Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 10:15

Dünya atom bombasını nə vaxtdan sevdi


ABŞ donanması dənizdə nüvə silahını sınayır. 1946
ABŞ donanması dənizdə nüvə silahını sınayır. 1946

«Dünya düzəni 2018» filminin martın 7-də efirə getmiş parçasında Rusiya prezidenti Vladimir Putin aparıcı Vladimir Solovyov-a hansı şəraitdə nüvə müharibəsinə başlaya biləcəyindən danışıb. Rusiyanın raket hücumunu önləmə sistemləri ölkə ərazisinə tuşlanmış raketlərin buraxılmasını qeydə alarsa, o da cavab raket zərbəsi haqda əmr verəcək. Putin bunun qlobal fəlakətə yol açacağını da anlayır. «Ancaq mən bir sual vermək istəyirəm: Rusiya olmayacaqsa, o dünya bizim nəyimizə lazımdır?», – Putin deyir.

30 saniyə

Yanvarın sonunda «Qiyamət günü saatı»nın əqrəbləri «nüvə gecəsi»nə 30 saniyə yaxınlaşdırılıb. Buna bənzər addım 1953-cü ildə də atılıb. O zaman sualtı hidrogen bombası ilk dəfə sınaqdan keçirilirdi.

Artıq hazırda hər şeyi məhv edə biləcək nüvə zərbəsini kimin və hansı şəraitdə endirəcəyini öyrənmək vaxtıdır.

Bir yaxşı xəbər odur ki, dünyada nüvə silahlarının ümumi həcmi azalmaqdadır. Stokholm Sülh Problemləri Araşdırma İnstitutunun (SIRPI) məlumatına görə, 2017-ci ilin əvvəlində dünyadakı doqquz nüvə dövlətinin ixtiyarında təqribən 4 min 150 operativ işə salına bilən nüvə başlığı olub. Nüvə başlıqlarının ümumi sayı 14 min 935-dir. Onların 93%-inə Rusiya və ABŞ nəzarət edir.

2016-cı ildə dünyada nüvə başlıqlarının sayı daha çox - 15 min 395 idi. Bu rəqəmi Soyuq müharibəni qızğın vaxtı, 1980-ci illərin ortalarında nüvə dövlətlərinin əlində olan 70 minədək nüvə başlığı ilə müqayisə edəndə insan nikbinləşir. Ancaq bu işin bir «əmma»sı var.

Naqasakiyə nüvə zərbəsi. 9 avqust 1945
Naqasakiyə nüvə zərbəsi. 9 avqust 1945

2 mindən artıq sınaq

Nüvə silahını təyyarələr, sualtı qayıqlar və yerüstü qurğular vasitəsilə atmaq mümkündür. Nüvə başlıqları müxtəlif mənzilli raketlərə yerləşdirilir. Bu gün Yer üzündə bu raketlərin çata bilməyəcəyi bölgə yoxdur.

Nüvə silahına əl atılarsa, milyonlarla insan, təbiət, ətraf mühit məhv olar. Belə bir hücumun mümkün fəsadlarının detallarını heç kim dəqiq bilmir. Soyuq müharibənin qızğın dövründə hesab edilirdi ki, SSRİ ilə ABŞ bir-birinə nüvə raketləri ilə zərbə endirsə, Yer üzündə həyat məhv olar.

Real müharibə şəraitində nüvə silahından iki dəfə istifadə edilib. 1945-ci il avqustun 6-sı və 9-u ABŞ Yaponiyanı təslim etmək üçün Hirosima və Naqasaki şəhərlərinə nüvə zərbəsi endirib. O zaman ABŞ istəyinə nail oldu - bu partlayışların fəlakətli nəticələri Yaponiyanı təslim olmağa məcbur etdi. O zamandan dünyada həmin bombalardan qat-qat güclü nüvə silahlarının 2 mindən artıq sınağı həyata keçirilib.

Hazırda dünyada doqquz dövlət nüvə silahına malikdir: ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya, İsrail. Bu dövlətlərin heç biri yaxın gələcəkdə nüvə silahından imtina etməyə hazır deyil. Onların istisnasız olaraq hər biri öz nüvə potensialını modernləşdirmək və inkişaf etdirmək istiqamətində iş görür.

Putin ölkəsinin heç kimdə olmayan silahlar icad elədiyini deyir
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

İsrailin sirri

Nüvə dövlətlərinin arasında ən sirlisi İsraildir. İsrail heç zaman nüvə silahına malik olmasını təsdiq, yaxud inkar etməyib. Ancaq o, bilərəkdən nüvə silahlarının yayılmaması haqda sazişə də qoşulmayıb.

Ümumiyyətlə, İsrailin, sadəcə, nüvə silahına deyil, strateji nüvə triadasına (nüvə silahlarını atmağa qadir aviasiya, qitələrarası ballistik raketlər və atom sualtı raketdaşıyanları) malik olub-olmaması Pilişinel sirri (açıq, hamının bildiyi sirr) olaraq qalmaqdadır.

İranın nüvə proqramını inkişaf etdirmək cəhdləri hər dəfə İsrailin döyüşkən ritorikadan tutmuş, bilavasitə İranın nüvə proqramının inkişafını önləmək cəhdlərinə qədər hər cür mənfi reaksiyası ilə üzləşir. Bugünədək İran nüvə alimlərinin kütləvi qətli və kompüter sistemlərinin virusa yoluxması işində İsrailin rolunun olub-olmaması bəlli deyil.

Bu gün insanlar 1980-ci illərdəki kimi nüvə bombasından qorxmasalar da, «Bulletin of Atomic Scientists» jurnalının məlumatına inansaq, hazırda nüvə müharibəsi riski son 65 ildə ən yüksək həddə çatıb.

XS
SM
MD
LG