Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:03

Britaniya parlamentində 'Putinin gizli sərvətini' faş etmək çağırışları səslənir


Theresa May
Theresa May

Britaniya parlamentinin Xarici İşlər Komitəsinin hakim mühafizəkarlar partiyasından olan sədri baş naziri “imkanında olan bütün alətlərdən istifadə etməklə Rusiya prezidenti Vladimir Putinin və ailəsinin gizli sərvətinin aşkarlanmasına” çağırıb.

“The Independent” yazır ki, parlamentdə baş nazir Theresa May-in Britaniyada “kimyəvi maddə ilə hücum” barəsində verdiyi bəyanatın ardınca çıxış edən Tom Tugendhat Putini ifşa etməyin son dərəcə mühüm olduğunu vurğulayıb.

Bundan əvvəl müxalif liberal-demokratların lideri lord Vince Cable ümumiyyətlə Britaniya yurisdiksiyasında saxlanan “bütün izahsız sərvətlərin” açıqlanmasını təklif etmişdi.

Baş nazir Theresa May bu kimi təklifləri təqdir etdiyini deyib, lakin bildirib ki, belə addımlar qanunun aliliyi çərçivəsində atılmalıdır.

Britaniyanın Rusiyaya cavabı - 23 diplomatını qovur

Britaniya Rusiyanın 23 diplomatını ölkədən çıxarır. Onlara Britaniyanı tərk etməyə bir həftə vaxt verilib. Bu bəyanatla baş nazir Theresa May çıxış edib.

May bunun son 30 ildə rusiyalı diplomatların Britaniyadan ən irimiqyaslı çıxarılması adlandırıb, bunun bir neçə il Rusiyanın bu ölkədəki kəşfiyyat imkanlarını azaldacağını bildirib.

May onu da qeyd edib ki, Rusiyayla planlaşdırılan bütün yüksək səviyyəli ikitərəfli təmaslar təxirə salınacaq, Britaniya nazirləri, kral ailəsi bu yay Rusiyada futbol üzrə Dünya Çempionatına getməyəcək.

Baş nazir Rusiyanın xarici işlər naziri Sergei Lavrov-a səfər dəvətinin ləğv olunduğunu bildirib.

Rusiyanın dövlət aktivləri Britaniya vətəndaşları və rezidentlərinin həyatına və əmlakına qarşı istifadə oluna biləcəyinə dəlil olduğu halda dondurulacaq”, – May bildirib.

May deyib ki, keçmiş agent Sergei Skripal və qızına “sui-qəsd cəhdinin arxasında Rusiya dövlətindən başqa birisinin durmasına dair alternativ qənaət yoxdur”

***

Bu gün – martın 14-də Britaniyanın baş naziri Theresa May-in Rusiyaya qarşı addımları açıqlayacağı gözlənir. Moskva onun üçün qoyulmuş son tarixi gözardı edərək Britaniyada rusiyalı keçmiş casusun zəhərlənməsində Soyuq Müharibə dövründə hazırlanmış sinir qazından necə istifadə olunduğunu açıqlamayıb.

Birləşmiş Ştatlar, Avropa Birliyi və NATO Britaniyaya dəstək bildiriblər. May daha öncə deyib ki, keçmiş casus Sergei Skripal və qızının zəhərlənməsinin arxasında Rusiyanın durması ehtimalı böyükdür. Onlar Novichok adlı sinir qazları qrupuna daxil kimyəvi maddəylə zəhərləniblər. Bu maddə sovet hərbisi tərəfindən hazırlanıb.

*** Buna da bax: Keçmiş casusun zəhərlənməsi Putin-in nəyinə lazımdı

“ƏSASSIZ” İTTİHAMLAR

May Moskvaya martın 13-ü gecəyarısını son tarix qoymuşdu, bu sinir qazının İngiltərəyə necə gəlib çıxmasının izahatını istəmişdi. O, cavab kimi bir sıra iqtisadi və diplomatik addımların nəzərdən keçirildiyini deyib.

Baş nazirin milli təhlükəsizlik şurasının iclasını keçirəcəyi, daha sonra parlamentdə brifinq verəcəyi gözlənir.

Rusiya prezidenti Vladimir Putin-in sözçüsü isə bir daha Moskvanın zəhərlənmə hadisəsinə bağlılığı olmadığını, “əsassız” ittihamları və ultimatumları qəbul etməyəcəyini bildirib.

Sözçü Dmitry Peskov ümidini bildirib ki, Londonun atacağı istənilən addım “sağlam məntiq”ə söykənəcək. O, Moskvaya qarşı hərəkətlərə reaksiya veriləcəyi bağlı xəbərdarlıq da səsləndirib.

*** Buna da bax: Rusiya keçmiş casusun zəhərlənməsiylə bağlı 'sualları cavablandırmalıdır'

Rusiyanın Londondakı səfirliyi də bildirib ki, şübhəli zəhərli maddənin nümunəsini əldə etməyincə Britaniyanın ultimatumuna cavab verməyəcəklər.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Moskvada jurnalistlərə deyib ki, “Rusiya günahsızdır”.

“BUNU ANCAQ DÖVLƏT EDƏ BİLƏR”

Britaniya polisinin bildirməsinə görə, Sergei Skripal və qızı Yulia-nın zəhərlənməsi üzrə istintaq bir neçə həftə çəkəcək və istintaq çərçivəsində kimisə müəyyənləşdirməyə hazır deyillər.

Solsberi şəhərində skamyada huşsuz vəziyyətdə tapılan ata-bala ağır durumda xəstəxanadadır.

Sovet dövründə bu sinir qazının hazırlanmasında iştirak etmiş, hazırda Birləşmiş Ştatlarda yaşayan rusiyalı kimyaçı deyir ki, belə bir ölümcül zəhərli maddəylə hücumu yalnız Rusiya hökuməti gerçəkləşdirə bilərdi.

*** Buna da bax: Londonda Berezovsky-nin dostunun ölümünü araşdırırlar

83 yaşlı Vil Mirzayanov-un sözlərinə görə, Rusiya Novichok ehtiyatı üzərində sərt nəzarətə malikdir və bu maddə o qədər mürəkkəbdir ki, dövlətdən başqa oyunçu ondan silah kimi istifadə edə bilməz.

Kreml bütün cinayətkarlar kimi, həmişə təkzib edir, bu, heç nə demək deyil”, – “Reuters” agentliyi kimyaçıya istinadla yazır. Agentlik ondan Nyu Cersidə, Prinstondakı evində müsahibə alıb.

XS
SM
MD
LG