Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:00

'Qazdan zəhərlənmələr artdıqca, dövlət qurumları çiyinlərini çəkirlər'-Media icmalı


Korrupsiya
Korrupsiya

Ölkədə yüngül sənayenin vəziyyəti, korrupsiyaya ilə mübarizə, dəm qazından ölüm hallarının davam etməsi və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Böyük bəla»

«Exo» qəzetində «Azərbaycanda məişət korrupsiyasının kökü kəsildi, amma büdcə korrupsiyası unuduldu» sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkədə korrupsiyaya ilə mübarizənin səviyyəsini iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

«Azərbaycanda məişət korrupsiyası ilə mübarizə aktivdir, ASAN-xidmətin fəaliyyəti ilə bu korrupsiya növünün kökü demək olar ki, kəsilib. Amma büdcə korrupsiyası yüksək səviyyədə qalmaqda davam edir», - deyə ekspert vurğulayıb.

N.Cəfərli deyib ki, bir sıra dövlət qurumlarının xərcləmələrində şəffaflıq yoxdur və korrupsiya Azərbaycan xalqının əsas bəlalarından biridir:

«Bəzi dövlət sahələri var ki, korrupsiya həmişə yüksək səviyyədə olub. Hüquq-mühafizə orqanlarında, məhkəmə sistemində köklü dəyişikliklər edilməlidir. Gömrük, vergi sistemində bəzi müsbət hallar olsa da, onların fəaliyyətini tam şəffaf saymaq tezdir».

Ekspert vurğulayıb ki, ASAN-xidmətin fəaliyyətinə qədər məişət korrupsiyası 500-600 milyon manatı əhatə edirdi. Onun fikrincə, bu, büdcə korrupsiyası ilə müqayisəyə belə gəlməz.

Müəllif vurğulayıb ki, «Beynəlxalq Şəffaflıq» təşkilatının hesabatına görə, Azərbaycan korrupsiya səviyyəsi üzrə 2017-ci ildə 180 ölkə arasında 31 balla 122-ci yeri tutub.

Yazıda qeyd edildiyinə görə, «Şəffaflıq-Azərbaycan» təşkilatı son 6 ildə Azərbaycanın bu sahə üzrə reytinqdə 21 pillə irəlilədiyini, 2017-ci ildən iqtisadi və dövlət xidməti sahəsindəki islahatların buna müsbət təsir göstərdiyini bildirib.

Dəm qazı niyə bu qədər can alır: məmur, yoxsa vətəndaş biganəliyi?
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

Günahkar təkcə dəm qazıdır?

«Novoye Vremya» qəzetində «Qaz öldürməkdə davam edir» sərlövhəli yazı yer alıb.

Yazıda bildirilir ki, Azərbaycanda dəm qazından ölüm halları davam edir. Müəllif vurğulayıb ki, martın 4-də Sumqayıtın 5-ci məhəlləsinin 1811 saylı binasının zirzəmisindən yaşayış evi kimi istifadə edən 6-nəfərlik ailənin dəm qazından öldüyü bildirilir. Həmin 6 nəfərdən 3-ü uşaqdır.

Yazıda xatırladılır ki, ötən həftə dəm qazından «Femida 007» saytının redaktoru və hüquqşünas Əyyub Kərimovun da öldüyü açıqlanıb.

Müəllif obrazlı ifadələrlə yazıb ki, məişət qazından zəhərlənmələr artdıqca, dövlət qurumları «nə edək?» mənasında çiyinlərini çəkirlər: «Təbii ki, burada dövlət qurumlarının da, sayıqlığı itirən vətəndaşların da təqsiri var. Məsələn, martın 4-də Sumqayıtdakı faciənin qurbanları olan ailənin zirzəmidə yaşamalarına görə kim məsuliyyət daşıyır? Məlum olur ki, bu şəxslər Füzuli rayonundan köçkün düşənlərdir. Bəs «Qaçqınkom» hara baxırdı? Əgər mənzillərdə texniki təhlükəsizliyə əməl edilmirsə, zirzəmilər haqda nə danışmaq olar?».

Müəllif yazıb ki, hakimiyyətin müəyyən səbəblər üzündən qaçqın və məcburi köçkünlərin hamısını evlə təmin edə bilmədiyi aydındır, amma belə zirzəmilərdə yaşamaq növbəti faciələrə açılan birbaşa yoldur.

Yazıda vurğulanır ki, dəm qazından boğulmaların ilbəil artması şübhəsizdir. Müəllifin fikrincə, bu fövqəladə hallar bəzi məmurların öz vəzifələrinə məsuliyyətsiz, səhlənkar yanaşmasından irəli gəlir: «Paytaxtın bir çox rayonlarında artıq qaz cihazlarının yoxlanılması tədbirlərini unudublar. Digər tərəfdən, vətəndaşlar özləri də təhlükəsizlik qaydalarına əməl etmirlər, ildə bir dəfə təmizlənməsi məcburi olan bacaları təmizləmirlər».

Müəllif qazın keyfiyyəti məsələsini də gündəmə daşıyıb: «Başqa tərəfdən, mavi yanacağın aşağı keyfiyyətli olması da zəhərlənmələrin mənbələrindən biridir».

Yazıda bildirilir ki, bu günlərdə nəhayət, Energetika Nazirliyi nəzdində məişət qazının keyfiyyətinin yoxlanılması laboratoriyası yaradılıb. Müəllif ümid etmək istəyir ki, bu qurum keyfiyyətsiz qazdan zəhərlənmələri aradan qaldıra biləcək.

İ.Əliyev Mingəçevirdə tekstil zavodunun açılışında
İ.Əliyev Mingəçevirdə tekstil zavodunun açılışında

Regionun yüngül sənaye mərkəzi

«Azərbaycan» qəzetində «Regionun yüngül sənaye mərkəzi yaradılır» sərlövhəli yazıda ölkədə pambıq istehsalının artması və bunun yüngül sənayenin inkişafına mümkün təsirləri dəyərləndirilir.

Yazıda bildirilir ki, 2017-ci ildə ölkədə 207 min 395 ton pambıq toplanıb. «Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı»na əsasən, 2022-ci ilədək xam pambıq istehsalının 500 min tona çatdırılması nəzərdə tutulur.

Yazıda vurğulanır ki, pambıq istehsalı artımı emal sahələrinin yaradılmasını gündəmə gətirdi. Hazırda ölkədə illik istehsal gücü 24.6 min ton olan 6 iplik fabriki fəaliyyət göstərir:

«Bu günlərdə Mingəçevir Sənaye Parkında daha iki iplik istehsalı fabrikinin açılışı olub. Bu fabriklər parkın ərazisində 14.5 hektar sahədə yaradılan «Mingəçevir Tekstil» Məhdud Məsuliyyətli Cəmiyyətin müəssisələridir. Yeni fabriklərdə pambıq mahlıcından ildə 20 min ton müxtəlif iplik istehsalı nəzərdə tutulur. Beləliklə, Mingəçevirdə işə başlayan iki fabriklə birlikdə ölkədə iplik müəssisələrinin sayı 8-ə çatıb».

Müəllif yazıb ki, Mingəçevir Sənaye Parkının təməli 2016-cı ilin sentyabrında qoyulub. Parkda yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrik yaradılacaq.

Müəllifə görə, yeni müəssisələrin fəaliyyəti ilə Mingəçevir Sənaye Parkı Cənubi Qafqazın ən böyük yüngül sənaye parkına çevriləcək.

XS
SM
MD
LG