Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:54

'Növbəsiz seçkinin səbəbləri...'-Media icmalı


İlham Əliyev referendumda səs verir. 2016
İlham Əliyev referendumda səs verir. 2016

Dövlət başçısı İlham Əliyevin Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi ilə bağlı sərəncamı, büdcə şəffaflığı və onun formalaşmasının iqtisadiyyata təsiri medianın aparıcı mövzularındandır...

«Demokratiyanın imitasiyasından imtina»

Azadliq.info saytında «Qaranlıq hökumətin aydınlığı» sərlövhəli yazı oxumaq olar.

Müəllif dövlət başçısı İlham Əliyevin bu il aprelin 11-də növbədənkənar prezident seçkiləri elan edilməsi ilə bağlı sərəncamını öz baxış bucağından təhlil edib.

Yazıda obrazlı ifadə ilə iddia olunur ki, ölkə uzun illərdir zülmətə qərq olub, bir qrup adam bu zülmətdə yalan və talan çırağı yandırıb: «Milyonlarla insan isə bu «çıraq»ın işığına toplaşıb. Əlbəttə, belə işıq ancaq sahibinin yolunu aydınlada bilər. Həmin milyonlar isə bu «işıq»ın ətrafında zülmətə adaptasiya olunur».

Müəllif hesab edir ki, məlum sərəncamla oktyabr ayında baş tutmalı olan seçkini aprel ayına qədər «sürüşdürüblər».

Yazıda vurğulanır ki, yenə belə vacib qarar ictimai müzakirə olmadan qəbul edilib.

Müəllifə görə, Azərbaycanda son 25 ildə bütün seçkilər xalqın iradəsinə söykənməyib:

«Seçiciləri «karusel»lər, topa bülletenlər, Mərkəzi Seçki Komissiyasının fokusları əvəz edib. Yəni, xalq heç vaxt hakimiyyətin mənbəyi ola bilməyib və Konstitusiyanın 1-ci maddəsi həmişə əsirlikdə olub».

Yazıda vurğulanır ki, seçkinin vaxtını 6 ay irəli çəkməklə hakimiyyət opponentlərin prosesə hazırlaşmasını nəzərə almayıb. Müəllifin fikrincə, bu o deməkdir ki, artıq hakimiyyət demokratiyanın imitasiyadan belə imtina etməkdədir:

«Amma bu qaranlıq məqamda aydın mənzərə də var. Hökumət çox narahat olduğunu, qorxduğunu, beynəlxalq aləmdə limitinin bitdiyini, sığındığı Rusiyanın sığortasına belə etibar etmədiyini, oktyabra qədər ölkədə vəziyyətin daha da pis olacağını etiraf etmiş oldu...».

İ.Əliyev
İ.Əliyev

«İslahatları tezləşdirmək»

«Azərbaycan» qəzetində dərc edilən «İlham Əliyev –mütləq çoxluğun namizədi» sərlövhəli yazıda isə dövlət başçısı İ.Əliyevin həmin sərəncamı fərqli yöndən dəyərləndirilir.

Yazıda bildirilir ki, 1992-ci ildə prezident Ayaz Mütəllibovun, 1993-cü ildə isə prezident Elçibəyin hakimiyyətdən devrilməsi ilə bağlı keçirilən növbədənkənar prezident seçkiləri də nəzərə alınsa, bu, üçüncü belə bir qərardır:

«Həmin dövrlərin növbədənkənar seçkiləri hərbi tənəzzülün, iqtisadi böhranın, siyasi təlatümlərin nəticəsi olaraq meydana çıxmışdı. Ən əsası, ölkə rəhbərlərinin öz ali postlarından qaçmaları səbəbindən zərurətə çevrilmişdi. 2018-ci ilin aprel növbədənkənar seçkiləri isə Azərbaycana tarixinin ən qüdrətli dövrünü, ən möhtəşəm inkişafını yaşadan, ümummilli etimad qazanan prezidentin siyasi qərarı ilə gerçəkləşir...».

Yazıda növbədənkənar prezident seçkisinə 2016-cı ildə ölkə Konstitusiyasına edilən dəyişikliklər kontekstində yanaşılır:

«İndiki şərait prezidentdən vacib qərarların qəbulunu tələb edir. Elə seçkilərin 6 ay irəli çəkilməsi də yeni islahatlar kursunun vacib proqramlarının icrasını tez başlamaq üçün İlham Əliyevin xalqdan yeni etimad almasına hesablanıb».

Müəllif iddia edir ki, prezident İ.Əliyevin Azərbaycanı daha da qüdrətləndirmək, dünya birliyinə sivil, modern dövlət kimi qəbul etdirmək missiyası var və ötən 15 ildə buna nail olunub:

«Azərbaycan vətəndaşları, əslində, iki ay sonra baş tutacaq səsverməyə prezident seçkilərindən daha çox, Heydər Əliyev siyasi kursuna və İlham Əliyevin fəaliyyətinə ümumxalq etimad referendumu kimi yanaşır».

Büdcə
Büdcə

Büdcə şəffaflığı

«Exo» qəzetində «Beynəlxalq reytinqlərdə neqativ Azərbaycan» sərlövhəli yazı diqqət cəlb edir.

Yazıda bildirilir ki, Azərbaycan beynəlxalq reytinqlərdə yüksək yerlər tuta bilmir. Müəllif mövzunu iqtisadçı-ekspert, professor Elşad Məmmədovla müzakirə edib.

Yazıda qeyd edilir ki, Beynəlxalq Büdcə Tərəfdaşlığı təşkilatının büdcə şəffaflığına görə reytinqində Azərbaycan 115 ölkə arasında 100 baldan cəmi 34 balla 77-ci yeri tutub.

«Azərbaycanda büdcə tamamilə hökumətin əlindədir. Onun formalaşmasında müstəqil ekspertlər birliyi, ictimaiyyət iştirak etmir. Məhz bu səbəbə görə Azərbaycan, yumşaq ifadə etsək, büdcə şəffaflığına görə, reytinqdə pis yer tutub», - deyə E.Məmmədov vurğulayıb.

Ekspert deyib ki, büdcə göstəricilərinin formalaşdırılması ilə bağlı məsələlər hakimiyyətin yuxarı orqanlarının müstəsna səlahiyyətidir. Amma E.Məmmədovun bildirməsinə görə, dünya təcrübəsi sübut edir ki, onun hazırlanmasında ekspertlərin, ictimaiyyətin iştirakı büdcənin daha dəqiq və səhvsiz formalaşdırılmasına gətirib çıxarır:

«Söhbət təkcə büdcənin şəffaflığından getmir. Onun müasir iqtisadi reallıqlara nə dərəcədə cavab verməsi Azərbaycandan ötrü aktual məsələ olaraq qalır. Bu parametrlər üzrə göstəriciləri yaxşılaşdırmaq üçün dövlət büdcəsinin formalaşdırılmasına çıxışı açmaq lazımdır».

Ekspert deyib ki, o da büdcənin hazırlanması prosesinə öz töhfələrini vermək istəyib:

«Amma təəssüf ki, buna çıxış yoxdur. Bu da var ki, iqtisadiyyatın sonrakı inkişafı büdcənin nə qədər yaxşı fomalaşdırılmasından da asılıdır».

XS
SM
MD
LG