Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:03

Suriyada atəşkəsə tam əməl etməyə çağırırlar - YENİLƏNİB


Şərqi Qutada uşaqlar
Şərqi Qutada uşaqlar

Birləşmiş Ştatlar Qutada döyüşlərin və qətllərin davam etdiyini bildirir.

BMT Təhlükəsizlik Şurasının atəşkəs elan etməsinə baxmayaraq, Suriya rejimi, Rusiya və İrandan havadarlarıyla şərqi Qutaya hücumları davam etdirir. Rejim terrorçularla savaşdığını iddia edir, amma əvəzində yüz minlərlə dinc sakini hava zərbələri, artilleriya və raket zərbələriylə terrorizə etməkdədir”, – bunu ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert fevralın 26-da “Twitter”də yazıb.

Rejimin silah kimi xlor qazından istifadə etməsi mülki əhalinin əziyyətini daha da artırdı”, – yazan Nauert ötən həftəsonu Qutaya Suriya rejiminin kimyəvi silah hücumu iddialarına eyham vurub.

Rusiya BMT-nin atəşkəs qətnaməsinə uyğun öhdəliklərini yerinə yetirmək istəyirsə, bu əməliyyatları dayandıra bilər”, – o deyib.

Ağ evin sözçüsü Sarah Sanders də Suriyadakı əməliyyatlara “dərhal son qoymağa” çağırıb.

***

BMT Rusiyanı mühasirədə olan şərqi Qutadakı hərbi əməliyyatlarda gündəlik beş saatlıq fasiləni uzatmağa çağırır. Avropa Birliyi isə Rusiya, İran və Türkiyəni BMT-nin atəşkəs tələbini tam yerinə yetirməyə çağırıb.

Heç olmamaqdansa, beş saatlıq fasilə də yaxşıdır, amma əməliyyatlarda fasilə müddətinin uzadılmasını istəyirik”, – BMT-nin sözçüsü Stephane Dujarric fevralın 26-da deyib.

Rusiyanın müdafiə naziri Sergei Shoigu-nin fevralın 26-da deməsinə görə, prezident Vladimir Putin yeri vaxtla səhər 9-da günorta 2-dək “humanitar fasilə” elan edir. Rusiya xəbər agentliklərinə görə, bu fasiləyə fevralın 27-dən əməl olunacaq.

*** Buna da bax: Putin Qutada 'humanitar fasilələr' elan edir

Shoigu Qutadan dinc sakinlərin çıxmasından ötrü humanitar dəhliz açılacağını sözlərinə əlavə edib.

“HƏR DƏQİQƏ ORADA İNSANLAR HƏLAK OLUR”

Rusiyanın Suriyadakı rəsmisi Yury Yevtushenko fevralın 26-da deyib ki, Suriya hökumət qüvvələri beşsaatlıq fasilə zamanı heç bir hava zərbəsi gerçəkləşdirməyəcəklər.

BMT-nin Təhlükəsizlik Şurası fevralın 24-də qətnamə qəbul edərək Suriyanın münaqişə zonalarına yardım, tibbi ləvazimat çatdırılmasından ötrü “dərhal” 30 günlük fasilə tələb edib.

Son bir həftədə Suriya hökumət qüvvələri Dəməşq yaxınlığını bombalayır, fəallar 540-dan çox adamın öldürüldüyünü bildirir.

AB xarici siyasət rəhbəri Federica Mogherini Rusiya, Türkiyə və İranın atəşkəsə əməl olunmasında xüsusi məsuliyyət daşıdğını bildirib, çünki bu ölkələr Suriyada zorakılığın azaldılmasını hədəfləyən Astana prosesinin təminatçılarıdır.

“Hər şeydən öncə atəşkəsə əməl olunmalıdır. Gözlədiyimiz hər dəqiqə orada insanlar həlak olur”, – o söyləyib.

*** Buna da bax: Suriyada rusiyalı muzdlular necə həlak oldular

BMT sözçüsünün fevralın 26-da deməsinə görə, atəşkəs qətnaməsinin qəbul olunmasından keçən iki gün ərzində şərqi Qutada azı 30 dinc sakin öldürülüb. Burada 400 min nəfər yaşayır.

BMT baş katibi Antonio Guterres “Yer üzündəki cəhənnəmi dayandırmağa” çağırıb.

Rusiyayla İran Assad hökumətini dəstəkləyir. Türkiyə isə Suriyanın şimalında kürdlərin nəzarətində olan Afrin regionunda əməliyyatlar aparır. Həm Rusiya, həm də Türkiyə atəşkəsin “terrorçu qruplar”a aid olmadığını bildirib.

XS
SM
MD
LG