Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:51

'Seçki ərəfəsində səxavət boğçası'-Media icmalı


Bazar
Bazar

Birinci vitse-prezident təyinatının bir ilinin tamam olması, ərzaq idxalına aid göstəricilər və bəzi təqaüdlərin artırılması medianın aparıcı mövzularındandır...

Ərzaq məhsulları idxalında artımın səbəbləri

«Yeni Müsavat» qəzetində «Xaricdən niyə bu qədər ərzaq alırıq-səbəblər» sərlövhəli yazı diqqət çəkir.

Yazıda bildirilir ki, 2018-ci ildə ölkəyə ərzaq məsullarının idxalı artıb. Mövzu ekspertlərlə müzakirə edilir.

Müəllif Dövlət Gömrük Komitəsinə istinadən xatırladır ki, 2018-ci ilin yanvarında ölkəyə 99 milyon 210 min dollarlıq məhsul idxal edilib. Burada da ən yüksək pay buğdaya aiddir. Yazıda qeyd edilir ki, 21 milyon 720.36 min dollarlıq və ya 121 min 529.80 ton buğda idxal olunub:

«İkinci yerdə 12 milyon 315.41 min dollarla (25793.39 ton) meyvə-tərəvəz, üçüncü yerdə 8 milyon 785.83 min dollarla (8842.47 ton) bitki və heyvan mənşəli piylər, yağlar gəlir».

Müəllif əlavə edib ki, bu ilin ilk ayında ölkəyə 5 milyon 177.47 min dollarlıq şəkər (11533.13 ton), 4 milyon 935.64 min dollarlıq (840.60 ton) kərə yağı, süddən hazırlanmış digər yağlar, 4 milyon 434.04 min dollarlıq (3011.33 ton) ət və 4 milyon 155.03 min dollarlıq da (1069.41 ton) çay idxal edilib.

Ekspert V.Məhərrəmov deyib ki, 2017-ci ilin yanvarı ilə müqayisədə 2018-ci ilin yanvarında ərzaq idxalında 22 milyon 704 min dollarlıq artım var. Ekspert deyib ki, bu hal ölkənin ərzaq təhlükəsizliyinə də ziddir.

Başqa bir ekspert Rəşad Həsənov isə hesab edir ki, ərzaq məhsulları idxalındakı artım, əsasən, maliyyə bazarlarında məzənnələr dəyişikliyinin nəticəsi kimi ortaya çıxıb:

«Hazırda manatın məzənnəsindəki sabitlik iqtisadi proseslərin təbii axara dönməsinə səbəb olub. Bu da son nəticədə ərzaq məhsulları üzrə idxalın artmasına gətirib çıxarıb».

İ.Əliyev Ağsuda
İ.Əliyev Ağsuda

«Qayğıkeş hökumət»

Azadliq.info saytında «Əliyevin vətəndaşa seçki «qayğı»sı» sərlövhəli yazı oxumaq olar.

Yazıda dövlət başçısı İlham Əliyevin son günlər müxtəlif kateqoriyadan olan şəxslərin təqaüdlərinin artırılması ilə bağlı verdiyi sərəncamları dəyərləndirilir.

Müəllif öncə bu artımların növbədənkənar prezident seçkilərinə ayyarım qalmış edilməsinə diqqət çəkir:

«İndi də seçkilərə ayyarım qalmış «səxavət boxçası»nı açıblar. Ölkə başçısı bir ucdan sərəncam imzalayır və müxtəlif sahələrdə çalışanların maaşlarını artırır, təqaüdlərini çoxaldır».

Müəllifin fikrincə, hökumət ölkədəki kütləvi narazılığı duyur, əhalinin sosial-iqtisadi vəziyyətinin pis olduğunu bilir və buna görə də seçkiyə qədər «qayğıkeş hökumət» roluna girib.

Yazıda vurğulanır ki, bu sərəncamlar milyonları əhatə etmir, yüzləri, minləri ağuşuna alır. Müəllif hesab edir ki, əgər hökumət doğurdan da vətəndaşa qayğı göstərmək istəsəydi, Qarabağda həlak olanların sığorta pulunu verərdi:

«Devalvasiyadan dəyən zərərin müəyyən hissəsini kompensasiya etməyə çalışar, təhsil haqlarını azaldar, monopoliyaları ləğv edər, maaşlarda əhəmiyyətli artıma imza atardı və s.».

Müəllif vurğulayıb ki, hökumət Beynəlxalq Bankın sağlamlaşdırılmasına 10 milyard xərcləyib, amma vətəndaşın zərərini ödəməkdən ötrü 100 milyon verməyib.

M.Əliyeva
M.Əliyeva

Birinci vitse-prezident təyinatından bir il keçdi

«Azərbaycan» qəzetində «Dövlətə, xalqa şərəfli xidmət missiyası» sərlövhəli yazıda prezidentin xanımı Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsinin bir ili qiymətləndirilir.

Müəllif xatırladıb ki, 2016-cı ildə Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib. Ölkədə vitse-prezidentlər institutu yaradılıb. 2017-ci il fevralın 21-də isə dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı M.Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin edilib:

«Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası bir daha aydın görünür. Ona görə Azərbaycan ictimaiyyəti bu təyinat zamanı əmin idi ki, Mehriban Əliyeva tarixin, zamanın, dövlətimizin onun üzərinə qoyduğu bu məsul vəzifəni də ləyaqətlə, mühüm nailiyyətlərlə həyata keçirəcək. Çünki insanlar ondan indiyədək təmsil olunduğu statuslarda yalnız belə fəaliyyət, xalqa, vətənə layiqli xidmət məramı görüblər».

Yazıda vurğulanır ki, M.Əliyeva fəaliyyətini, əsasən, əhalinin zəif müdafiə olunan təbəqələrinin qayğısına, xəstə, valideyn himayəsindən məhrum olmuş uşaqlara köməyə və doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşların sosial problemlərinin həllinə yönəldib.

Müəllif yazıb ki, M.Əliyeva öz siyasi-ictimai fəaliyyəti ilə bu vəzifəyə ən layiqli namizəd olduğunu çoxdan təsdiq etmişdi:

«Birinci vitse-prezident Mehriban Əliyevanın prezident İlham Əliyevin silahdaşı kimi dövlətimizə və xalqımıza layiqincə xidmət edəcəyi, Azərbaycanın daha da çiçəklənməsinə öz töhfələrini verəcəyi, xüsusən sosial qayğıya ehtiyacı olan insanların yanında olacağı aydın idi. Və elə ilk günlərdən bu qənaət özünü uğurla doğrultmağa başladı. Göründüyü kimi, ötən bir ildə Mehriban Əliyevanın fəaliyyəti, gördüyü işlər çoxşaxəli və misilsizdir...».

XS
SM
MD
LG