Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:21

Milli Qəhrəmanın qızı: 'Oradan canını qurtarıb gələ bilənlərin hamısı qəhrəmandır'


Xocalı qətliamı. 1992
Xocalı qətliamı. 1992

37 yaşlı Əfsanə Ələkbərova Milli Qəhrəman Tofiq Hüseynovun qızıdır, hər iki valideynini də 1992-ci il fevralın 26-da Xocalıda itirib. Bir də tək ata-anasını deyil, o gecə 49 qohumunu itirib.

«Xocalının uşağından tutmuş böyüyünə kimi hamısı qəhrəmandır. Qarlı, soyuq, şaxtalı gecə, düşmənin vahiməsi, işgəncələr... Oradan canını qurtarıb gələ bilənlərin hamısı qəhrəmandır», – Əfsanə deyir.

«Xalam dedi: «Şükür edin ki, ananız əsir düşməyib...»»

Amma Xocalı deyəndə qanlı-qadalı günlərdən öncə «firavan uşaqlığı – atalı-analı, qayğısız günləri» yadına düşür. Daha sonra fevralın 26-da baş verənləri xatırlayır:

«Onda mənim 10 yaşım vardı. Xocalı mütəmadi atəşə tutulurdu. Atam da batalyon komandiri idi. Hər gecə posta gedirdi, Xocalı öyrəşmişdi blokadaya. Bircə hava vasitəsilə əlaqəmiz vardı, son aylarda o da kəsilmişdi. İşıq yox, qaz yox. Hər gecə Xocalını atəşə tuturdular. Biz də qaçıb zirzəmilərdə gecələyirdik. Səhər yenə durub gündəlik həyatımıza davam edirdik. Mən özüm məktəbə, üçüncü sinfə gedirdim. Musiqi məktəbində təhsil alırdım. Bacım, qardaşım vardı. Atam-anam işləyirdi. Heç kəs inanmazdı ki, belə bir faciə törədilər. Atam deyərdi ki, Xocalını heç vaxt düşmənə təslim etməyəcəyik... Uşaq olsam da yadıma gəlir, atam «Meşəli», «Bozdağ» əməliyyatına gedirdi. O gedəndə anamgil ağlaşardı. Sonra xəbər gəldi ki, ermənilər Meşəli kəndini yandırıblar. Atamgil batalyonla köməyə getmişdilər. Atam orda körpə qız uşağını xilas etmişdi. Ondan sonra o, mayor rütbəsi aldı.

***Buna da bax-Gözlənilən bir faciənin tarixçəsi… [Video]

Sonra da həmin gecə məlum faciə baş verdi. Həmin gecədə atamı, anamı, əmimi, xalamı, xalamın iki azyaşlı övladını, nənəmi-babamı, bibimi, bir sözlə, 49 ailə üzvümü şəhid verdim. Atam martın 19-da dəfn olundu. Düşmən əlinə keçməmək üçün özünü partlatmışdı. Biz üç uşaq himayədə böyümüşük. Gözümüz yollarda idi. Anamızın gələcəyini xəyal edirdik... Çox təəssüflər olsun ki, Xocalının 19-cu ildönümündə biz internetdə anamın qətl edilmiş vəziyyətdə şəklini gördük. Ukraynalı jurnalistin şəkilləri arasında anamın da şəkilləri vardı. Kəndin arasında bir qadın körpə uşaqla öldürülüb, bir az aralıda isə iki qadın, daha bir oğlan uşağı var. Onlar mənim ailəmdir. Xalam əsir düşmüşdü. Əsirlikdən qayıdanda başına gələnləri danışıb deyirdi: «Şükür edin ki, ananız əsir düşməyib...». Çox çətindir danışmaq...».

Deputat, yazıçı, redaktor Aqil Abbas isə Xocalı deyəndə «yadıma allahsızlıq düşür» söyləyir:

«Müharibədə insan da ölər, ev də yanar. Bu müharibədir. Ancaq insanları milli mənsubiyyətinə görə işgəncəylə öldürmək – bu allahsızlıqdır».

