Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:08

General oğlu da saxtakarlıqdan şikayətlənir


Arxiv fotosu
Arxiv fotosu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general Novruzəli Orucovun oğlu Rüstəm Orucov ona verilmiş 4 il 6 aylıq həbs cəzasını ədalətsiz sayır və onun dəyişdirilməsini istəyir. Bakıda 85 saylı marşrut avtobusunun sürücüsünü döyüb təhqir etməkdə suçlanan general oğlu və hadisə vaxtı onunla birlikdə olmuş iki dostu barələrindəki hökmdən apellyasiya şikayəti verib. Binəqədi Rayon Məhkəməsinin hökmü ilə R.Orucovun dostları Kənan Vəliyev və Pərviz Abbasovun hər biri 1 il 6 ay azadlıqdan məhrum edilib.

Martın 29-da Bakı Apellyasiya Məhkəməsində onların işinə baxılarkən general oğlunun vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov saxtakarlıqdan şikayətləniblər. Vəkillər bildiriblər ki, birinci instansiya məhkəməsində protokollar saxtalaşdırılıb, verilən ifadələr təhrif olunub. Ona görə də bir neçə şahidin və zərərçəkmişin – avtobusun sürücüsü, 36 Sənan Səmədovun yenidən dindirilməsini istəyiblər. Hakimlər bu vəsatətə aprelin 5-də keçiriləcək növbəti məhkəmədə münasibət bildiriblər.

R.Orucov bu olaydan xeyli əvvəl sürücülük hüququndan məhrum olunub. Hadisə vaxtı da "BMW” markalı, 10-OG-300 dövlət nömrə-nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib.

İttihamda yazılıb ki, avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna görə onunla avtobus sürücüsü arasında mübahisə yaranıb. 21 yaşlı Orucov S.Səmədovun idarə etdiyi avtobusu 8 dayanacaq təqib edib, ona çatanda isə sərnişinlərin qarşısında sürücünü döyüb. İş materiallarında yazılıb ki, Orucovun dostları da bu prosesdə iştirak edib.
Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham verilib.

Amma R.Orucov və dostları özlərini təqsirli bilmir. Generalın oğlu məhkəmədə deyib ki, sürücü onları təhqir edib.

R.Orucov 2014-cü ildə də piyadanın öldüyü yol qəzası törətməyə görə cinayət məsuliyyətinə cəlb olunub. Ona məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 4 il həbs cəzası verilib. 2016-cı ildə isə şərti cəza ilə əvəzlənib.

Sürücünün döyülməsi haqda videogörüntülər yayılandan sonra R.Orucov həbs olunub, atası N.Orucov isə vəzifədən azad edilib.

XS
SM
MD
LG