Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:34

Müxalifət: 'Təşkilatlanmış şərhçilər axşam 6-ya qədər işləyirlər'


Facebook-u bürüyən trollar kimdir?
Gözlə

No media source currently available

0:00 0:14:44 0:00

Facebook-u bürüyən trollar kimdir? [video]

“Facebook”da son aylar hakim partiyanı və prezident İlham Əliyevi təbliğ edən yüzlərlə yeni profillər açılıb.

Bu profillər müxalifət liderlərinin, tənqidi media qurumlarının paylaşımlarının altında kütləvi şəkildə iqtidar partiyasının xeyrinə statuslar yazır, hakimiyyətin tənqid olunmasına qarşı çıxırlar.

Hakimiyyətin tənqidçiləri deyirlər ki, hakim Yeni Azərbaycan Partiyası adamları təşkilatlandırıb - saxta profillərlə trollar yaradıb, onları “Facebook”da səfərbər edib ki, hakimiyyətin mövqeyini müdafiə etsinlər.

Buna da bax: Sosial şəbəkələrdə öz adınız, ya təxəllüslə yazmağa üstünlük verirsiz?

Amma Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvü, deputat Məlahət Həsənova deyir ki, partiya belə bir iş görməyib - YAP-ın trolları yoxdur.

Müxalifətdə olan ReAl hərəkatının idarə heyətinin üzvü, “Facebook”da 26 min izləyicisi olan tarixçi alim Altay Göyüşov isə deyir ki, hakim partiyanın belə saxta profilləri virtual məkanda tez-tez onun da qarşısına çıxırlar:

Altay Göyüşov, tarixçi-alim
Altay Göyüşov, tarixçi-alim

"Mənim halımda daha çox Əli Həsənovu, və ya İlham Əliyevi tərifləyirlər. Və ya bizi aşağılamağa çalışırlar. Ayrı-ayrı adamları hökumət müəssisələrinə, bələdiyyələrə çağırıb, şərt qoyular, onlarda siyahılar var ki kimlərin profilinə girib şərh yazmalıdırlar".

Buna da bax: Troll-bloqqer: «12 saata 135 şərh yazırdıq»

Tənqidi fikirləri əks etdirən "Facebook" postlarının altındakı bu kütləvi şərhləri yazan profillərə nəzər salanda məlum olur ki, eyni şərhi dalbadal müxtəlif profillər, dalbadal paylaşır, bu şərhlər daha çox yeni açılmış, fotosu olmayan və fotosu real istifadəçiyə məxsus olması şübhə yaradanlara məxsusdur.

Open Democracy” beynəlxalq dərgisində bu ay, “Azərbaycanda avtoritarizm rəqəmsal mərhələyə keçir” başlıqlı yazı dərc olunub. Yazının həmmüəllifi olan jurnalist Arzu Qeybulla deyir ki, hakimiyyət aktiv şəkildə trolları səfərbər edir. Onun sözlərinə görə, bir qisim troll doğrudan da Əliyev hakimiyyətinin təəssübkeşidir, başqa bir qisim dövlət qurumlarında işləyib, məcburən öz profilindən yazanlardır, üçüncü qisim isə troll kimi işə götürülüb.

Buna da bax: "Azərbaycan trolları" ABŞ-ın ATƏT səfirini hədəfləyirlər

"Bir adam 10-15 profil açır, şərhlər yazır. Onlar daha çox İlham Əliyevin çıxışlarından, rəsmi açıqlamalarını şərh kimi yazırlar. Onlara bir görəv verilir və onlar bunu maaş qarşılığında edirlər".

ReAl-dan Altay Göyüşov isə deyir ki, trollar öz işlərinə məsuliyyətsiz yanaşdılar, özləri özlərini gözdən saldılar- troll olduqlarını tez büruzə verdilər.

Onun sözlərinə görə, YAP-ın icra katibi Əli Əhmədov özü gənclərə müraciət edib, seçki vaxtı aktiv olmağı tövsiyə etmişdi.

Buna da bax: Saxta profili kim və necə müəyyənləşdirəcək?

Müxalifət bu cür trolların təşkilatlanmış şərhçilər olduqlarını deyir. ReAl hərəkatının nümayəndəsi Natiq Cəfərli öz "Facebook" səhifəsində yazır ki, bu profillərin kütləvi şərhçiləri səhər 9-dan axşam 6-a qədər yazırlar, axşamlar işləmirlər.

Natiq Cəfərli
Natiq Cəfərli

Yeni Azərbaycan Partiyasının siyasi şurasının üzvü, deputat Məlahət Həsənova deyir ki, hökumətin troll qrupları yaratması barədə deyilənlər tam yalandır:

Buna da bax: Rusiyanın 'Troll fabriki'ni 'Putinin aşpazı' kimi tanınan şəxs maliyyələşdirir

"Xeyr, qətiyyən elə şey yoxdur. İkincisi, bizim dostlarımız var, özümüzün qrupumuzu yaratmışıq, qohumlarımızla da qruplar yaratmışıq. Onda deyək ki, ailədə təşkilatlanma gedir? Belə yanaşma primitiv yanaşmadır. Bunlar da bilmirlər ki, nə desinlər. Sözləri tükənib, belə sözlərlə insanların hissiyyatına toxunmasınlar".

Məlahət Həsənova
Məlahət Həsənova

AzadlıqRadiosu hələ ki, kütləvi hakimiyyətyönlü şərh yazan profillərin sahibləri isə söhbət etməyə müvəffəq olmayıb.

Radionun rus xidməti 2015-ci ildə, rusiyalı bir keçmiş trolla müsahibə etmişdi. Murad Burxard adlı həmin vətəndaş deyirdi ki, onlar gündə 12 saat, gecə gündüz növbəsini dəyişə-dəyişə işləyirdilər. O vaxtkı pulla ayda 700 dollar alırmışlar.

Buna da bax: İlham Əliyev: 'Azərbaycanda media tamamilə azaddır'

Biz Bakı sakinlərindən soruşmuşuq ki, sizcə, trollar kimlərdir?:

Trollar kimlərdir?
Gözlə
Embed

No media source currently available

0:00 0:00:58 0:00

ReAl-ın İdarə Heyətinin üzvü Altay Göyüşov deyir ki, hökumətin trolları yaratmaqda məqsədi sosial mediada iştirakını artırmaqdır. Belə ki, onun sözlərinə görə, hakimiyyətin nəzarətində olan ənənəvi media populyarlığını itirib, müxalifət “Facebook”da nüfuz qazanıb.

Azərbaycanın beynəlxalq media reytinqi aşağıdır - Avropada ən pis ölkə sayılır. İlk dəfədir ki, seçki ilində Azadlıqradiosu, “Meydan TV” kimi xarici media saytları açılmır, Hakimiyyət, bu tənqidi saytları bloklayıb.

XS
SM
MD
LG