A.Abbas
A.Abbas

«Dövlətimdən razıyam, əlindən gələni edir»

Xocalı hadisələrinin üstündən 26 il ötür. Azərbaycan parlamenti ona siyasi qiymət versə də, cinayətkarlar hələ də həbs edilməyib. Vaxtilə bu hadisələrə hüquqi qiymət verilməsindən, cinayətkarların məsuliyyətə cəlb olunmasından çox danışılıb. Nəticə?

Ə.Ələkbərova bu işdə hökuməti qınamır, onun Xocalı ilə bağlı mümkün addımları atdığını düşünür: «Xocalı soyqırımı Mehriban xanımın təşəbbüsü ilə xaricdə təbliğ olunur. Soyqırımı haqda mümkün qədər xaricdə danışılır. Mən özüm keçən il Leyla Əliyeva ilə birgə Moskvada bununla bağlı bir tədbirdə iştirak etmişəm, Fransada tədbirlərə qatılmışam. Bacardıqları qədər bunu dünyaya çatdırmağa çalışırlar. Dövlətimdən razıyam, əlindən gələni edir».

***Buna da bax-Xocalı hadisələrinin ukraynalı şahidi: 'Bu, dəhşətli mənzərə idi'

Deputat A.Abbas da «Xocalıya ədalət» kampaniyası çərçivəsində müəyyən işlər getdiyini bildirir, bir sıra ölkələrin, ABŞ ştatların bu faciəni tanıdığını, həm də təbliğatın ancaq hadisələrin ildönümlərində deyil, ilboyu getdiyini vurğulayır.

«Bir gün Nürnberq prosesi kimi Şuşa prosesi də olar»

Bəs cinayətkarlar cəzalandırılmalıdırmı? Bu cinayəti törədənlərin beynəlxalq mühakiməsi mümkündürmü? A.Abbas əvvəl-axır cinayətkarların qanun çərçivəsində cəzasını alacağına əmindir:

«İstintaq gedib. Cinayətkarlar məlumdur. 1994-cü ildə parlamentdə müzakirələr aparıldı və buna siyasi qiymət verildi. Əsas ondan sonra Xocalı ilə bağlı tədbirlər görüldü. Cinayətkarlar da məlumdur. Bunu törədənlər özləri BMT-nin ali kürsüsündə, müsahibələrində etiraf ediblər. Əvvəl-axır hamı qanun qarşısında cəzasını alacaq. Nahaq qan yerdə qalmır. Onlarla bağlı Azərbaycan məhkəmələri qərar çıxarıb, beynəlxalq axtarışa veriblər. İnterpol buna göz yumur. Bir də, beynəlxalq məhkəmə yoxdur. Bir Yuqoslaviya dağılanda bir nəfəri mühakimə etdilər. Beynəlxalq məhkəmə yoxdur, görməmişəm. İnşallah bir gün Nürnberq prosesi kimi Şuşa prosesi də olar. Tək Xocalıda soyqırımı baş verməyib. Ondan qabaq Qaradağlı faciəsi olmuşdu, 69 nəfəri quyuya doldurub öldürmüşdülər. Elə cinayətlər çoxdur. Gün gələr bütün cinayətkarlar cəzasını alar».

E.Qədirli
E.Qədirli

Hüquqşünas: «Məhkəmə perspektivi yoxdur»

Hüquqşünas Erkin Qədirli isə Xocalı qətliamının beynəlxalq məhkəmə perspektivinin olmadığı qənaətindədir. Səbəbini isə bu istiqamətdə məqsədyönlü iş aparılmaması və xeyli vaxt itirilməsi ilə izah edir.

