Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:41

Yol qəzalarının sayı niyə artır?


Ötən illə müqayisədə bu il yollarda qəzaların sayı təxminən 7 faiz artıb
Ötən illə müqayisədə bu il yollarda qəzaların sayı təxminən 7 faiz artıb
Ötən illə müqayisədə bu il yollarda qəzaların sayı təxminən 7 faiz artıb. Dövlət Yol Polisi İdarəsinin (DYPİ) rəsmi açıqlamalarına görə, bu ilin 10 ayı ərzində ölkədə 2600-ə yaxın qəza qeydə alınıb. Bu hadisələrdə də 814 nəfər dünyasını dəyişib, 3000 nəfərə yaxın adam isə xəsarət alıb.

DYPİ Mətbuat Xidmətinin rəhbəri Ərəstun Məcidov qəzaların böyük əksəriyyətinin sürücülərin hərəkət qaydalarını pozmasına görə yarandığını deyir. Onun sözlərinə görə, ən çox qeydə alınan qayda pozuntuları da sürücülərin maşını yüksək sürətlə idarə etməsi, sərxoş vəziyyətdə sükan arxasına keçməsi və ya yol nişanlarına məhəl qoymamalarıdır. Cənab Məcidov ölümlə nəticələnən qəzaların sayının artmasında istismar müddəti başa çatmış maşınların da az rol oynamadığını deyir: «Nasaz, 25-30 il istismarda olan maşınların iştirakıyla baş verən qəzaların ağırlıq dərəcəsi daha yüksək olur. Bu cür maşınlar sürücüyə ciddi təhlükə yaradır. Bəzən bu cür maşınlarla yüngül qəzalar belə ölümlə nəticələnir».


Ərəstun Məcidovun sözlərinə görə, polis yol qəzalarının qarşısının alınması üçün əlindən gələni edir.



«Nasaz, 25-30 il istismarda olan maşınların iştirakıyla baş verən qəzaların ağırlıq dərəcəsi daha yüksək olur. Bu cür maşınlar sürücüyə ciddi təhlükə yaradır. Bəzən bu cür maşınlarla yüngül qəzalar belə ölümlə nəticələnir»
Keçmiş polis Mahmud Hacıyev isə qəzaların artmasının səbəbini yol polisi əməkdaşlarının öz vəzifələrinə sayğısız münasibətində görür. Onun fikrincə, yol polisi hər şeydən əvvəl profilaktik tədbirlər görməlidir ki, baş verə biləcək qəzaların qarşısı alınsın: «İldən-ilə ölümlə nəticələnən qəzaların sayı artır. Profilaktik tədbirlər istənilən səviyyədə olsaydı, bu say azalardı. Demək polisin tədbirlər planı yoxdur».

Söhbət etdiyim sürücülər isə deyirlər ki, onlar daha çox səriştəsiz sürücülərin çoxluğundan əziyyət çəkirlər. Tıxaclar və piyadaların səhlənkarlığı da qəzaların sayının artmasına səbəb olur.


Səbəb səriştəsiz, cavan sürücülərdir. İşıqforlara, yol nişanlarına məhəl qoymurlar. Qaydaları daha çox cavan uşaqlar pozur.


Adamlar yeraltı keçidlərdən istifadə etmirlər. Qaydaları sürücülər də, piyadalar da pozur. Hər yol ayrıcında polis dayanmalıdır, mən onları görmürəm.


- Ən əsas səbəb tıxaclardır.


DYPİ sözçüsü Ərəstun Məcidovun fikrincə, sürücülərin qaydalara əməl etməmələrinin bir səbəbi də qayda pozuntularına görə, cərimənin miqdarının az olmasıdır. Onun sözlərinə görə, DYPİ gələn ildən cərimələrin miqdarının artırılması üçün təkliflər hazırlayıb Milli Məclisə təqdim edib. İdarə cərimələrin məbləğinin 8-10 dəfə artırılmasını təklif edir. Hazırkı cərimənin həddinə gəlincə isə, söhbətləşdiyim sürücülər bildirirlər ki, İnzibati Xətalar Məcəlləsində yol hərəkəti qaydalarının pozulmasına görə, cərimələrin miqdarı konkret deyil. Məcəllədə eyni qayda pozuntusuna görə, şərti maliyyə vahidinin 3 mislindən 20 mislinə qədər cərimə nəzərdə tutulur. Bu qədər geniş aralıqda cərimə kəsmək imkanı isə polis işçisiylə sürücülər arasında mübahisə, bəzən isə alver predmetinə çevrilir. Doğrudur, yol polisi əməkdaşlarının əməkhaqlarının qaldırılmasından sonra rüşvət hallarının azaldığı, Azərbaycanda korrupsiyaya dair hesabat hazırlayan əksər beynəlxalq təşkilatların sənədlərində də göstərilir.


XS
SM
MD
LG