadan qaynaqlandığı bildirilən reklamlarla istifadəçilərə təsir göstərməyə çalışıldığı göstərilir.

*** Buna da bax: Facebook rəqəmsal təlim mərkəzləri açır

Facebook-un ictimaiyyətlə iş üzrə rəsmisi Samidh Chakrabarti bloq yazısında qeyd edib ki, o, “internetin hətta çox yaxşı işləyən demokratiyaya belə vura biləcəyi ziyanı” görür.

“2016-cı ildə pis oyunçuların platformamızdan sui-istifadə etməsini xeyli gec anladıq. İndi bu risklərin aradan qaldırmağa çalışırıq”, – o vurğulayıb.

ETİBARLILIQ DƏRƏCƏLƏMƏSİ

Hazırda Facebook imicini yaxşılaşdırmağa çalışır, ötən həftə elan edib ki, istifadəçilərə saxta xəbər axınını önləməkdən ötrü xəbər mənbələrini etibarlılığa uyğun olaraq “dərəcələmək” imkanı verəcək.

Neqativ təsirlərlə mübarizə aparmaq və platformamızın demokratiyanın xeyir mənbəyi olmasını təmin etməkdə qətiyyətliyik”, – Facebook-un qlobal siyasət və hökumətlə iş üzrə rəhbəri Katie Harbath deyib.

Facebook, Google və Twitter-lə birlikdə saxta xəbərlərin yayılmasını asanlaşdırdığına görə beynəlxalq miqyasda tənqid olunur. Bəzi xəbərlərin də ABŞ-dakı seçki, Brexit səsverməsi və digər seçkilər öncəsi Rusiyadan idarə olunduğu bildirilir.

*** Buna da bax: Facebook xəbər lentində nəyi dəyişib

Sosial şəbəkənin gəldiyi qənaətə görə, rusiyalı oyunçular iki il ərzində 80 min post yaradaraq Birləşmiş Ştatlarda 126 milyon nəfərə təsir göstərib.

Bir dövlətin cəmiyyəti parçalamaq niyyətilə kibermüharibə aparmaqdan ötrü bizim platformadan istifadə etməsi iyrəncdir”, – Chakrabarti deyib.

Belə bir təhdidi asanlıqla proqnozlaşdıra bilməzdik, amma daha yaxşı işləyə bilərdik. İndisə itirilmiş zamanın əvəzini ödəməyə çalışırıq”, – o, sözlərinə əlavə edib.

REAKSİYALAR

Agentlik yazır ki, Facebook-un xəbər qurumlarını “etibarlılıq” sorğusuna görə dərəcələmək planı qarışıq reaksiya doğurub.

“Data for Democracy” qeyri-kommersiya təşkilatından Renee DiResta optimist olduğunu deyir.

Bu, böyük xəbərdir. Google artıq uzun müddətdir keyfiyyətə görə dərəcələmə aparır. Sosial şəbəkələrin bu nöqtəyə çatmasına nə qədər zamanın getməsi biraz qaranlıq qaldı”, – o, Twitter-də yazıb.

Amma yazar Matthew Ingram-ın fikrincə, bu dəyişikliklər “nəinki saxta xəbər problemini yoluna qoymayacaq, həmçinin durumu yaxşılaşdırmaq əvəzinə daha da pisləşdirə bilər”.

*** Buna da bax: Microsoft Rusiya şirkətlərinə satışı məhdudlaşdırıb

Niyə? Çünki dezinformasiya həmişə həqiqətdən daha maraqlıdır”, – o, “Columbia Journalism Review”da yazıb.

News Corp.-un təsisçisi və sədri Rupert Murdoch da skeptisizm sərgiləyib. “Mark Zuckerberg-in səmimi adam olmasına şübhəm yoxdur, amma naşirləri əndişələndirəcək səviyyədə şəffaflıq çatışmazlığı var…” – Murdoch rəhbərlik etdiyi qrupun yaydığı bəyanatda bildirir. Bu qrup Wall Street Journal-ı, eləcə də Britaniya və Avstraliyada bir sıra qəzetləri nəşr edir.

XS
SM
MD
LG