«Hazırda heç bir beynəlxalq cinayət məhkəməsi Xocalı işinə baxa bilməz. BMT-nin Təhlükəsizlik Şurası tərəfindən yaradılmış iki beynəlxalq cinayət tribunalı «ad hoc» (konkret iş üçün) olduqlarına görə, onlar keçmiş Yuqoslaviyada və Ruandada törədilmiş cinayətlərdən başqa heç bir cinayəti araşdıra bilməzlər. Haaqada yerləşən daimi Beynəlxalq Cinayət Məhkəməsi isə yalnız 2001-ci ildən bu yana törədilmiş cinayətləri araşdıra bilər», – hüquqşünas Facebook sosial şəbəkəsində yazır.

E.Qədirli Azərbaycanın Ermənistandan BMT-nin orqanı olan, dövlətlərarası mübahisələri araşdıran Beynəlxalq Ədalət Məhkəməsinə şikayət verə bilmək imkanlarına da toxunur. Bosniya və Herseqovinanın, eləcə də Xorvatiyanın Serbiyaya qarşı verdikləri şikayətləri örnək götürərək bunu mümkün sayır.

***Buna da bax-'Siyasi uzaqgörənliyin olmaması Xocalı hadisəsinə gətirib çıxırdı'

«Həmin şikayətlərdə soyqırımının hüquqi tanınmasına nail ola bilsəydik, Ermənistandan təzminat tələb edə bilərdik», – deyir. Amma faktiki baxımdan, bu da mümkün deyil, çünki nə Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin yurisdiksiyaını tanıyır, nə də Ermənistan:

«BMT-nin Təhlükəsizlik Şurasından Xocalı üçün ayrıca (ad hoc) cinayət məhkəməsinin yaradılması mümkün görünmür. Çox vaxt (26 il) itirdik. Belə şeyləri zamanında tələb etmək gərəkdir (isti-isti). Amma onda da dünyanın diqqəti keçmiş Yuqoslaviyaya və Ruandaya yönəlmişdi, orada daha böyük qırğınlar törədilirdi. Odur ki, Xocalıya görə məhkəmə quracaqları onda da inandırıcı görünmürdü. Bununla belə, cəhd etməyə dəyərdi. İndisə, dediyim kimi, çox gecdir».

E.Qədirlinin sözlərinə görə, Xocalıda baş verənlərlə bağlı Azərbaycan məhkəmələri də həbs qərarı çıxara bilər – həbs olunması istənilən adamları beynəlxalq cinayət axtarışına verməklə. Ancaq hesab edir ki, ölkə məhkəmələrinin dünyada reputasiyası çox aşağı olduğundan ədalətli mühakimə ehtimalı çox azdır və buna görə də «həbs etmək istədiyimiz adamları bizə verməyə bilərlər».

Xatırlatma

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib.

İşğal nəticəsində 613 nəfər dinc sakinin qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin isə itkin düşdüyü bildirilir.

Rəsmi məlumatda deyilir ki, istintaq nəticəsində 1693 şahid və 2548 zərərçəkmiş şəxs qismində olmaqla, 4241 nəfər dindirilib. 800-dən artıq müxtəlif ekspertizalar keçirilib.

Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalıda baş verənlərə münasibətdə hücumda iştirak edənlərin davranışını «müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər» kimi qiymətləndirib.

Üstündən 30 ilə yaxın vaxt ötən Xocalı hadisələri haqqında bu gün də bir çox mətləblər açıqlanmamaqdadır. Həmin hadisələrlə bağlı parlamentin təhqiqat komissiyasının sədri olmuş Ramiz Fətəliyev AzadlıqRadiosuna müsahibəsinə bu haqda danışarkən demişdi ki, o, «adi adamları şoka salacaq» məlumatları hələ də açıqlamır: «Hər bir ölkədə müddət var, bəzi işlərə görə 25 il, bəzi işlərə görə 50 il vaxt keçməlidir. Sağ qalanlara mənəvi zərbə dəyə bilər deyə, zaman lazımdır…Vaxt lazımdır. Bu, dünyada qəbul olunan praktikadır. Var, əlbəttə, deyilməyən şeylər var».

XS
SM
MD
LG