ABŞ prezidenti Donald Trump və dünyanın digər liderləri insan haqlarından imtina edir, digər hökumətlər üçün “təhlükəli presedent” yaradır.
Bunu Amnesty International insan haqları təşkilatı fevralın 22-də açıqladığı illik hesabatda bildirir. Qurumun baş katibi Salil Shetty xəbərdarlıq edir ki, indiki siyasi mühitdə “heç birimiz insan haqlarının tam təmin olunduğunu deyə bilmərik”.
“Dünyada bir çox məsələlərdə nifrət və qorxu üstünlük təşkil edir, hazırkı narahat zamanda çox az hökumət insan haqlarının müdafiəsinə qalxır”, – Shetty bildirib.
“Əvəzində, al-Sisi, Duterte, Maduro, Putin, Trump və Xi kimi liderlər milyon hüquqlarını insafsızcasına bada verir”, – deyən baş katib Misir prezidenti Abdel Fattah al-Sisi, Filippin prezidenti Rodrigo Duterte, Venesuela prezidenti Nicolas Maduro, Rusiya prezidenti Vladimir Putin, Trump və Çin prezidenti Xi Jinping-i nəzərdə tutub.
AZƏRBAYCANDA TƏZYİQLƏR ARTIB
Azərbaycana gəlincə, qurum hesabatda hakimiyyəti ifadə azadlığına təzyiqi gücləndirməkdə suçlayır. Bu təzyiqlərin irimiqyaslı siyasi korrupsiya barədə məlumatlar yayılandan sonra artdığını vurğulayır.
*** Buna da bax: O yerdə ki, medianı boğurlar, orda korrupsiya meydan sulayır
Hesabatda qeyd olunur ki, müstəqil xəbər orqanları bağlanıb, onların sahibləri saxlanıb, hökumətin tənqidçiləri siyasi motivli təqiblə, ədalətsiz məhkəmələrdən sonra həbslə üzləşib.
Amnesty International LGBT icması üzvlərinin qanunsuz saxlandığını, onlarla pis rəftar olunduğunu bildirir. Həbsdə ölüm hallarının hələ də səmərəli araşdırılmadığı vurğulanır.
TRUMP ÖRNƏYİ
“Dünyada İnsan Haqlarının Durumu” adlı hesabatda Trump-ın altı əsasən müsəlman ölkəsindən gələnlərin Birləşmiş Ştatlara girişinə qadağa qoyması önə çəkilir.
Bu qadağa İran, Çad, Liviya, Somali, Suriya və Yəməndən gələnlərin Birləşmiş Ştatlara girişini əngəlləyir.
Amnesty-nin hesabatında 159 ölkə və ərazi dəyərləndirilir, adamların münaqişə, didərginlik, diskriminasiya və repressiyadan necə əziyyət çəkdiyi göstərilir.
*** Buna da bax: AB diplomatını Azərbaycana sərt mesaj verməyə çağırırlar
Repressiya göstəriciləri sırasında Fransada etiraz hüququna məhdudiyyətlər, Birləşmiş Ştatlarda Rusiya və Polşaya qədər bir sıra ölkələrdə qadınların hüquqlarıyla bağlı geriləmə cəhdləri vurğulanır.
“Dünyadakı hüquq müdafiəçiləri Birləşmiş Ştatlar sakinlərinin onları dəstəkləyəcəyindən əmin ola bilərlər, baxmayaraq ki, ABŞ hökuməti belə davranmır”, – Amnesty International-ın ABŞ bölümünün rəhbəri Margaret Huang belə deyib.