Noyabrın 24-də saat 15:35-də Radio Yayım Tezliklər İdarəsinin əməkdaşları və Çevik Polis Alayının nümayəndələri ANS Şirkətlər Qrupunun ofisinə gələrək, sputnikə çıxan xətti ayırdılar. ANS-in prezidenti Vahid Mustafayev və vitse-priezident Mirşahin Ağayev jurnalistlərə bildirdilər ki, onlar heç nəyə etiraz etmirlər və məsələ ilə bağlı məhkəməyə müraciət edəcəklər. ANS rəsmiləri ofisin bütün otaqlarının gələn nümayəndələr üçün açıq olduğunu bildirdər. Vahid Mustafayev dedi ki, onlara Milli Tele Radio Şurası tərəfindən əvvəlcədən heç bir müraciət daxil olmayıb: «Bizə heç bir rəsmi məktub gəlməyib, yalnız bir saat əvvəl bildiriblər ki, Radio Tezliklər İdarəsi gəlib efiri dayandıracaq». Məsələnin hüquqi yolla həlli tərəfdarı olduğunu deyən cənab Mustafayev həmçinin ölkə prezidentinə də müraciət etdi və nə baş verdiyini başa düşmədiyini söylədi.
ANS şirkətinin səhmlərinin kimlərə mənsub olması məsələsinə aydınlıq gətirən Vahid Mustafayev dedi ki, onların adının hər hansı qruplaşma ilə bağlanması düzgün deyil və şirkətin mülkiyyəti yalnız üç nəfərə - Vahid və Seyfulla Mustafayevlərə və Mirşahin Ağayevə məxsusdur.
Vahid Mustafayev şirkət əməkdaşlarının iclasını keçirdi və onları ruhdan düşməməyə, işlərini davam etdirməyə çağırdı.
Radio Yayım Tezliklər İdarəsinin rəsmisi jurnalistlərə bildirdi ki, onlar qərarı icra edirlər və şirkətin fəaliyyətinin dayandırılması müvəqqəti haldır.
ANS Şirkətlər Qrupunun qabağına adamlar toplaşmaqdadır. KİV təmsilçiləri, tamaşaçılar, ictimaiyyət nümayəndələri şirkətin binası qarşısına gəlməkdə davam edirlər.